Ürəkdə həyat sevgisi olanda
Həyata bağlı insandır, işini, peşəsini, ətrafdakıları, bir sözlə, dünyanın bütün gözəlliklərini sevir. “Sevgisiz yaşaya bilən insan varsa, mən ona yaxşı baxmıram”, – deyir Mətləb.
Yaxşı atanın yaxşı da övladı olmalıdır. Ot kökü üstə bitər. Bu atalar sözü olmasa da, həyat göstərir ki, yaxşı nəsildən yaxşı övladlar, ürəyi sevgi ilə dolu sevimli davamçılar yetişir. Elə bizim Mətləb Aydın oğlu Mamedov kimi.
Mətləb uşaq vaxtlarından çalışqan olub, hər şeyi öz zəhmət və bacarığı ilə əldə etməyi qət edib, başqalarının köməyinə ümid olmadan. Bugünkü səviyyəyə qalxmasında atası Aydın kişinin, anası Rəhilə xanımın, idmanın ağırlıqqaldırma növü üzrə dünya çempionu Asif Məlikovun, müəllimlərinin köməyi olsa da, uğurlar əldə etməkdə özünün mübarizliyi, həyata, eləcə də özünə sevgisi əsas rol oynayıb. Uşaqlıqdan taleyini axtarıb, onu tapmağa çalışıb. Çox xoşdur ki, bu axtarışlar da öz işini görüb.
Ötəri haşiyə çıxıb, oxucuya bildirim ki, Mətləbi anadan olduğu gündən tanıyıram. Onun müvəffəqiyyətlə davam edən ömür yolu sanki maraqlı bir kitabdır. Oxuduqca oxumaq istəyirsən. Hörmət bəslədiyim, çox sevdiyim gəncdir. Gözəlliklər məskəni, İsmayıllının, hətta Azərbaycanın ən kiçik kəndi olan Pirəqanım əsilli olsa da, dərin kökləri olan nəsl-şəcərəsi, qohum-əqrəbası var. Mətləb Pirəqanım kəndini təkcə saf suyu, təmiz havası olduğu üçün deyil, o torpaqda ulularının uyuduğuna görə sevdiyini deyir və imkan tapdıqda o unudulmazları ziyarət edir. Bu, məncə Vətənə, torpağa bağlılığın, sevginin bəyənilən təzahürüdür. Bütün bunlar söz yox ki, həm də onun görüb-götürdükləridir.
Əsl insan özündən sonrakı nəsillərə ötürməsi üçün doğru yol, pak əməl, yaxşı, təmiz ad–san qazanmalıdır. Bunu daha yaxşı qanından, genindən, əsl-nəcabətliyindən halallıq, düzlük gələnlər, daxili dünyası xeyirxahlıq, mənəvi sərvətlə, sevgi ilə dolu olanlar bacarırlar.
Həyatda yollar çoxdur, hamısı da bir-birindən fərqli – uzun, qısa, əyri, düz. Amma heç də hamının iz qoya bilmədiyi bir yol da var – inam, əqidə, ilahi sevgi, mənlik yolu. Mətləbin fikrincə, əsas odur ki, öz yolun olsun. Bu yolu tutub gedəsən, yolunu azmayasan.
Bir yol da var. Onun adı ömür yoludur. Bu yol hər kəsin yalnız özünə məxsusdur. Belə insanlar həyatlarının mənasını xalqa, vətənə xidmət etməkdə görür, şəxsiyyət kimi yetişirlər. Onlardan biridir bu kiçik yazının qəhrəmanı…
Mətləb 28 dekabr 1984-cü ildə zəhmətkeş bir ailədə, İsmayıllıda dünyaya göz açmışdır. 1991-ci ildə Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuş, doqquzuncu sinfi burada bitirmişdir. Məktəbdə oxuduğu illərdə idmanla daha çox məşğul olmuş, dünya şöhrətli, tanınmış ağırlıqqaldırma ustası Asif Məlikovun məşqlərində mütəmadi iştirak etmiş, ağır atletika və idman tərkibli bir çox mötəbər yarışların iştirakçısı olmuşdur.
Mətləb orta məktəbi Bakı şəhərində yerləşən Olimpiya İdman Liseyində davam etdirmişdir. O, liseydə də ağırlıqqaldırma sahəsində çoxsaylı uğurlar qazanmış, bu sahə üzrə məqşlərini “Neftçi” və “Təhsil” İdman Cəmiyyətlərində davam etdirmişdir.
2000-2009-cu illərdə Azərbaycan çempionatlarında müxtəlif turnirlərdə ağırlıqqaldırmada yüksək yerlər tutmuş, dəfələrlə Azərbaycan Respublikasının çempionu olmuşdur. 2002-ci ildə Azərbaycan Respublika Olimpiya İdman Liseyinin on birinci sinfini bitirmişdir. 2006-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını əla qiymətlərlə başa vuraraq, bədən tərbiyəsi və məşqçi-müəllim ixtisasına yiyələnmişdir. Hazırda idman ustası adını daşıyır.
Mətləb Aydın oğlu Mamedov 2006-2007-ci illərdə Naxçıvanda, “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. Xidmət dövründə kiçik çavuş, çavuş və daha sonra Bakı şəhərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyyat zabit hazırlığı kursunu komanda ixtisası üzrə uğurla bitirərək leytenant rütbəsinə yiyələnmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra 2007-2009-cu illərdə İsmayıllı Rayon Təhsil Şöbəsinin Uşaq-Gənclər İdman Məktəbində ağır atletika bölməsində məşqçi kimi iş fəaliyyətinə başlayıb. Burada çoxlu sayda hazırladığı idmançılar olub. Onlar Mətləb müəllimin rəhbərliyi ilə Respublika miqyaslı yarışların qalibləri olublar.
Mətləb 2009-cu ildə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Müxtəlif vaxtlarda bölük komandiri, rabitə və kəşfiyyat bölmələrinin rəisi vəzifələrini şərəflə icra edib.
Hazırda Mətləb Aydın oğlu Mamedov FHN-nın Mülki Müdafiə Qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsində fiziki hazırlıq və idman rəisi vəzifəsində, mayor rütbəsində xidmət edir.
Atdığı hər addımda qanunun aliliyini, haqq-ədaləti həmişə gözləyir. İnsan amilini və ona sevgini yüksək tutur. Mətləb xidməti dövründə – 2009-2024-cü illər ərzində FHN-də keçirilən yarışlarda dəfələrlə çempion adını qazanıb. Müxtəlif medallar, döş nişanları, Diplom və Fəxri fərmanlara layiq bilinib.
Mətləb gəncdir, uğurları hələ irəlidədir. Nə qədər ki, o, həyatı, insanları, öz işini sevir daha böyük uğurlara imza atacaq, biz buna əminik.
Mətləbin ömür-gün yoldaşı Ülkər xanım heç vaxt adlı-sanlı, şöhrətli olmağı ağlına belə gətirməyib. Qayınatasına, qayınanasına doğma valideynləri kimi baxır, diqqətli olur, onlara. Qohum-əqrəba da ondan razıdır, çox istəyirlər onu. Ailə xoşbəxtliyi insan ömrünün bəzəyidir. Bu xoşbəxtlik işığını Ülkər xanımın evində yandıran elə onun özüdür. Hər ailə özlüyündə kiçik bir dünyadır. Bu ailədə sevgi işığı yanır, ailə məhəbbəti yaşanır. Bu işığın şöləsində iki bala böyüyür. Mətin dərs əlaçısıdır. Futbolla məşğul olur. Həmyaşıdları arasında keçirilən yarışlarda Fəxri yerlər tutur həmişə. Gələcəyə ümid dolu arzularla gedir. Dan ulduzu kimi parlayan Zümra xanım da gələcəkdə anasının yolu ilə getməyi, oxuyub ali təhsil almağı qarşısına məqsəd qoyur.
Ailədə Mətləbdən başqa üç qardaş – Xəyal, Tural və Asim də artıq ailə başçılarıdır. Hərənin özünə məxsus ev-eşiyi var. Xəyalın üç övladı, Turalın ekiz oğul balaları, Asimin bir qız övladı var. Hər üç qardaş Mətləb kimi uşaqlıqdan idmanla məşğuldurlar. Xəyal cüdo üzrə yarışlarda dəfələrlə iştirak edib, rayon, respublika yarışlarının iştirakçısıdır. Hazırda atası Aydın kişinin çalışdığı İsmayıllı Rayon Suvarma Sistemləri İdarəsidə traktorçudur. Tural sərbəst güləş üzrə güləşçidir. FHN-nin İsmayıllı Rayon Yanğından Mühafiz İdarəsinin baş çavuşudur.
Türkiyədə baş verən zəlzələdə xilasetmə işlərində fədakarcasına çalışıb. Ondan çox insanı dağıntılar altından xilas edib. Saysız-hesabsız Təşəkkürnamə, Tərifnamə və Diplomlarla mükafatlandırılıb. Asim isə hələ ki, işsizdir. O da idmanın sərbəst güləş növü ilə məşğul olur. Ailə bütövlükdə zəhmətsevərdir.
Mətləb, sən ana torpağımızın ləyaqətli övladlarındansan! Şərəfli ömür yolu keçirsən. Sənə işində uğurlar, həyatda möhkəm can sağlığı arzulayıram.
Hacıməmməd Məmmədov