Muzeylər cəmiyyətin həyatında mühüm rol oynayır   

     

16 may 2024-cü il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 18 May – Beynəlxalq Muzeylər Günü münasibəti ilə tədbir keçirilib.

Rayon ictimaiyyətinin nümayəndələri və mədəni-maarif işçilərinin iştirak etdiyi tədbirdə Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən qeyri-maddi mədəni irs nümunəsi olan Basqal kələğayısı, milli xalçalar,  Basqal qəsəbəsinə aid milli kulinariya, misgərlik, eləcə də  ağac oyma sənətinin nümunələri və rayonumuzun təbiətinə aid rəsm əsərləri nümayiş etdirilib.

İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev tədbir iştirakçılarına Muzeylər Günü  ilə bağlı geniş məlumat verib. Tədbir Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının konsert proqramı ilə davam etdirilib.

Tədbirin sonunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Səxavət Zülfiyev və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günay Rzayeva tədbirin keçirilməsində qarşılıqlı əməkdaşlığa görə biri-birinə hədiyyələr təqdim ediblər.

Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününü qeyd etməkdə əsas məqsəd muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu öndər respublikamızda muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Hər il müxtəlif devizlər altında keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini cəlb edir.

Bu bayram günündə muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən aslı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də hər il Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu pəşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədilə mayın 18- də bütün muzeylərimizdə “Açıq qapı günü”  elan edilir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Samir Zülfiyev

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir