Şəhid övladının doğum günü qeyd edilib
Şəhid məzarlarını, ailələrini, eləcə də bizlərə əmanət olan övladlarını ziyarət etmək müqəddəs borclarımızdandır.
İsmayıllıda şəhid Nicat Aydın oğlu Həsənquliyevin əmanəti olan yeganə övladı Bakir Həsənquliyevin doğum günü qeyd edilib.
Ağdam rayon 30 nömrəli tam orta məktəbin direktoru Sədi Nəzərovun rəhbərliyi ilə məktəbin pedaqoji kollektivi, şəhid ailələrindən olan valideynlər əvvəlcə şəhid Nicat Həsənquliyevin İsmayıllı rayonundakı Şəhidlər xiyabanında ünvan tapmış məzarını ziyarət ediblər. Ziyarətçilər şəhid Nicatın timsalında bütün şəhidlərimizin xatirəsini yad edib, ruhlarına dualar ediblər.
Ziyarətdən sonra mərasim iştirakçıları şəhidin ailəsi yaşadığı evdə Bakir üçün keçirilən doğum günündə, çay süfrəsi kənarında ona olan xoş arzularını dilə gətiriblər. Söhbət əsnasında şəhidlərin heç zaman unudulmayacağı, ailə və övladlarının daim diqqətdə saxlanılacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların əmanətinin yanında olmaq, qayğılarını çəkmək hər birimizin borcudur.
“İsmayıllı xəbərləri”

