Vətən vicdanlı oğulları ilə tanınır
Müharibə veteranı, baş leytenant Eyvaz Səlimov yaşasaydı may ayının 19-da 60 yaşı tamam olacaqdı.
Ömrünü-gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr etmiş hər kəs vətənin xoşbəxt vətəndaşıdır. Belə Vətən təəssübü çəkən oğlanlardan biri də DİN-in Daxili Qoşunların hərbi hissələrində şərəfli hərbi xidmət yolu kecmiş baş leytenant Səlimov Eyvaz Əlirza oğlu idi. O, 1964-cü ilin may ayının 19-da İsmayıllı rayonunun Minkə kəndində zəhmətkeş ailədə anadan olumuşdur. 2022-ci ilin dekabr ayın 24-də Bakı şəhərində vəfat etmiş, İsmayıllı rayonunun Minkə kəndində dəfn edilmişdir.
Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etmiş, daim həyatın bütün çətinliklərdən üzüağ və alınıaçıq çıxan, xalqına, ailəsinə bağlı gözəl insan Eyvaz Səlimov 1981-ci ildə İsmayıllı rayonunun Minkə kənd orta məktəbini, 1986-cı ildə Bakı Politexnik Texnikumunu, 1997-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən tədris mərkəzində ixtisas artırma kursunu bitirmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim – metodiki toplanışlarda, müvafiq kurslarda, xüsusi – taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Əsl vətəndaşlıq mövqeyi ilə seçilən, xeyirxah insan baş leytenant Eyvaz Səlimov 1983-1985-ci illərdə Sovet Ordusunda Kemerovo vilayətinin Belovo şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1986-1987-ci illərdə təyinatla Dağıstan Respublikasında qaynaq işi üzrə mühəndis konstruktor, 1988-1991-ci illərdə Azərbaycanda Tikinti-Quraşdırma İdarələrindən birində qaynaqçı vəzifəsində işləmişdir.
Əhatəsində olan insanların, döyüşçü və iş yoldaşlarının hörmətini qazanan, dostlarına, iş yoldaşlarına və yaxın qohumlarına isti münasibətdə olan Eyvaz Səlimov 1992-1998-ci illərdə Daxili Qoşunların Nərimanov rayonunda yerləşən alayında qarovul rəisi, əlahiddə təminat və xüsusi təynatlı taqım komandiri, bölük komandiri və alayın əşya xidməti rəisi vəzifələrində çalışmışdır.
Eyvaz Səlimov “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə üzrə, xəstəliyinə görə (2-ci qrup hərbi əlil kimi) ehtiyata buraxılmışdır.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq yaradan mərhum Eyvaz Səlimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti Nizamnamələrinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı dəstələrin axtarış və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. O, müharibə veteranı idi.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi, döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir çox Fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, əlaçı döş və yubiley nişanları ilə mükafatlandırlmış, təşəkkürlər qazanmışdır.
Hal-hazırda haqq dünyasında olan Eyvaz Səlimovun əziz xatirəsi onu tanıyanlar tərəfindən daim hörmətlə xatırlanır və yad edilir. Vətən belə vicdanlı oğulları ilə tanınır!
R.Aslanov