Müəllimlər müəllimi     

 

Gəl, ey rahət canan əsbab cəmin qılma nadanlıq,

Fəriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultanlıq.

Məhəmməd Füzuli

 

Saleh müəllimlə görüş keçiriləcəyi barədə xəbəri şəhərin mərkəzi meydanında vurulmuş bir elandan oxudum. Və təbiidir ki, elə həmin andaca tərəddüd etmədən bu görüşdə iştirak etmək qərarına gəldim. Bunun bir neçə səbəbi vardı. Əvvəlincisi odur ki, Saleh müəllim necə deyərlər “maraqlı adamlar silsiləsindən olan şəxsiyyətlərdəndir”. İkincisi odur ki, Saleh müəllim – müəllimdir, yəni sözün əsl mənasında müəllimdir. Yox, o təkcə müəllim deyil, həm də müəllimliyin etalonudur – müəllimlər müəllimidir. Üçüncüsü ona görə ki, Saleh müəllim bir vaxt mən Müdri kənd 7-illik məktəbinin birinci sinfində oxuyanda məktəbimizin direktoru olub. Saleh müəllimlə görüşdə iştirak etmək istəyimin 4-cü, 5-ci, 6-cı və sair səbəbləri də ola bilərdi.

Görüş RXTŞ-nin iclas zalında keçirilirdi. Zalda görüşə dəvət olunanlardan başqa, yəqin ki, elanı təsadüfən oxuyub gələn Saleh müəllimin vurğunları da az deyildi.

Əvvəlcədən yəqin etdiyim kimi, bu görüşdən heç nə ilə müqayisə oluna bilməyən bir mənəvi zövq aldım, həm də ona görə ki, çıxış edənlərin Saleh müəllim haqqında söylədikləri bir-birindən maraqlı və dəyərli fikirlər ürəyimdən idi.

İkincisi ona görə ki, Saleh müəllimlə bağlı hər bir epizod şirin bir nağıl, hikmətli bir deyim kimi maraqlı, məzmunlu və bir az da məzəli idi (Hərçənd eşitdiyimə görə, Saleh müəllim özü haqqında söylənən və bir çoxu uydurma olan rəvayətləri eşitməyi xoşlamır). Üçüncüsü də ona görə ki, Saleh müəllimin özünə söz veriləndən sonra, mənə elə gəldi ki, şagirdəm və sinifdə əyləşib Saleh müəllimin dərsini dinləyirəm. Və həqiqətən də, deyəsən, elə onun söhbəti bir dərs saatı qədər çəkdi və “zəng vaxtı” yaxınlaşanda söhbətini tamamladı. Görünür, neçə ildir təqaüddə olsa da saatsız vaxtı bölüşdürmək vərdişini yadırğamayıb.

Görüşdə 25 nəfərdən çox çıxış edən oldu və bunların əksəriyyəti Saleh müəllimin keçmiş şagirdləri idi. Təbiidir ki, nə çıxışçıların hamısının adlarını çəkməyə, nə də onların maraqlı söhbətlərini qələmi almağa imkan var. Amma bəzi çıxışların hərəsindən bir neçə cümləni xatırlamaq yerinə düşərdi.

RXTŞ-nin müdiri Baba müəllim Bayramov hələ görüşü açanda qeyd etdi ki, bu görüş Saleh müəllimin pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə təşkil olunub və gələn il onun 70 yaşı tamam olur. Müəllimlər müəlliminin bu yubleyi də rayon miqyasında qeyd ediləcək.

Həmin xəbər yəqin ki, budəfəki görüşdə iştirak edə bilməyən Saleh müəllimin vurğunları üçün bir təsəlli olacaq.

-Mən ucqar kənd məktəbində oxuyurdum və təbii ki, məktəbi bitirənə qədər Saleh müəllimi görməmişdim. Amma rayonun ən yaxşı müəllimi kimi adını çox eşitmişdim və bilirdim ki, haradasa bir Saleh müəllim var, ona görə də yaxşı müəllimlərin hamısı kimi onu daha özümə müəllim hesab edirdim. Və bu gün də özümü onun şagirdi sayıram.

