“Qəhrəmanın şəhadəti” kitabının təqdimatı keçirilib
Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğulları hər zaman ehtiramla yad olunur. Onların döyüş yolu, həyatı hər bir azərbaycanlı üçün vətənpərvərlik məktəbidir. Çünki onlar: “Təki Vətən sağ olsun!” – deyib düşmənin üstünə – ölüm-dirim savaşına atıldılar. Elə buna görə də onların adı tarixdə şərəfli ömür sahibləri – şəhidlər kimi çəkilir.
Bəşər övladı heç zaman şəhidlərini unutmur, onların adına nəğmələr yazır, qəhrəmanlıq dastanları yaradır. Min illər keçəcək, lakin onlar yenə də unudulmayacaqlar. Çünki şəhidlər ölməzdirlər. Onlar Azərbaycan xalqının ürəyində əbədi yaşayacaqlar.
Altı may 2024-cü il tarixində Azərbaycanın qəhrəman oğullarından biri – əməlləri ilə nəsillərə örnək olan, ölməzliyi ilə ölümsüzlüyə ucalan Xüsusi Təyinatlı Qüvvələrin giziri – 44 günlük Vətən müharibəsinin şəhidi Ramil Aydın oğlu Musayevin anadan olmasının 33-cü ili və onun əbədiyaşarlığını təsdiqləyən “Qəhrəmanın şəhadəti” adlı xatirələr toplusunun təqdimat mərasimi keçirilib.
İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin akt zalında toplaşan tədbir iştirakçıları, şəhər sakinləri, şəhid ailələri əvvəlcə şəhid, cəsur döyüşçü, XTQ gizirinin xatirə əşyaları sərgilənmiş guşəyə baxış keçiriblər. Tədbir elə akt zalında da davam edib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirin aparıcısı, məktəbin tarix müəllimi Ülkər Süleymanova çıxış etdi. Şəhid Ramil Musayevin nurlu ömür yolu barədə məlumatlar iştirakçıların diqqətinə çatdırıldı.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov açaraq oğullarımızın axıtdığı qanın yerdə qalmadığını, Vətənin müdafiəsi uğrunda canından keçmiş Ramil Musayevin, eləcə də digər qəhrəmanlarımızın əziz xatirəsini xalqımız tərəfindən daim ehtiramla yad edildiyini və heç zaman unudulmayacaqlarını bildirərək, uca Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq etdi.
Şəhidin ailə üzvləri və yaxınlarından anası Nəsibə Musayeva, Şakir Bədəlov, Məhəmməd Musayev çıxış edib şəhidin vətənpərvərliyindən, dövlətimizin, ordumuzun güc və qüdrətindən danışıblar. Çıxışlarda Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Prezident cənab İlham Əliyevə yürütdüyü siyasətə, qazanılan uğurlara görə minnətdarlıq ifadə olunub.
Kitabın redaktoru Şahməmməd Dağlaroğlu, tərtibçiləri Hacıməmməd Məmmədov və Sahil Əzimov kitabın necə ərsəyə gəlməsindən, gördükləri işin məmnunluq və əhəmiyyətindən söz açıblar.
Tədbir iştirakçılarından İsmayıllı RİH-i başçısının müavini Sevil Əhmədova, şəhid ailələri adından Cəmilə Mürsəliyeva, RİH-nin İsmayıllı şəhər üzrə nümayəndəsi, ehtiyatda olan hərbçi polkovnik-leytenant Əlişir Süleymanov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, tədbirə ev sahibliyi edən məktəbin direktoru Əməkdar müəllim Qalib Bəşirov çıxışlarında 44 günlük Vətən müharibəsi vaxtı ordu ilə xalqın birliyindən, vətənpərvər övladlarımızın Vətən sevgisindən, balalarını torpağa tapşıran valideynlərin dözüm və dəyanətindən, qürurundan danışıblar. “Qəhrəmanın şəhadəti” kitabının ölümü ilə ölümsüzlük qazanıb şəhidlik zirvəsinə ucalan igid eloğlularımızdan biri haqqında sadəcə xatirə toplusu deyil, əbədi bir abidə olduğunu vurğulayıblar. Təqdimat mərasimi şəhid Ramil Musayev haqqında kitabın ərsəyə gəlməsi və tədbirin keçirilməsində zəhməti olanlara etdiyi minnətdarlıqla yekunlaşıb. Şəhid ailələrinə və xatirə toplusunda ürək sözləri yer alanlara kitablar paylanıb.
Tədbirdə vətənpərvərliyə həsr olunmuş kompozisiya nümayiş etdirilib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Ziyarətçilər ehsan süfrəsinə dəvət alıblar.
Hacıməmməd Məmmədov