Düzü düz, əyrini əyri və yaxud işinin vurğunu
İsmayıllı rayonunun Göytəpə kəndində 90 il əvvəl anadan olan və hazırda el ağsaqqalı kimi doğulduğu torpaqda yaşayan eloğullarımızdan biridir Həsənov Əhməd Baba oğlu.
Onu təkcə öz kəndlərində deyil, İsmayıllının hər yerində, hətta respublikada da kifayət qədər yaxşı tanıyırlar.
Nəsilliklə İsmayıllı torpağına bağlı olan, mənalı ömür yolu keçmiş bu ziyalı çalışdığı bütün sahələrdə Azərbaycan vətəndaşlığını ləyaqətlə təmsil etmişdir. O, bugünkü ağsaqqallığına şərəfli addımlarla, işini, əməlini hər şeydən uca tutmaqla çatıb. Bir sözlə, görüb-götürmüş insandır Əhməd baba. Ağsaqqal sözü onun üçün həmişə qanun olub. Anadan olduğu gündən bu günə kimi. Axı indi özü ağsaqqaldır.
Hər kəsin dəyəri onun əqli rəftarı və əməyə, hansısa bir işə bağlılığı ilə müəyyən olunur. Biri dərin təfəkkürü, digəri qurub-yaratdıqları ilə tanınır, hörmət qazanır, cəmiyyətdə özünə yer tutur. Xoş o adamın halına ki, bu keyfiyyətlər onda cəmləşib. Bu balaca yazının ağsaqqal qəhrəmanı Əhməd Həsənov sadalanan yüksək insani keyfiyyətlərin sayəsində xoşbəxtdir, desək, yəqin səhv olmaz. Tanıyanlar yanında onun üzü ağ, vicdanı rahatdır.
Söhbətlərindən bəlli olur ki, istər tələbəlik dövründə, istərsə də əmək fəaliyyətinə başlayandan sonra ictimai işlərdə yaxından iştirak edib. Haqqın, halallığın tərəfdarı olduğundan təşkilatçılıq işlərini çox zaman ona etibar ediblər. Harada çalışmağından asılı olmayaraq, yüksək intellekti və çalışqanlığı ilə diqqət çəkən olub. O, əmək fəaliyyətinə başladığı ilk günlərdən özünü bacarıqlı, bilikli, işgüzar bir maliyə müfəttişi kimi tanıdaraq sayılıb-seçilən, tanınmış mütəxəssislərdən biri olub. İsmayıllı rayonunun Statistika və Maliyyə İdarələrində uzun müddət qüsursuz çalışıb. Onunla bərabər çalışmış, onu tanıyan adamlar haqqında hörmətlə danışır, Əhməd Həsənovu tələbkar, prinsipial, nöqsanlara qarşı barışmaz, eyni zamanda da ədalətli, qayıkeş bir insan kimi təqdim edirlər.
İşlədiyi müddətdə rayonun sosial inkişafı sahəsində yorulmadan əmək sərf etmiş, kolxoz və sovxozda iqtisadi təhlillər, yoxlamalar apararaq nöqsanları aşkarlamış və onların aradan qaldırılması üçün səmərəli işlər görmüşdür.
Ə.Həsənov bacarıqlı mütəxəssis olmaqla yanaşı, həm də güclü hafizəyə, məntiqi nitqə və mədəni rəftara malik olub. Şükürlər olsun ki, bu gün də elədir. Onda olduğu kimi, indi də harada olsa, hansı məclisdə iştirak etsə, onu başa çəkib yer və söz verirlər. Bugünün özündə də söhbəti, biliyi, keçən sözü və məsləhətləri ilə diqqəti cəlb edir. O, İsmayıllının statistika tarixinə ömrünün nə az, nə çox, düz 24 ilini verib. Respublikada, eləcə də rayonda ən təcrübəli və bacarıqlı statistika işçisi kimi tanınıb.
Əhməd Həsənov İsmayıllı Maliyyə İdarəsində isə 26 il çalışıb. O, qeyd edir ki, maliyyə idarəsinə əsasən idarə mühasibləri, eləcə də maliyyə-uçot məsələləri ilə əlaqəli adamlar müraciət edərdi. Onları düzgün təlimatlandırmaq, düzgün hesabatlar qəbul etmək, məsələlərə dəqiq yanaşmaq tələb olunurdu. Bu işlərdə həmişə dəqiq və düzgün mövqedə olurdum. Maliyyə işi rəqəmlərlə oyun olsa da, bu sahədəki oyunbazları sevmirdim. Böyük, ciddi yoxlamalarda, mübahisəli işlərdə məni irəli verərdilər. Bilirdilər ki. düzü düz, əyrini əyri göstərəcək, dəqiq hesabatlar hazırlayacaq, kiminsə tərəfini saxlamayacağam.
Bu xüsusiyyətlərinə görə onun adı indi çoxlarına tanışdır. Zəhmətkeş adamların, qələmi həqiqəti yazanların yaxın dostudur. Onun barəsində Göytəpə kənd ümumi orta məktəbinin direktoru Adgözəl müəllim xoş sözlər söylədi. Bildirdi ki, Əhməd kəndimizin ən hörmətli ağsaqqallarındandır. Hər işdə onunla məsləhətləşirik. Onun xeyir-duası olmayan işə başlamırıq. Kəndin ictimai həyatında həmişə hamıdan öndədir, cəmiyyətdə əsl ziyalı kimi yeri olan ağsaqqaldır. Sadə davranışı, mehriban xasiyyəti ilə Hamının qəlbinə yol tapıb. Hamı ilə xoş və səmimi rəftar edir. Əmək veteranıdır, çoxsaylı Fəxri fərmanların, təltiflərin sahibidir. O, təkcə nəvələrini deyil, uşaqların hamısının babasıdır. Tez-tez məktəbə gəlir. Təhsilin səviyyəsi, uşaqların davranışı ilə maraqlanır Onun duzlu, maraqlı söhbətlərindən doymaq olmur. Çox həssas adamdır. Nə yaxşı ki, bizim belə Əhməd babamız var.
Ömür yolu örnək olan Əhməd baba haqqında bu kiçik yazını qəzetə təqdim etdim. Yəqin ki, onun haqqında daha böyük yazılar da qələmə almaq olar. Sağlıq olsun.
Hacıməmməd Məmmədov