Fərman müəllim Bəşirov:

-Mən 3 nömrəli məktəbdə direktor işləyəndə bir gün Saleh müəllim yanıma gəlib dedi: təqaüdə çıxmaq qərarına gəlmişəm. Mən Saleh müəllimi məktəbdən ayrı təsəvvür edə bilmədiyim üçün təəccübləndim. Özü də elə bir vaxtında ki, cavan müəllimlərin çoxundan daha böyük həvəslə dərs deyirdi. Səbəbini soruşdum. Dedi: dünən televizora baxırdım. 30 yaşlı dünya futbol ulduzu Platini vida görüşü keçirirdi. Ondan soruşdular ki, sən niyə bu tezliklə futboldan uzaqlaşırsan? Hələ bir neçə il də oynaya bilərdin.

– Dedi: mən dünya futbol həvəskarlarının yaddaşında “Platini” kimi qalmaq istəyirəm. İndi mən də şagirdlərin yaddaşında “Saleh müəllim” kimi qalmaq istəyirəm…

İbrətamiz misaldır. Şərhə ehtiyac yoxdur.

Tibb elmləri namizədi Hikmət Cəfərov:

-Saleh müəllim bizə evdə həll etmək üçün çoxlu məsələ-misal verirdi. Və biz bunları həll etmək üçün yarışa girərdik. Çox axtarırdıq ki, gücümüz çatmayan bir məsələ və ya misal tapıb Saleh müəllimə göstərək, bizim üçün həll etsin.

Xalıq müəllim Xalıqov:

-İndi də Saleh müəllimi görəndə elə bilirəm qulağımı buracaq…

Yəqin Xalıq müəllim bir balaca mübaliğə edir. Bildiyimdən Saleh müəllim təlim-tərbiyədə fiziki cəza üsulunun tərəfdarı deyil.

Bayram müəllim Əsədov:

-Saleh müəllimin varı, dövləti, imarətləri və ola bilsin ki, bir çox başqa qiymətli şeyləri yoxdur. Ancaq onun “Saleh müəllim” kimi adı var.

Elə burada yeri gəlmişkən qeyd edim ki, oxucu düşünə bilər: yazının əvvəlində epiqraf kimi seçdiyim beytin Saleh müəllimə nə dəxli var? Lakin böyük Füzulinin “Təriqi fəqr tut kim fəqr imiş aləmdə sultanlıq” misrasi ilə “onun Saleh müəllim kimi adı var”  – deyimi arasında nə qədər böyük yaxınlıq olduğu göz qabağındadır.

Və elə buradan da Saleh müəllimlə görüşdə iştirak etmək istəyimin dördüncü səbəbi açıqlanır. Bu da onun teatr, ədəbiyyat, poeziya həvəskarı və xüsusən də Füzuli vurğunu olduğunu bildiyimdən irəli gəlirdi. Yəqin çoxları Saleh müəllimi Üzeyir bəy Hacıbəylinin operettalarının və M.F.Axundovun komediyalarının quruluşucu rejissoru və eyni zamanda əsas rollardan birinin ifaçısı kimi təsəvvür edə bilməz. Amma mən bunun şahidi olmuşam – birinci sinifdə oxuyanda və ondan bir az da əvvəl. Bəli, radionun, televizorun olmadığı bir vaxtda kənd məktəbinin direktoru Saleh müəllim kənddə həm də mədəniyyətin yorulmaz təbliğatçısı idi. Təəccüblü deyil ki, İsmayıllının mərkəzində Saleh müəllimlə görüş barədə elan vurulmuş həmin lövhəyə bir neçə il əvvəl bir başqa elan yapışdırılmışdı. Burada xəbər verilirdi ki, Saleh müəllim mərkəzi kitabxanada ədəbiyyat gecəsi keçirəcək. Və o gecədə iştirak edənlər, yəqin ki, çox şeyi xatırlayırlar.

