“Dağ çiçəkləri”

Ali Baş Komandanım

 

Xalqa arxalandı, xalqdan güc aldı,

Xalqa xidmət etmək – müqəddəs andı.

İçdiyi andına tam sadiq qaldı,

Ali Baş Komandanım!

 

O müdrik liderdən, ulu Heydərdən,

Xalqın xilaskarı dahi rəhbərdən,

Dərs aldın, çalışdın, yorulmadın sən,

Ali Baş Komandanım!

 

Söz verdin: – Qarabağ azad olacaq,

O gün yaxındadır, deyildir uzaq!

Dedin; Tələsməyək, güclənək ancaq
Ali Baş Komandanım!

 

Gözlədik o günü, gəldi nəhayət,

Birləşdi xalqımız, göstərdi qeyrət.

Döyüş əmri verdin, dilinə qüvvət,

Ali Baş Komandanım!

 

Ordumuz düşməni tarimar etdi,

Haqqı, ədaləti bərqərar etdi.

Xalqımı Zəfərlə bəxtiyar etdi

Ali Baş Komandanım!

 

Yurdumun mərd oğlu, dahi sərkərdə,

Qələbə çalmısan sən hər cəbhədə,

Rəğbət qazanmısan xalqın qəlbində,

Ali Baş Komandanım!

 

Aylar dolanacaq, illər ötəcək,

Bu şanlı Qələbə yad ediləcək.

Xalqımın qəlbindən silinməyəcək

Ali Baş Komandanım!

10 noyabr 2020-ci il

Şakir Şapur

 

Bu dünya yadına salarmı məni

 

Tezliklə büdrəyər ömür-gün atım,

Dayanar saatım, sönər həyatım,

Dağılar büsatım, sınar qanadım.

Görəsən, sonradan bircə dəfə də

Bu dünya yadına salarmı məni?

Nə var-dövlətim var, nə yaraşığım,

Bir kimsə eyninə alarmı məni?

 

Olmadım heç kimin boynunda bir yük,

Qaneyəm həmişə payın azına.

Mən ki görünmədim özümdən böyük,

Düşmədim nəhənglik iddiasına.

Dəstə bağlamadım, səngər qurmadım,

Qılınc sıyırmadım, xəncər vurmadım,

Düzü, həqiqəti əyib burmadım,

Zərliyə, zorluya nökər durmadım.

Sevmədim rəyasət oyunlarını,

Qoşulmadım min cür kirli yığına,

Sıxıb ürəyimə təmizliyimi,

Girmədim siyasət bataqlığına.

Bir belə şöhrətli fitnəkarların,

Şər övladlarının, qəlbi darların

İçində adımı anarmı yəni?

Bu dünya yadına salarmı məni?

 

Tarixin minillik kitabına bax,

Hər sətir içində dərya qana bax.

Qırğın törədənlər, ölkə soyanlar,

Bütöv qitələri viran qoyanlar,

Meyid üstə meyid qalaqlayanlar…

Hər yerdə sərkərdə, kral, xan adı,

Varmı bir əkinçi, ya çoban adı?!

Adilər, sadələr, halallar hanı?

Onlardır yaşadan axı dünyanı!

Atılıb heçliyə paklar, təmizlər,

Öldümmü, məni də qəbir gizləyər,

Bir anlıq unudub min Əhriməni,

Bu dünya yadına salarmı məni?

 

Eh, bu ağrı nədir, bu qüssə nədir?

Könlümü bir belə yaxıb göynədir.

Şadam anılmaram dar ağacı tək,

Quruyub itərəm bar ağacı tək.

Vətənə bir ovuc torpaq olaram,

Torpaq yaddaşında diri qalaram!

Qoy tarix eyninə almasın məni!

Yaddaşı ki dolub iblislər ilə,

Bu dünya yadına salmasın məni!

Oqtay İsmayıllı

 

İsmayıllı

 

İsmayıllı!

Yurdum mənim, obam mənim.

İsmayıllı!

Atam mənim, babam mənim.

 

Mən bu yurdda doğulmuşam,

Mən bu yurdda böyümüşəm.

Mən bu yurdun oğlu, qızı,

İnsanıyla öyünmüşəm!

 

Gen qucağı, yaşıl qoynu –

Cənnətimdir.

Var-dövləti, bol sərvəti,

Mənim varım, dövlətimdir!

 

İsmayıllı!

İlk ünvanım, son ünvanım.

İsmayıllı!

Mənim solmaz gülüstanım!

Mövlud Teymur

 

cnis

 

Hər kəsin həyatı bir kitab imiş,

Heyif, ötüb gedir, yazanı olmur.

Dəyişir dünyası fəsillər kimi,

Eh, kimin qış anı, yaz anı olmur?

 

İnsanam, çölüm də, içim də gözəl…

– İç, – dedin, – bu eşqi, – içim də, gözəl.

