Xalqlarımız arasındakı bağlılıq və dostluğun bariz ifadəsi
Xalqlarımız arasındakı bağlılıq və dostluğun bariz ifadəsi
Mətbuatdan bəlli olduğu kimi, 9 may 2024-cü il tarixində Avrasiya Sanat Kültür Edebiyyat Federasionu (ASKEF) tərəfindən Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Türkmənistan, Özbəkistan və Qırğızıstanda dostluq və qardaşlıq münasibətlərini əks etdirən səyahət təşkil edilmişdi. Həmin səyahətdə Azərbaycan da öz sənət adamları ilə təmsil olundu, ölkəmizin milli dəyərləri dost ölkədə geniş nümayiş etdirildi.
Xatırladaq ki, səfər zamanı Azərbaycandan olan qələm adamlarından yazıçı, Sona Abbasəliqızının “Sözün xaqanı” tarixi romanı, digərlərinin kitabları haqqında əhatəli fikir mübadilələri aparıldı. Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutan görüşdə dr.professor, yazıçı Nehir Akpolat, şairə Gülqədəm Mirzəzadə, tanınmış şair-tərcüməçi Şahməmməd Dağlaroğlu, şairə Güləmail Muradın qardaş ölkəyə səfərdən məmnun olduqlarını bildirib, yeni kitablarını Mərkəzin kitabxanasına hədiyyə etdilər.
Daşkənddəki səyahətdən Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbərliyi Nadir Əlimirzəyevlə görüşümüz xalqlar arasında yeni bir mərhələnin başlanğıcı üçün zəmin oldu. Xoş qarşılanmaya görə Mərkəz rəhbərinə təşəkkürümüzü bildirdik, ölkəmizin dövlətçilik işində önəmli rol oynadığımızı, bundan sonra da bu prosesdə fəal iştirak edəcəyimizi diqqətinə çatdırdıq. Mərkəzin rəhbəri fəaliyyətimizdən məmnun qaldığını ifadə etdi. Tədbir barədə Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Rzaquluoğlu Quliyev və Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Səidqəninin telefon zəngləri və səmimi fikirləri bizi çox məmnun etdi. Hörmətli səfirimizə xoş sözlər üçün təşəkkür etdik, əminliklə bildirdik ki, xalqlarımız arasında milli-mədəni münasibətlərinin daha iri planda təqdir olunması üçün əlimizdən gələni edəcəyik.
Əlavə olaraq səyahətlərimizin gözəl təşkilatçısı, ASKEF-in Özbəkistan təmsilçisi, hörmətli doktor Müəzzəm İbrahimova 50 nəfərlik səfər üzvünü Buxara vilayətinə götürdü, oradakı tarixi yerləri ziyarət etdik, qədim milli memarlıq abidələrini, tarixi muzeyləri seyr etdik. Qardaş özbək xalqının sənətkarlığını, əsrlərdən ötüb gəlmiş adət-ənənələri əks etdirən milli mədəniyyət nümunələrinə heyran kəsildik.
Səmərqənd şəhərindəki görüş və gəzintimiz də bizdə xoş, yaddaqalan əhval yaratdı. Şəhərin gözəlliyi ruhumuzda, ovqatımızda dərin izlər buraxdı, bir anlığa gözümüz önünə Əmir Teymurun o dövrkü zəhmi, böyüklüyü gəldi. Özbək ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı Abdulla Qədirinin ev muzeyini ziyarət etmək də bizlərə xoş ovqat bəxş etdi. Diqqətimizdə xüsusi an kimi təlatüm edən görüşlər üçün həm olduğumuz şəhərlərin bizə qayğı göstərən insanlarına, xüsusilə də ASKEF-in rəhbərliyi genel başkan Savaş Ünala və tərcüməçi-şair ASKEF yönəticisi Qonça Aydəmirə minnətdar olduq.
Xatırladaq ki, bu təşkilat yarandığı və fəaliyyətə başladığı gündən türk xalqları arasında məhz bu cür dostluq münasibətləri qurur, xalqları bir-birinə yaxınlaşdırır. Onu da deyək ki, qatıldığımız səyahətə dünyanın əksər türk ölkələrindən söz, sənət insanları təşrif buyurmuşdu. Bunlardan Urmiya doğumlu Türkiyə vətəndaşı və ASKEF-in Güney Azərbaycan təmsilçisi dr.professor Nehir Akpolat bu görüş və səfərimizin möhtəşəmliyini bir az da artırırdı.
Ümumiyyətlə, Azərbaycan və Özbəkistanın sənət xadimlərinin biri-birləri ilə sıx təması günümüzün reallığı kimi təqdir olunur. Özbəkistan Yazıçılar Birliyinin üzvü Dilarə Abdurahmanın ölkəmizin sənət insanlarına diqqəti, onların əsərlərini yüksək peşəkarlıq və dostluq məhəbbəti ilə özbək dilinə tərcümə etməsi buna əyani misaldır.
Dilarə xanım Sona Abbasəliqızının (İsmayılovanın) “Sözün Xaqanı” tarixi romanını özbək dilinə tərcümə edib, özbək oxucuların ixtiyarına verib. Məlumat üçün deyək ki, həmin roman özbək oxucularında milli hislər yaradan, həmçinin Azərbaycan haqqında müfəssəl tanışlıq verən lazımi bir vəsilədir. Tərcüməçi romanı özbək dilinə çevirərkən əsərdəki üslubu mümkün qədər saxlaya bilib, Azərbaycanın əfzəl söz xiridarı Xaqani Şirvaninin şəxsiyyətini özbək oxucularına geniş planda təqdim edib, bir növ, azərbaycanlı yazıçı Sona Abbasəliqızını özbək oxucularına yaxından tanıdıb. Elə Özbəkistanın şəhərlərində özbək rəsmlərinin və oxucularının Sona xanıma olan diqqəti də bu vacib işin məğzi kimi təsir bağışlayır. Bu, həm də özbək sənət adamlarına Azərbaycanda olan diqqəti əks etdirir, xalqlarımız arasındakı bağlılığın və dostluğun bariz ifadəsi kimi təsdiqini tapır.
Biz Özbəkistanın şəhərlərini gəzdikcə, insanlarla təmas qurduqca sənətin fövqəl bir qüvvə olduğunun fərqinə varırdıq. Görüşümüz böyük coşqu ilə başa çatdı. Biz artıq öz Vətənimizdəyik. Ancaq yaşadığımız anlar, ovqatımızda ləngər vuran heyranlıq bizi hələ də məmnun hislərlə üz-üzə tutub. Və biz elə bu heyranlıqla belə görüşlərin bütün dost ölkələrdə keçirilməsini vacib hesab edirik. İnanırıq ki, ASKEF-in yeni layihələrində məhz bu arzular öz əksini tapacaqdır.
Sona Abbasəliqızı,
Prezident mükafatçısı, yazıçı, AYB-AJB-nin və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvü