Dövlətin və xalqın adamı  

 

Söhbətim, daha doğrusu, bu yazım “Azərbaycan Mətbuatyayımı”nın İsmayıllı rayon şöbəsinin müdiri Lətifə Həmidova Qulu qızı  haqqındadır.

Onun ta uşaqlıqdan zəhmətlə yazılan  mənalı ömür kitabının altıncı onluğu tamamlanır. Bu yazını oxuyanlar, heç oxumayanlar da onu yaxından tanıyır. Hamı bilir ki, o, işinin bilicisi, peşəsinin vurğunudur. O, mətbuatı qəlbdən, vicdanının səsi ilə ürəkdən sevir, həm də uzun illərdir ki, onun yayılması yolunda çalışır. Günün səkkiz saatını bir qayğıkeş kimi iş başında olur. Qəzet və jurnallara abunə yazılışında azalma olsa da, onun öz işinə olan sevgisi azalmaq bilmir. Əksinə, zaman keçdikcə işinə daha məsuliyyətlə yanaşır.

Aldığım məlumatlardan ömür yolu barədə giriş kimi təqdim edə biləcəklərim bunlardır. Amma onu bu sevimli, maraqlı sahəyə çəkib gətirən məqamları, xatirələri özünün söhbətindən eşitmək daha maraqlıdır:

– Orta məktəbdə oxuyanda sevə-sevə, böyük maraqla baxdığım Azərbaycan filmlərindən biri “Telefonçu qız” idi. Həyata yeni atılan gənc qızın yaratdığı o vaxtın telefon xidmətində nə qədər cəld, səriştəli, peşəkar, həm də çox nəzakətli, xoş ünsiyyətli telefonçu qız obrazı mənim rabitəyə gəlməyimin əsas səbəblərindən olub. Elə ona görə də məktəbi qurtaranda İsmayıllı Rayon Rabitə Qovşağında telefonçu kimi əmək fəaliyyətinə başlamışam. Səmimiyyətlə, mehribançılıqla  zəng vurub özünü kimin evi,  hansı idarənin rəhbəri ilə telefon əlaqəsinə  bağlanmasını, Bakıya, digər uzaq ünvanlara danışıq sifarişi verənlərlə yanaşı, çox hökmlə, səbirsizliklə, hətta bəzən kobudluqla müraciət edənlər də olurdu.

Təcrübəli iş yoldaşlarım isə təzə başlayanda  hər şeydən öncə bunları mənə demiş və  həmişə təmkinli olmağımı tövsiyə etmişdilər. Aldığım məsləhətlər, hər gün topladığım təcrübə məni bu sahəyə daha ürəkdən bağladı. Bax, bu gün də “alo”, “eşidirəm”, “baş üstə”, “sifariş etdiyiniz nömrə ilə danışın” sözlərinin müqabilində aldığım “çox sağ olun, qızım” ifadələri ilə bərabər, “axı, nə qədər gözləyim, niyə yaxşı işləmirsiz” kimi kobud cavabların titrəyişləri bu gün də qulaqlarımdadır. Amma həmişə yaxşı sözlərə “siz də sağ olun”, kobud ifadələrə “narahat olmayın” cavabını vermişəm. Bir sözlə, hər iki halda telefonçuluq peşəsini çox sevmişəm və bu məhəbbət məni 1991-ci ildə Bakı Rabitə Kollecinə ünvan götürməyə, rabitə təhsilinə yiyələnməyə sövq etmişdi. İki illik təhsildən sonra, orta ixtisaslı gənc kadr kimi yenə İsmayıllıya qayıtmış, rabitə qovşağında telefonçu yox, mühasib kimi əmək fəaliyyətimi davam etdirmişəm.

Lətifə Həmidova artıq neçə illərdir ki, rabitənin başqa bir sahəsində fəaliyyətdədir. Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan Mətbuatyayımı” İsmayıllı rayon bölməsinin rəisidir. Xidməti işimlə və ən əsası jurnalistlik peşəmlə əlaqədar İsmayıllının bu ünvanı mənim üçün də doğmadır. Axı, bizim əməyimizin bəhrələri İsmayıllı rayonunda məhz bu ünvandan ictimaiyyətə, oxuculara çatdırılır. Hər gün səhər Bakıdan gətirilən qəzet və jurnallar burada çeşidlənib, öz ünvanına, öz oxucusuna göndərilir. Burada həmin işlər Lətifə Həmidova ilə yanaşı, sahənin digər işçisi Dursun xanım tərəfindən operativ və keyfiyyətlə görülür. Poçtalyon gələnə kimi hər iş qaydasına qoyulur. Oxucuların hər bir sorğusu bu ünvandan lazımi qaydada cavablandırılır, rayon mərkəzindəki qəzet və jurnal satışı köşkündə də mətbuatın yayılması lazımi səviyyədə aparılır.