Bir şeir ağlayır içimdə gözəl,

Ürəyim hey deyir: – Yaz onu, – olmur…

 

…“Biz“lər bölünəndə “mən”, “sən“ də olur,

Dözürəm, boynuma  minsən də, olur…

A haqdan danışan, min səndə olur,

Bəs niyə heç məndə yüz onu olmur?

Nazir Ziya Talıstanlı

 

Türk türkə arxadır…

 

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən, özün bilərsən,

Mən ilk qaynağımdan türk oğlu türkəm!

                    Bəxtiyar Vahabzadə

 

Türkəm, salamım var türk ellərinə,

Səsimə səs verən əlimi sıxsın.

Vətən kəlməsini bayraq yerinə,

Göylərə qaldıran meydana çıxsın.

 

Şimaldan cənuba, şərqdən də qərbə,

Türkün başladığı yollar birləşər.

Türk türkə arxadır, düşmənə zərbə,

Bu polad birliyi duymaqda bəşər.

 

Özbək, tatar, kazax, qırqız, qaqauz,

Başqırd da, türkmən də bir soydan, bir qan.

Hamımız bir kökdən, kökümüz oğuz,

Qardaş ellərin var, can Azərbaycan!

 

Türkiyəm, türklərin ana qucağı,

Doğmasan, əzizsən “Türkəm!” – deyənə.

Daha gur yanacaq türkün ocağı,

Alqışlar türk qızı, türk oğlu, sənə!

Şahməmməd Dağlaroğlu

 

Yada salar ellər məni

 

Həsrətindən son buluddum,

Ömür başlaya-başlaya,

Gözlərimdə göl qurutdum,

Yağışlaya-yağışlaya.

 

Kimə zülmət, kimə nurdum,

Dalğalara sinə vurdum,

Aran yerdə çadır qurdum,

Dağda qışlaya-qışlaya.

 

Yer üzünə göydən düşdüm,

Bir kamandan, neydən düşdüm,

Müdrikləşdim, mələkləşdim,

Şeytan daşlaya-daşlaya.

 

…Ey qərib yol, çək gözumü,

Əyir, apar, sök gözümü,

İllər ötür, üz-gözümü,

Qırışlaya-qırışlaya.

 

Qucaqlayar yellər məni,

Tər çiçəklər, güllər məni,

Yada salar ellər məni,

Yanaq yaşlaya-yaşlaya…

Cəbrayıl Hüseyn

 

Yoxdu ki

 

Bizə zaman ver, Allahım,

Bu ömrün nəyi çoxdu ki?

Bir an kimi gəlib keçir,

Dözümü, səbri yoxdu ki!

 

Əlimizi açıb göyə,

Dizimizə döyə-döyə,

Cismimizi böl ikiyə,

Ruhların qəbri yoxdu ki!

 

Zaman ötür, vaxt şütüyür,

Qan donursa, can üşüyür,

Yolumuza gül döşüyür,

Nifrəti, kibri yoxdu ki!

 

Yerin, göyün öz yiyəsi,

Bişir təndirdə kündəsi,

Bu dünyanın fəlsəfəsi,

Biri var, biri yoxdu ki!

 

Əlimizə düşüb məqam,

Doğulmuşuq insan, adam,

Köçürüksə bu dünyadan,

İzahı, şərhi yoxdu ki!

Murad Məhərrəm

 

Yaz oldu

 

Yenə güllər açdı, mövsüm yaz oldu,

Gözümdən sükuta dama bilmədim.

Darıxmaq o qədər əlçatmaz oldu,

Darıxa bilmədim, uma bilmədim.

 

Qışın sərt üzünü unutdu torpaq,

Bir quş cəh-cəhiylə günəş oyandı.

Çəkildi torpağa yaşıl bir duvağ,

Güllər çeşid-çeşid rəngə boyandı.

 

Bir ətrin sevgini itirdiyi suç,

Bir ətrin üstündə ümid tapıldı.

Çır-çırpı daşıdı ana qaranquş,

Eyvana bir qəşəng yuva yapıldı.

 

Bir gülə uzandı kəpənək əli,

Kəpənək gül oldu, gül də kəpənək.

Hardasa dodağı qaçdı bir gülün,

Kəpənək ətriylə açdı bir çiçək.

Aybəniz Əliyar

 

A dünya

 

Araz olub bir milləti bölənsən,

Əzab verib, şirin-şirin gülənsən.

Bilməcəsən, etdiyini bilənsən,

Etibarsız, qəlbidaşsan, a dünya!

 

Kimisinə qarlı zirvə, ucasan,

Kiminə gənc, kimisinə qocasan,

Mənə görə bəlkə gözün açasan?

Sən gözümdən axan yaşsan, a dünya!

 

Zülm etdilər, köçüb getdi el, oba,

Sevdi səni neçə nəsil, ər, baba.

Kimə görə sən dəyərli zər-ziba,

Mənim üçün qara daşsan, a dünya!

 

Adam var ki, onun üçün şəkərsən,

Bəzilərin tapdalayıb keçərsən.

Bilmək olmur sən ağasan, nökərsən,

Qul, kənizsən, qarabaşsan, a dünya!