Yuxarıda Füzulidən bir də ona görə söz saldım ki, Saleh müəllimlə görüşdə Füzuli poeziyası tez-tez xatırlanırdı. Hətta təklif olundu ki, Saleh müəllim öz çıxışında Füzuli poeziyasına da yer ayırsın. Saleh müəllim isə dedi: gələn il Füzulinin yubleyi keçiriləcək. Əgər arzunuz varsa, ayrıca bir görüş təşkil edək, orada Füzuli poeziyası haqqında istədiyimiz qədər danışıq.

Bununla belə Saleh müəllimin keçmiş şagirdlərindən biri – Tahir Məlikov öz müəlliminin ən çox sevdiyi Füzulinin “Mənim tək heç kim zarü-pərişan olmasın, ya rəb!” –  qəzəlini əzbər söylədi. Və məlum oldu ki, Tahir bəyə riyaziyyatla bərabər Füzuli poeziyasını da məhz Saleh müəllim sevdirib.

Saleh müəllimin keçmiş şagirdi Vidadi Həmidli bir rəssam kimi sözünü qələmlə dedi: müəlliminin haqqında yaranmış məzəli və hikmətli rəvayətlərə uyğun şarjını çəkib ona təqdim etdi.

Bu maraqlı xatirələr silsiləsini dinləyərkən Saleh müəllimlə bağlı bir epizod da mənim yadıma düşdü. Biz birinci sinfi bitirib ikinci sinfə keçəndə məktəbdə ümumi yığıncaq oldu. Burada bütün siniflərdən olan əlaçıların adları oxundu və Saleh müəllim öz əli ilə hər əlaçıya mükafat olaraq bir dəftər, bir karandaş verdi. Onda çətin vaxtlar idi. Karandaşı işlətdim, dəftəri isə bir neçə il saxladım. Üstündə mükafat adı olduğu üçün işlətməyə əlim gəlmirdi.

Saleh müəllim elə həmin il iş yerini dəyişib harasa getdi. Məktəbi bitirənəcən əlaçı oxusaq da, ondan sonra nə dəftər verdilər, nə karandaş.

Bunu ona görə xatırladım ki, həmin epizod Saleh müəllimin hər bir tədbirində, hər sözündə, ən adi hərəkətində belə onun pedaqoji ustalığının zərrələrinin gizləndiyini açıqlayır. Elə buna görə də onunla bağlı xatirələr uzun müddət yadda qalır.

Saleh müəllimin görüşdə iştirak edən şagirdləri də, qeyriləri də onun haqqında hər cür tərifəlayiq epitetlərdən istifadə etdilər. Onu dahi, alim, böyük insan və s. adlandırdılar.

Onun elmi, bədii təfəkkür biçimindən zəngin mənəvi aləmindən söz açdılar. Bunların hamısı ilə razılaşmaqla bərabər, bir də təkrar edirəm: Saleh müəllim əsl müəllimdir.

Başlanğıcda Saleh müəllimin soyadını yazmağı unutdum. Yəqin oxuculara məlum oldu ki, söhbət əsli Diyallı kəndindən olan və doğma kəndində bircə gün də varsa işləmək ona nəsib olmasa da rayonumuzun bir sıra kəndlərində, habelə rayon mərkəzindəki məktəblərdə uzun zaman riyaziyyat müəllimi işləyən, hər gün də dərsdən sonra (əvvəlki illərdə çox zaman piyada) Diyallıdakı evinə qayıdan Saleh Həsənov haqqındadır.

Ən sonda isə onu demək istərdik ki, belə bir görüşü təşkil edən RXTŞ rəhbərliyi çox faydalı və xeyirxah bir iş görmüşdür. İnsana layiq olduğu qiymət veriləndə, bu, kimliyindən asılı olmayaraq, kənardan baxanların hamısına mənəvi zövq verir, könül rahatlığı gətirir.

Məmmədmirzə Rzayev

 

Deyd: “Cavanşir yurdu” qəzetində 30 il əvvəl, 1994-cü ildə yer almış bu yazı “İsmayıllı xəbərləri” qəzetinin redaksiyası tərəfindən təkrar çap olunmuşdur.

Yazının müəllifinə, eləcə də yazıda adları çəkilən, dünyalarını dəyişmiş ziyalılarımızın hamısına Allahdan rəhmət diləyirik.

 

 

Şərh Yaz