Ölüm, Əllilik və Yığımdan RİSKLİ TƏMİNAT – Həyat Sığortası

 

“İllərdir ki, bank mənə birinci qrup gözdən əlil olduğum üçün kredit vermirdi. Baxmayaraq ki, normal pensiya təqaüdüm və müəllimlik fəaliyyətim var, ancaq risk qrupuna daxil olan şəxs kimi istehlak kreditlərindən yararlanıb övladıma ev ala bilmirdim. Burda etibarnamə və zaminlik də ciddi problem yaradırdı. Həyat Sığortası ilə bağlı yenilik diqqətimi cəlb etdi”

61 yaşlı Bakı sakini Famil Hacısoy birinci qrup görmə əngəlli şəxs kimi artıq Mərkəzi Bankın qanunvericilik aktlarında dəyişikliklərlə bağlı 16 may 2024-cü il tarixli qərarını eşidcək əlliliyi olan şəxs kimi könüllü həyat sığortasından yararlanmaq niyyətindədir. Tək Famil Hacısoy deyil, ölkədə yarım milyondan artıq əlliliyi olan şəxs bu problemdən az ya çox əziyyət çəkir. Həyat sığortasına zamanla edilən dəyişiliklər onun əhali arasında tanıtımını və  əlçatanlığını təmin edir.

 

 Həyat sığortası və təminatları nədir?

 

Təbiətən insan həyatı  bədbəxt hadisələrdən və xoşagəlməz hallarda yaşayacaq maddi çətinliklərdən  sığortalı deyil. Dünyada və Azərbaycanda tətbiq olunan Həyat Sığortası isə məhz bunun üçün nəzərdə tutulub.

Həyat Sığortası sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta növüdür.

Həyat Sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və ya onun varisinə ödənilir. Sığortaçı bütün riski təhlil edərək həm sığortaolunanın, həm də özünün (şirkətin) maraqlarını qoruyur. Sığortaolunan üçün isə xeyir onun üçün yarana biləcək bədbəxt hadisələr nəticəsində dəymiş ziyanın ödənilməsini təmin olunması və qarşılaşacaq maddi çətinliyin aradan qaldırılmasıdır. Həyatın Yaşam Sığortasında hətta maddi yığım da nəzərdə tutulur.

Həyat sığortası icbari və könüllü olaraq iki qrupa ayrılır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari həyat sığortası işçilərin sosial müdafiəsinin mühüm aspektidir. Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyir ki, bu sığorta növü,  iş yeri ilə bağlı insidentlər səbəbindən işləyə bilməyən şəxslərin və ya iş zamanı baş verən qəza hallarında yarana biləcək əlillik halları zamanı maddi dəstək və tibbi yardım almasını təmin edir.

“O, sığortalının iş prosesində əlillik halları ilə qarşılaşması zamanı birdəfəlik kompensasiya təklif edir, zərərə məruz qalan şəxslərə və onların ailələrinə gəlir itkisinin öhdəsindən gəlməyə kömək edir. Maliyyə faydalarından əlavə, icbari sığorta peşə fəaliyyəti zamanı baş verən xəsarət almış və ya əlil qalmış işçilər üçün tibbi sığorta və reabilitasiya xidmətləri müddəalarını da əhatə edir. Bu, onların sağalmalarına və nəticədə işə qayıtmalarına kömək etmək üçün lazımi tibbi müalicə, reabilitasiya proqramları və dəstək xidmətlərinə çıxış əldə etmələrini təmin edir”

 

 Könüllü Həyat Sığorta  növləri və risklərə dair əhəmiyyəti

 

Ölkəmizdə sovet dönəmindən tətbiq olunan Həyat Sığortasına 2011-ci ildən xüsusi maraq yaranıb. Hazırda beş həyat sığortası şirkəti tərəfindən icra olunan Həyat Sığortasının könüllü növlərinə maraq da artır.

Həyatın Ölüm Anından Sığortası – müəyyən edilmiş müddətdə sığorta olunanın öldüyü halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Məsələn, əgər sığorta müqaviləsi beş il müddət müəyyən edilmişdirsə, həmin müddətdə sığorta olunan öldükdə, faydalanan şəxs sığorta ödənişi alacaqdır. Sığorta olunan bu müddət başa çatdığı anda yaşadığı halda, sığorta müqaviləsi başa çatır və heç bir ödəniş verilmir.