Sarıtel Göyçəli

 

Yaz ara zaman

 

Bu cənnət vətəni, qarış-qarış gəz,

Müsafir olmağa yaz ara zaman.

Bülbülə sirdaş ol, gülə qarış gəz,

Fürsətdir şairə, yazara zaman.

 

Ürəyin bar versə nur yağar daşa,

Ülfətlə yar olar qardaş qardaşa.

Gözləmə tökə bir yağış-qar, daşa,

Bir həsrət kanıdır yaz Araz, aman!

 

Gözəldir Qarabağ , gedib qalasan.

Azad bir məkandır, yaşa, qal asan.

Şuşanı quşqonmaz, qədim qala san,

Şəninə dastanlar yaz, ara zaman.

 

Olarsan torpağa vurğun, dolaşıb,

Necə qarış-qarış Vurğun dolaşıb.

Kal olsan, baxarsan, vurğun dolaşıb,

Gətirib ruhunu ya zara zaman.

 

Şahlar, sahibisən bir pak amalın,

Ömür eləmisən, pirdi kamalın.

Aqillər haq deyər, gəzin, kam alın,

Eyləyə sözündə yazar, az aman.

Şahlar Hacıyev

 

Ey pul

 

Olub sən insanda çox insan dəyişdirməyib,

Çıxartmağın var üzə sənin xasiyyət, ey pul.

Pul hər işi görəndir deyən pulpərəstlərin,

Olmusan sağ canında əzab, əziyyət,ey pul.

 

Dükan, bazar malıtək alınan əda, nazdı,

Sənin nə vecinə ki, kim razı, narazıdı?

Bir, beşi deyir ki, deyəsən sayca azdı,

Ard-arda düzülübdü günah, qəbahət, ey pul.

 

Var eee… çirkinliyindən, bədliyindən var xəbər,

Neynirsən, yazılanlar dilimdə olub əzbər.

Nələrdən, kimdən ötrü xərclənirsən nə qədər,

Səni mən tanıyantək, tanır söz-sənət, ey pul.

 

Səndən ötrü gedibdir gedənlər fitnə-felə,

Düşünüb düşməyəcək, ilişib, keçib ələ.

Sən elə cür tanınıb, görünmüsən ki, elə,

Bəlli olmamış olmaz sənə cinayət, ey pul.

 

Deyir pul olsun təki, cəhd eləyim sərvətə,

Demir, can ilə olum, fikir verim səhhətə.

Yuxudan duran kimi getməyib başqa səmtə,

Sənə doğru eyləyir edən səyahət, ey pul.

 

Yalandan ötrü deyil, düzə, haqqa xərcləyim,

Alım lazımlı nəsə, od-ocağa xərcləyim.

Aparım səni una, duza, yağa xərcləyim,

Getmirsən mənim ilə, evə, həyətə, ey pul.

Tamam Nur Tağlabiyanlı,

                   27may 2024-cü il

 

Gəlinim

 

Gəlinim Ruhəngiz üçün

 

Qızımtək, balamtək əzizsən mənə

Yüz yaşa oğlumla qoşa, gəlinim.

Sən bizə köçəndən, ev nurlanıbdır,

Gəlməkdə rəftarın xoşa, gəlinim.

 

Adın Ruhəngizdir, ruhuma dadsan,

Oğlum bir qanaddı, sən bir qanadsan.

Yersiz hərəkətə, bəd sözə yadsan,

Xoş sözün can verər daşa, gəlinim.

 

Səliqə-səhmanın hər zövqü oxşar,

Min şükür, balama sən olmusan yar.

Sənə tükənməyən xeyir-duam var,

Ömrünü fərəhlə yaşa, gəlinim.

 

Bu gün sən sevgili, sevilən ana,

İnşallah, olarsan bir gün qaynana.

Hər gəlin sənintək anlaya, qana,

Ömrü yaşamaya boşa, gəlinim.

 

Abır-həyalısan, düşüncən dərin,

Səndən razı qalsın Allahın, ərin.

O qədər alisən, yoxdur dəyərin

Taysan üzükdəki qaşa, gəlinim!

Şərqiyyə Balacanlı

 

Yadıma düşdü

 

Vətən, nə müddətdir qürbətdəyəm mən,

O qarlı dağların yadıma düşdü.

Bu ellərdə görüb qumlu çölləri,

Meyvəli bağların yadıma düşdü.

 

Hər bahar orada bostan əkərdik,

Koldan kənarına hasar çəkərdik.

Yayda qarpızları suya tökərdik,

Bostanın tağları yadıma düşdü.

 

Vətən, bura səndən uzaqdır, uzaq,

Yay isti, qış qarlı, şaxtalı, sazaq.

Ölərik, burada iki il qalsaq,

Səfalı çağların yadıma düşdü.

 

Ah, qürbət əzablı, necə də acı,

Anamçün göynəyir burnumun ucu.

Çoxdandır məktub da yazmayır bacı,

Hər ay yazmaqları yadıma düşdü.

Sayad Abulova

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir