Ulu öndərin Azərbaycan dövləti qarşısındakı xidmətləri minnətdarlıq hissi ilə yad olunur
Azərbaycanın müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Ulu öndər Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa, xalqımızın inkişafına, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasına həsr edib. Ötən zaman kəsiyində bu böyük şəxsiyyətin ölkəmiz, xalqımız üçün etdikləri, nail olduğu uğurlar, göstərdiyi xidmətlər bir-bir gözlərimizin önündən keçir. Bu gün isə Ümummilli liderin layiqli davamçısı olan Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni uğurlar qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb.
Ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyev müstəqillik illərini həm yaradan, həm möhkəmləndirən, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. Bütün dünya azərbaycanlıları harada yaşamasından asılı olmayaraq Heydər Əliyevin xatirəsinə ehtiram göstərir. Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub. Onun uzaqgörənliyi ölkəmizin inkişafında əhəmiyyətli rol oynayıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının necə uzaqgörən xarakter daşıdığının hər birimiz şahidiyik. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda artıq nəyi necə etmək lazım olduğunu bilirdi. İlk növbədə sabitliyi təmin etdi. Sabitliyi təmin etməklə yanaşı, cəbhə xəttində atəşkəsə nail olundu. Bu gün tarixi məsafədən baxarkən əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində əvəzolunmaz iz qoymuş, xidmətlər göstərmişdir. Ona görə də, Heydər Əliyev irsi, siyasi kursu bu gün əks-səda verir və bu amil onun əvəzolunmazlığını sübut edir.
Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Ulu öndər Heydər Əliyev bütün sahələr üzrə ölkəmizin inkişafında çox böyük mexanizm qurmuş və inkişafa böyük təkan vermiş insandır. Ümummilli lider Heydər Əliyevin respublikamızın rəhbərliyinə gəlişi ilə bütün sahələr görünməmiş dərəcədə inkişafa doğru irəliləməyə başladı. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev dövlət başçısı olması ilə bərabər çox həssas, insanlara qarşı çox diqqətcil idi. Heydər Əliyev gənc nəslin yüksək biliklər qazanmasına, milli ruhda formalaşmasına xüsusi önəm verirdi. Biz bəlkə də, bunun əhəmiyyətini sonradan dərk etməyə başladıq. Amma Onun birinci hakimiyyəti dövründə minlərlə gəncimiz keçmiş SSRİ-nin məşhur ali məktəblərinə təhsil almağa göndərildi. Gənclər daha çox o ixtisaslar üzrə təhsil almağa göndərilirdi ki, o sahələrdə Azərbaycanda mütəxəssis çatışmırdı. Heydər Əliyevdə əsl lider xüsusiyyətləri və keyfiyyətləri vardı. Bir sözlə, ulu öndər Heydər Əliyev bizim yaddaşımızda silinməz izlər qoyub.
Ulu öndər Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə bütün problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özlərinin minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin – dövlətin üzərinə düşürdü. Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün transformasiya prosesi elə də asan və rahat olmayacaqdı. Əslində Azərbaycanda dövlətin transformasiyası totalitar rejimdən demokratik cəmiyyətə keçidi təmin etməyə istiqamətlənmişdi. Buna isə radikal addımlarla nail olmaq mümkün deyildi. Bu mənada ulu öndər Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi.
Ümummilli lider, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni çağırışlarla müşaiyət olunurdu. Bu dövr Azərbaycanı müstəqil dövlət kimi dünyada tanıtmaq, Azərbaycan xalqının yaradıcı potensialını gücləndirmək, təkcə keçmiş Sovet İttifaqı məkanında deyil, bütövlükdə dünya miqyasında Azərbaycanın qədim tarixini, müasir mədəniyyətini təbliğ etmək, onu gücləndirmək, beynəlxalq səviyyədə gedən prosesləri tətbiq etməklə, bu sahənin inkişafını təmin etməklə səciyyələnirdi. Ulu öndər Heydər Əliyev bu məsələlərə ciddi nəzarət edirdi. Eyni zamanda, Heydər Əliyev çox insani keyfiyyətlərlə zəngin bir insan idi. O, yaradıcı insanlar arasında bəzən ortaya çıxan çətinliklər, problemlər, ziddiyyətlərin nə qədər böyük ustalıqla, səbrlə və peşəkarlıqla həll edilməsinə kömək göstərirdi. Eləcə də, onların yaradıcılıq prosesinə ciddi dəstək göstərirdi, sosial məsələlərinin həlli ilə yaxından məşğul idi. Bütün bunlarla yanaşı Heydər Əliyevin yaradıcı insanlarla şəxsi münasibətləri də yüksək səviyyədə idi.
Azərbaycan Prokurorluğunun öz xalqının və müstəqil dövlətçiliyin maraqlarına xidmət edən qurum kimi formalaşması yalnız Heydər Əliyev dövlətçilik siyasəti nəticəsində mümkün olmuşdur. Məhz xalqımızın ümummilli liderinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları gedişində görülən tədbirlər sayəsində Azərbaycan Prokurorluğunun fəaliyyətində əsaslı dönüş yaradılmış, prokurorluğa qarşı tələbkarlığın artırılması, onun kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması təmin edilmiş, prokurorluğun maddi-texniki təminatının daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini vermişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunu, mütərəqqi dövlətçilik konsepsiyasını uğurla davam etdirməsi nəticəsində ölkəmiz öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Bu baxımdan, son vaxtlar aparılan struktur və kadr islahatları diqqətəlayiqdir və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan daha da inkişaf edir, güclənir, qüdrətlənir. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, gənclərimizin torpaq, Vətən sevgisi Zəfərimizdə böyük rol oynadı. Dövlət başçısı İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini gənclərimizə diqqət və qayğıda da nümayiş etdirir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. Xalqını, dövlətini necə böyük məhəbbətlə sevirdi ki, Azərbaycana İlham Əliyev kimi Prezidenti, dövlətini, xalqını sevən lideri bəxş etdi. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan bütün sahələrdə inkişaf edir. Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətməkana çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir.
Emin Quliyev,
Zaqatala Hərbi Prokuroru, ədliyyə polkovnik-leytenantı