Tələbələrimiz istehsalat təcrübəsində

 

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alan tələbələrin istehsalat təcrübələri uğurla davam edir.

Kollecimizin turizm fənləri Fənn Birləşmə Komissiyasına daxil olan 2 qrupun – 1721 mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi, 1921 turizm işinin təşkili qruplarının tələbələri İsmayıllı rayonunda yerləşən 5 ulduzlu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Basqal” istirahət kompleksi otelində istehsalat təcrübələrini davam etdirirlər.

Tələbələr öz ixtisas sahələrində peşə və bacarıqlarını praktik cəhətdən daha da təkmilləşdirmək üçün kadrlar şöbəsi, qəbul və xidmət, qida və içki, inzibati təsərrüfat, restoran mətbəxi, qonaqlarla əlaqə və otelin digər şöbə və bölmələrində təcrübə keçirlər.

Artıq iki ildir əməkdaşlıq etdiyimiz “Basqal” İstirahət Kompleksi otelinin bir neçə işçisi kollecimizin əvvəlki illərinin məzunlarıdır. 2023-2024-cü tədris ilinin ikinci yarımilində istehsalat təcrübəsində iştirak edən tələbələrimizin bir neçəsinin savadı, xarici dil bacarığı və peşəkarlıq səviyyəsi sınaq müddətində “Basqal” İstirahət Kompleksinin rəhbərliyi tərəfindən bəyənilmiş və onlara bir neçə şöbə və bölmələrdə iş təklifi edilmişdir.

Yarandığı gündən amalı dövlətimizin inkişafına fayda verəcək, dövlət və dövlətçilik prinsiplərinə sadiq kadrlar yetişdirmək olan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin rəhbərliyi başda olmaqla, kollecimizin müəllimləri tələbələrinin uğurlarından qürur duyuruq.

Ramid Qasımov,

Fənn Birləşmə Komissiyasının sədri

Şərh Yaz