Annuitet Sığortada isə sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda onun xeyrinə pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Bu əhali arasında pensiya kimi tanınan sığorta təminatıdır.

Əmək Qabiliyyətinin İtirilməsi Hallarından Sığorta – sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutur.

Sağalmaz Xəstəliklərdən Sığorta – Xərçəng; Miokard infarktı; İnsult; Terminal böyrək çatışmazlığı; Tac arteriyaların cərrahi yolla müalicəsi; Həyati əhəmiyyətə malik orqanların köçürülməsi kimi xəstəlikləri əhatə edir. Bu sığorta nə tibbi sığortanı əvəz edir, nə də ki, təkrarlayır. Sığortanın bu növü üzrə sığorta hadisəsi baş verdiyi halda, sığortalıya ödənilmiş sığorta məbləğinin məhz hansı xərclər üzrə sərf edilməsi ilə bağlı heç bir hesabat tələb olunmur və sığorta müqaviləsi bağlamaq üçün sağlamlığı təsdiq edən əlavə sənədə ehtiyac yoxdur.

Həyatın Yaşam Sığortası isə könüllü həyat sığorta növləri arasında yığımına görə daha çox tələb olunan və çox sığorta haqqı ödənildiyinə görə  bahalı növdür. Bu sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Yəni, əgər sığorta olunan müqavilədə nəzərdə tutulmuş müddətin sonuna qədər yaşayarsa, o, müqavilədə nəzərdə tutulmuş sığorta məbləğdə (sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin ifadə olunduğu son hədd) sığorta ödənişi alacaqdır. Yox, əgər o, bu müddət ərzində ölərsə, sığorta məbləği faydalanan şəxsə (bir qayda olaraq, onun varisinə) ödəniləcəkdir.

Həyat Sığortası insan həyatı və onun sağlamlığı ilə bağlıdır ki, nəticədə bu da iqtisadi və sosial təminatına dəstək amaclıdır.

Ekspert İlkin İbrahimov qeyd edir ki, Həyatın Yaşam  Sığortası könüllü şəkildə həyata keçirilsə də rəsmi iş yerinin olması şərtdir. İcbari növ həyat sığortasından fərqli olaraq burda sığortalının  əməkhaqqısı da yüksək olmalıdır.

“Mərkəzi Bankın aylıq və illik statistikasına nəzər yetirəndə həyat sığortası ən çox yığımı olan sığortadır. Rəsmi iş yeri olan işçilər Həyatın Yaşam Sığortasından yararlana bilər. Burda müqavilə üçtərəfli nəzərdə tutulur. İşçi, iş sahibi və sığorta şirkəti. Üçtərəfli razılıq əsasında Həyatın Yaşam Sığortası gerçəkləşir. İşçi əməkhaqqının 50 faiz hissəsini Vergilər Məcəlləsinə əsasən Həyatın Yaşam Sığortasına aid edə bilər. Burda üç yaxud beş il müddətinə toplanan yığım sığortalıya geri qayıdır. Əgər sığorta hadisəsi baş verərsə, yəni ya ölüm hadisəsi, ya əlillik dərəcəsi faktı qeydə alınarsa kompensasiya ödənilir. Könüllü növ sığortanın yığımı daha çoxdur. Həyat Sığortasının  icbari növünə isə istehsalatda baş verən bədbəxt hadisələr əhatə etdiyindən  buna da Əmək Müfəttişliyi nəzarət edir. Hər bir rəsmi əmək  müqaviləsi olan şəxsin mütləq İcbari Həyat sığortası olmalıdır. Könüllü Həyat Sığortasında isə daha  yüksək əmək haqqısı olan vətəndaşlar bununla bağlı özlərinin əməkhaqqısının 50 faizini könüllü Həyatın Yaşam Sığortasına təqdim edirlər. Burda əsas məqam iş sahibinin razı olub olmaması şərtdir. Bu sığortanın müsbət tərəfi odur ki, sığorta hadisəsi olsa da, olmasa da sığortalı ödədiyi məbləği müddətin sonunda götürür. Sığorta hadisəsi olsa da özünə  yaxud varisinə ödənilir”

