32 il sonra…        

               

Birinci Qarabağ müharibəsində itkin düşən və 32 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən şəhidimiz Rüstəmov Cəlal Əbdülhəkim oğlu ilə vida mərasimi keçirilib. Şəhid İsmayıllı rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mahmud Süleymanov, Millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib. Hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib, daha sonra yaylım atəşi açılıb.

Şəhidin ailə üzvləri uzun illər işğal olunmuş torpaqlarımızın azad edilməsini, şəhid Cəlal Rüstəmovun nəşinin tapılmasını və şəhidlik zirvəsinə layiq şəkildə dəfn edilməsini yüksək dəyərləndirərək, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Çıxışlardan sonra şəhidlərimizin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Şəhidin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

Bildiririk ki, Rüstəmov Cəlal Əbdülhəkim oğlu 9 aprel 1965-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olub.

Orta təhsilini İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Bakı Neft Kimya Texnikumuna qəbul olub. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəlal Rüstəmov Moskva şəhərində hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycana qayıdıb. Təhsilini neft sahəsində aldığı üçün mütəxəssis kimi Tümen vilayətinə göndərilib. Cəlal Rüstəmov Tümen vilayətinin Novıy-Urenqoy şəhərində neft mühəndisi, sonralar isə baş mühəndis kimi çalışıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı baş vermiş Xocalı soyqırımı Qarabağ müharibəsinin əsas dönüş nöqtələrindən bir hesab olunur. Bu hadisədən sonra Azərbaycanda və ölkədən kənarda (xüsusi ilə Rusiya və Ukraynada) yaşayan onlarla azərbaycanlı könüllü döyüşmək üçün ordu sıralarına yazılıb. Xocalıda baş verən dəhşətlərdən təsirlənən Cəlal Rüstəmov da Novıy Urenqoy şəhərindəki əmək fəaliyyətinə son verərək Azərbaycana qayıdıb. Cəlal Rüstəmov artıq mart ayında könüllü batalyonların tərkibində kəşfiyyatçı kimi döyüşürdü.

1992-ci ilin 14 sentyabr tarixində kəşfiyyat əməliyyatında olan zaman Cəlal Rüstəmov Ağdərə rayonunun ərazisində itkin düşmüşdür. Həmin tarixdən etibarən taleyi naməlum idi.

1989-cu ildə ailə həyatı qurmuş Cəlal Rüstəmovun bir qız və bir oğul övladı yadigar qalıb.

Allah şəhidlərimizə rəhmət eləsin.

 

 

Şərh Yaz