Ailənin gücünü müəyyən edən başlıca amillər
13 may 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği məqsədilə “Ailənin qurulması və qorunması” mövzusunda interaktiv təlim-tədbir keçirilib. Təlimdə mərkəzin əməkdaşları və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.
Təlimi giriş sözü ilə açan mərkəzin direktoru Lətifə Əliyeva bildirib ki, güclü ailə – güclü cəmiyyət, güclü cəmiyyət – güclü dövlət deməkdir, güclü dövlət isə – güclü gələcəkdir. Ona görə də nümunəvi ailə dəyərlərimizi qoruyub gələcək nəsillərə ötürmək hər birimizin borcudur.
Sonra Ümummilli lider Heydər Əliyevin ailə dəyərləri və Azərbaycan ailəsi haqqında fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra mərkəzin psixoloqu Kəmalə Əhmədova, sosial pedaqoq Xatirə Bağırova təqdimat əsasında çıxışlar ediblər. Azərbaycan filmlərindən götürülmüş müxtəlif fraqmentlər növbəti müzakirəyə keçid rolunu oynayıb: evlilik üçün hansı yaş münasibdir, ailədə böyüklərlə qarşılıqlı münasibət necə qurulmalıdır, ailə büdcəsi necə idarə olunmalıdır kimi məsələlərin müzakirəsində gənclər aktiv şəkildə iştirak ediblər.
Qeyd edilib ki, ailənin düzgün qurulması, ailədaxili münasibətlərdə hörmət, qarşılıqlı anlayış, səbir və təmkin balansının qorunması ailənin gücünü müəyyən edən başlıca amillərdir. Gələcəyimiz olan uşaqlar arasında, ailənin, həmrəyliyin möhkəmlənməsinə təsir göstərən ailədaxili birliyin təbliğ edilməsi çox önəmlidir.
Tədbirdə gənclərə ailələrin qurulması və qorunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bəhruzə Ağazadə