L.Həmidova öz ictimai fəaliyyəti ilə də həmişə öncüllər sırasındadır. Dövlətə, dövlətçiliyə bağlılıq onun gündəlik işi və amalıdır. Mətbuata bağlı bir ömrün sahibi ilə söhbətimiz də onun diqqət çəkən bir fikrini xüsusilə qeyd etmək istəyirəm:

– Hansı peşənin sahibi olursansa, ol,  hansı vəzifəni daşıyırsansa, daşı, sən nüfuzu özünün şəxsi səylərinlə, gündəlik zəhmətinlə, ən əsası da real işinlə qazanmalısan. Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətindən qaynaqlanıb istiqamət götürən bu prinsip mənim də əmək fəaliyyətimin devizidir.

Deyirlər o kəslər xoşbəxtdir ki, yadda qalır, o adam bəxtəvərdir ki, onu tanıyan var, el-oba içində gərəklidir. Belə insanlardan biridir çoxumuzun yaxşıca tanıdığı Lətifə xanım. Ona ad qoyan elə bil onun ömür yolunu, xasiyyətini, ləyaqətini və nəhayət lətafətini əvvəlcədən görürmüş.

İşığa boylanan ömür yaşayan, Lətifə adına layiq olmaqla bərabər kişi xislətli qadındır. Onu tanıyanlar xasiyyətinə və qabiliyyətinə yaxşı bələddirlər. O, şirin, səmimi, dost qədri bilən, qayğı göstərməyi bacaran rəhbər işçidir. Qonaqsevən, çörək verən, etibarlı insanıdır. Onun dostu çox, hörməti böyükdür. Çalışdığı sahədə böyük uğurlar əldə edib. Haqqında dəfələrlə dövri mətbuatda yazılar da qələmə alınıb.

Bəziləri kimi işindən qətiyyən gileylənmir, vəzifəsinin öhdəsindən bacarıqla gəlir. Mətbuatı vaxtlı-vaxtında idarə və  müəssisə, həmçinin fərdi ünvanlara çatdırılmasında böyük işlər görür. O, daim şən, zarafatcıl, həyatından və işindən razı görünür. Sadəliyi sevən bu səmimi xanım Allahın verdiyi nemətlərə böyük şükürlər edir. Mehriban rəftarı hamı tərəfindən duyulur, sevilir və alqışlanır. Apardığı işlər də həmişə uğurlu alınır. Bir qayda olaraq, çalışır ki, vətəndaşlar xidmətindən razı qalsın.

L.Həmidova rayonun  ictimai həyatında da olduqca fəaldır. Demək olar ki, rayonun bütün tədbirlərində yaxından iştirak edir. Uzun illərdir ki, 89 saylı İsmayıllı Dairə Seçki Komissiyasının 11 saylı məntəqə seçki komissiyasının sədri kimi də fəaliyyət göstərir. Siyasi əqidəsi ilə YAP-ın sadiq üzvlərindəndir. Dövlətin və xalqın adamıdır. Bir sözlə, vətəndaşlıq xüsusiyyətləri ilə bərabər, həm də böyük insani keyiyyətlərə sahib insandır. Qələm sahiblərinin, yazarların yaxını, dostudur.

Yubiley yaşı ərəfəsində diqqətəlayiq işi nəzərə alınan Həmidova Lətifə Qulu qızına İsmayıllı Rayon İcra Hakimiyyətinin Təşəkkürnaməsi və qiymətli hədiyyəsi təqdim olunub. Başçı vətəndaşlıq borcunu bacarıqla yerinə yetirən həmyerlimizə həyatda firəvanlıq, işində uğurlar diləyib.

Biz də bu işgüzar insana ünvanlanmış xoş arzulara qoşulub: -Yubiley yaşınız mübarək olsun, Lətifə xanım! – deyirik.

Hacıməmməd Məmmədov,

İsmayıllı Yazarları ədəbi-ictimai birliyinin sədr müavini

Şərh Yaz