Məktəbin uğurları artmaqdadır
Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Əməkdar müəllim Qalib Bəşirov Respublika Fənn Olimpiadasında (RFO-da) 3 qızıl, bir gümüş medal qazanmış şagirdlərlə görüşüb. Qeyd edək ki, medalçılardan biri, Leyla Ağayeva keçən il tarix fənnindən qızıl medal qazanaraq məktəbizin tarixində ilk qızıl medalçı kimi yaddaşlarda qalıb. O, bu il də uğurunu təkrarlayaraq yenidən qızıl medal qazanıb.
Duyğu Əsgərli keçən il tarix fənnindən gümüş medal qazanmışdı. Gərgin çalışmalardan sonra bu il qızıl medal qazanaraq məktəbin uğur tarixinə öz adını yazdırmışdır.
Osman Həsənli keçən il coğrafiya fənnindən gümüş medal qazananda da sevinmişdi, eyni zamanda coğrafiya fənni üzrə Avropa olimpiyadasında 4-cü yerə laiq görülmüşdü. Lakin potensialına güvənərək bu il coğrafiya fənnindən qızıl medal qazanmaq ona da nəsib olub.
Nazlı Mirzəliyeva məktəbin birinci sinfinə gəldiyi gündən bu günə qədər bir çox uğurları özünə, valideynlərinə, eləcə də sevimli məktəbinin müəllim və şagird kollektivinə yetərincə sevinc bəxş edib. Onun növbəti uğuru isə Azərbaycan dili fənnindən RFO-da gümüş medal qazanmasıdır. Əminik ki, qarşıdakı illərdə o da gümüşünü qızıla çevirə biləcəkdir.
Təbii ki, bu uğurların arxasında şagirdlərin şəxsi hazırlığı ilə bərabər məktəbin direktoru Qalib müəllimin, fənn müəllimlərinin də danılmaz əziyyəti dayanır.
Q.Bəşirov rəhbərlik etdiyi məktəbin qazandığı uğurlardan məmnun olduğunu söyləyib. Uğur qazanmış şagird və müəllimləri təbrik edib, onlara daha yüksək nailiyyətlər qazanmalarını arzulayıb.
“İsmayıllı xəbərləri”

