Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır    

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Təbii ki, bu xatırlatmamız səbəbsiz deyil. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. Qeyd etidyimiz kimi, narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb edən prosesdir. Ölkənin maliyyə imkanlarının artırılması üçün isə təbii ki, iqtisadi qüdrət artırılmalıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün əsasını qoyduğu neft strategiyası bu gün də uğurlarımızın davamlılığına zəmin yaradır. Azərbaycan çox qısa zamanda iqtisadi qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı daha da artdı. Bir əsas məqam da hər zaman önə çəkilir ki, ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi mütləqdir. Bunun üçün ayrı-ayrı sahələr üzrə Dövlət Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur.

Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir.

Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ hüquqi baza yaradılıb və qanunvericilik sistemi təkmilləşdirilib və bu istiqamətdə xeyli işlər görülüb. Təsadüfi deyil ki, ölkəmiz 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulub. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə mübarizə ilə əlaqədar konvensiyalara qoşulduqdan sonra da bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olunub. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə Günü” kimi qeyd olunduğu üçün hər il həmin gün ayrı-ayrı dövlətlərin bu sahədə müsbət nəticələrə nail olması, ümumbəşəri problemlə mübarizə üsulları və narkomanlığın müalicə metodlarının təkmilləşdirilməsi barədə beynəlxalq fikir mübadiləsi aparılır. Azərbaycan tərəfinin bir sıra dövlətlər və beynəlxalq qurumlarla birgə fəaliyyəti və sıx əməkdaşlığı da uğurla həyata keçirilir. Bu dəhşətli bəlaya qarşı dövlətlərin birgə mübarizəsində Azərbaycanın mühüm rol oynamasının göstəricilərindən biri də məhz sözügedən mövzuda beynəlxalq konfranslara ev sahibliyi etməklə hər bir dövlətin malik olduğu imkanların təqdimatına, təcrübənin bölüşdürülməsinə və birləşdirməsinə yol açmasıdır. Bakıda baş tutan tədbirlər iştirakçı dövlətlərin hüquq-mühafizə orqanları, regional və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə doğru atılan mühüm addımlar olmaqla, beynəlxalq problemə çevrilmiş narkotiklərin qanunsuz yayılmasının qarşısının alınmasında maraqlı tərəflərin qətiyyətini daha da artırır. 2004-cü ilin yanvarında Bakıda keçirilmiş “Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusundakı beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb: “…Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, iqtisadi vəziyyətindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir…”. Müzəffər ali baş komandan prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlamışdır. Bu gün hər bir Azərbaycan Respublikasının vətəndaşları narkomaniyaya qarşı mübarizə siyasətində aktiv iştirak etməlidir.

rid Quliyev,

Zaqatala Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə leytenantı

 

Şərh Yaz