2023-cü ilin yanvar-mart aylarında  İsmayıllı rayonunun sosial, iqtisadi inkişafı

   

Makroiqtisadi göstəricilər

2023-cü ilin yanvar-mart aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən nominal ifadədə 49071,4 min manat həcmində ümumi məhsul buraxılışı olmuşdur. İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə nominal ifadədə 12,0 faiz artaraq 545,8 manat təşkil edir. Məhsul və xidmətlərin 53,2 faizi istehsal sahələrinin, 46,8 faizi isə xidmət sahələrinin payına düşür.

Ümumi məhsul buraxılışının 44,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 33,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 12,5 faizi sənaye, 7,6 faizi tikinti, 1,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,9 faizi informasiya və rabitə sahələrində istehsal edilibdir.

Keçən ilin müvafiq dövrü ilə  müqayisədə real ifadədə kənd təsərrüfatı məhsulunun həcmi 0,4 faiz, nəqliyyat və anbar təsərrüfatı 4,4 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 30,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sektoru 0,8 faiz artmış, sənaye istehsalı 2,7 faiz, tikinti sahəsi 2,4 faiz azalmışdır.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 6122,5 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalı real ifadədə 2,7 faiz azalmışdır. Sənaye məhsulunun 71,5 faizini emal sənayesində, 22,4 faizini elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 6,1 faizini isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə  nisbətən emal sənayesində 27,5 faiz, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 0,1 faiz azalma, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 15,2 faiz artım olmuşdur.

Kənd təsərrüfatında 2023-cü ilin yanvar-mart aylarında diri çəkidə 1345 ton ət, 9154 ton süd, 2767 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə diri çəkidə ət istehsalı 2 ton, süd istehsalı 11 ton, yumurta istehsalı 7 min ədəd artmışdır.

2023-cü ilin yanvar-mart aylarında 1265,4 hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38 faiz çox yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 511,4 hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 1,1 hektar dən üçün qarğıdalı), 488 hektar sahədə kartof, 115 hektar sahədə tərəvəz, 151 hektar sahədə çoxillik otlar əkilmişdir.

2023-cü ilin yanvar-mart aylarında əsas kapitala 1908,2 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 76,5 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 926,7 min manatı və ya 48,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2023-cü ilin yanvar-mart aylarında 2743,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,2 faiz azdır. Tikinti təşkilatları tərəfindən 3730,4 min manatlıq tikinti işləri yerinə yetirilmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 159,5 min ton yük və 640,5 min sərnişin daşınmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 29,5 faiz, sərnişin daşınması isə 12,4 faiz çox olmuşdur.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 453,0 min manatlıq xidmətlərin 97,2 faizi əhali sektoruna aid olmuşdur. 2023-cü ilin    yanvar-mart aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz artmışdır.

2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 68950,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 8760,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 0,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunun gəlir 11,6 faiz artmış, ticarət şəbəkəsində 49250,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19700,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2023-cü il martın 1-i vəziyyətinə rayonda muzdla işləyən işçilərin siyahı sayı 8913 nəfər təşkil etmişdir ki, onların da 5410 nəfəri dövlət mülkiyyətində, 3503 nəfəri qeyri-dövlət mülkiyyətində çalışanlar olmuşdur. Bir işçinin orta aylıq nominal əməkhaqqı 553,6 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 11,3 faiz  yüksək olmuşdur.

Əziz Əzizov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                                

 

Şərh Yaz