 

 “Daha çox yığım, daha çox ödəniş

 

Ekspert onu da bildirir ki, Həyat Sığortasının daha çox məşhur olmaması bu sığortanı həyata keçirən şirkətlərinin xeyli müştərisinin olması ilə bağlıdır. Ekspert onu da, əlavə edir ki, yalnız rəsmi əmək müqaviləsinə deyil, zamanla xidməti müqaviləsi olanlara da tətbiq olunarsa sığorta imkanlarından yararlanan artar. Nəticədə daha çox yığım, daha çox ödəniş  olar.

“Həyat Sığortası barədə az bilgi daha çox reklam olunmaması ilə bağlıdır. Əgər işçilər çox əməkhaqqı alırsa həyat sığorta şirkətləri özləri yaxınlaşıb rəhbərliklə danışaraq təkliflərini sürür və razılığa gəlinir. Bu şirkətlərin kifayət qədər müştərisi var. Dövlət strukturlarında özəl sektora nisbətən az əməkhaqqından dolayı qeyri dövlət orqanlarında həyat sığortası müqaviləsi çox bağlanılır. Yaxşı olardı ki, tək rəsmi müqavilə ilə deyil, xidməti müqavilə ilə də çalışan işçilərə şamil olunsa həm çox sığorta yığımı olar, həm də sığorta ödənişləri artar”, – deyə sığorta məsələri üzrə  ekspert digər qrup işçilərin də bu sığortadan yararlanmasını önəmli hesab edir.

İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın Həyat Sığortası sahəsinə yeni tənzimləyici qaydaları gətirməsini müsbət hal kimi qeyd edir.

Onun sözlərinə görə bu kredit risklərinin minumumlaşdırılmasına və kredit faizlərinin aşağı düşməsinə xidmət edəcək.

“Yeni qaydaların əsas tələblərindən biri bank müştərilərinə istehlak kreditlərinin təqdimi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Nəzərə alsaq, sığorta müqaviləsinin olmaması səbəbindən borclanan dünyasını dəyişən zaman krediti onun vərəsəsi, yəni ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdılar. Bu isə əksər hallarda ailə üzvləri üçün əlavə maliyyə yükü formalaşdırırdı ki, bu da sosial baxımdan arzu olunan deyildi. Yeni qaydalar həmçinin əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq. Belə ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub. Borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması isə şəffaflığın gücləndirilməsinə xidmət edəcək. Həmçinin  risklərin sığortalanması istehlak kreditləri üzrə faizlərin azalmasına səbəb ola bilər”

Risk qrupuna daxil şəxslərlə bağlı sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov isə sığorta şirkətlərinin xüsusi güzəştinin olmadığını, sadəcə şərtlərdə onların da vəziyyətini nəzərə alacaq “yumşalma” aparıldığını  qeyd edir.

“Risk qrupuna daxil şəxslərlə bağlı məsələdə sığorta şirkətlərinin güzəşti yoxdur. Sadəcə zaminliyin bir hissəsinin ölüm faktı və insan sağlamlığının müəyyən edilmiş faiz göstəriciləri daxilində itirilməsi ilə bağlı məsələlərdə yumşalma gedib. Yəni bir növ sığorta şirkətləri qazanacaq və banklar problemli məsələlərini  həll edəcəklər. Sığorta hadisəsi baş verərsə ölüm və əllilik faktı qeydə alınarsa sığorta şirkətləri bunun müəyyən qismini yaxud tam ödənilməsini üzərinə götürür. Burda əlillik dərəcəsi olan və yaşlı qrupa aid şəxslər yenə risk qrupundadır. Bunlar daha çox sığorta haqqı  ödəyəcək, ancaq sığortalanacaq. Bu kredit sığortası da könüllü olacaq. Diqtə edən banklardır. Qeyri rəsmi olaraq məcburidir, rəsmi olaraq könüllü xarakter daşıyır”

Günel Sabirqızı

 

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir