Onun həyat yolu nümunədir
Tünzalə Sahab qızı Həsənova 1961-cü ildə İsmayıllıda anadan olub. 1978-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbini bitirib. Rabitə işinə olan həvəsi onu 1979-cu ilin avqist ayından rayonun Rabitə Qovşağına gətirib. Burada bir il işlədikdən sonra çalışdığı sahə üzrə biliklərini artırmaq məqsədi ilə sənədlərini Baki Rabitə Texnikumuna verib.
Orta məktəbi müvəffəq qiymətlərlə bitirməsi, sevdiyi iş sahəsi ilə gündəlik ünsiyyət burada onun köməyinə çatdı. Qazandığı tələbə adını istehsalatdan ayrılmadan müvəffəqiyyətlə daşıdı. 1981-ci ildə texnikum təhsilini başa çatdırdı.
T.Həsənova əmək fəaliyyətinə rabitə şöbəsində çeşidləyici kimi başlasa da, az müddətdən sonra telefonçu olmaqla hamının hörmətini qazandı. Daha sonra kadrlar üzrə mühəndis vəzifəsini şərəflə daşıdı. Uzun illər bu işin öhdəsindən layiqincə gəldi. İşindəki çalışqanlığı, əhali ilə səmimi rəftarı idarə rəhbərliyinin diqqətindən qaçmadı. Yaxşı işinə görə dəfələrlə mükafatlara layiq görüldü, Fəxri fərmanlar aldı.
Çalışdığı idarənin, eləcə də rayonun ictimai işlərində göstərdiyi fəalliq gənc Tünzaləni İsmayıllı Rayon Partiya Komitəsinin büro üzvlüyünə qədər seçilənlərdən etmişdi.
İllər ötdüşcə işgüzar rabitəçinin uğurları da artır, həyat və əmək fəaliyyəti pillələrində yüksəlməkdə davam edirdi.
2000-ci ildə Tünzalə Həsənova İsmayıllı Poçt Filialına əvvəlcə kadrlar üzrə mütəxəssis, xeyli işlədikdən sonra isə, elə burada insan resursları üzrə müfəttiş vəzifəsinə irəli çəkilib.
Tünzalənin yurdsevərliyi, vətəndaşlıq mövqeyi onun Yeni Azərbaycan Partiyası sıralarına ilk qəbul olunanlardan olması ilə aydın görünməkdədir.
Peşəsi ilk baxışdan sadə görünən bu səmimi qadın həm də sədaqətli həyat yoldaşı, mehriban ana, qayğıkeş nənədir. O, 2 övladın anası, eləcə də 2 sevimli nəvənin nənəsidir.
Bu yaxınlarda, peşə bayramı gününün qeyd edilməsi ilə əlaqədar respublikada rabitə və informasiya texnologiyalarının inkişafında böyük əməyi olan işçilərin zəhmətinin qiymətləndirilməsi məqsədilə nazirliyin əmri əsasında bir qrup rabitəçi “Rabitə ustası” fəxri adına layiq görülüb. Tünzalənin də adı təltif olunanlar sırasındadır
Tünzalə Həsənova ilə bağlı aldığımız bu sevindirici xəbər təkcə onun ğzünü deyil, çalışdığı kollektivin üzvlərini, yaxınları, dost-tanışı da yetərincə sevindirib. 45 illik fasiləsiz fəaliyyətinə və əldə etdiyi yüksək peşə uğurlarına görə Tünzalə Sahab qızı Həsənovanı ürəkdən təbrik edir, onun nümunə olan həyat yolunun davamlı olmasını arzulayırıq.
Ş.Soltanov