Səsi iliyə, sümüyə işləyən el sənətkarı   

            

 

İnsan Yaradanın yer üzünə bəxş etdiyi ən böyük sərvətdir. Yer üzünün əşrəfi olan bu varlıq öz adını doğrultmaq üçün daim  mübarizədə, inkişafda, tərəqqidə olur. O, əqidə və məslək savaşında həmişə qalib və birinci olmağa can atır. Çox vaxt insan bu çarpışmadan üzüağ çıxmağı bacarır. Bəzən isə əksinə, tutduğu yolun səhv olduğunu dərk etmədən uduzur.

Bizim yazı qəhrəmanımız çoxuna örnək olan bir ömür yaşayır. Onu hamıya sevdirən saflığı, təmizliyi, düzlüyüdür. O şəxs bənzərsiz səs sahibi, el şənliklərinizin istedadlı ifaçısı, incəsənətimizin mahir təbliğatçısı Qalib Xatəmi oğlu Gülalıyevdir.

Qalib 1968-ci ilin may ayında İsmayıllı rayonumuzun dilbər güşəsi, hər tərəfdən dağlarla əhatə olunmuş, sərin, saf sulu bulaqları ilə zəngin bir məkanda, Zərnava kəndində dünyaya göz açıb. Atası Xatəmi kişi anası Firəngiz xanımla birlikdə on övlada – beş qız və beş oğlan uşağına valideynlik ediblər. Qalib ailənin dördüncü övladı olub.

1975-ci ildə kənd məktəbinin birinci sinfinə gedib. Hamı kimi orta məktəbi bitirib. Məktəbdə oxuyarkən bədii özfəaliyyət dərnəyinə üzv yazılıb. O vaxtlar kəndlərdə klublar da fəaliyyət göstərirdi. Həm məktəbdə, həm də klubda Qalib dərnəklərin fəal üzvlərindən idi. Keçirilən baxış müsabiqələrində müvəffəqiyyətli çıxışları diqqətdən yayınmırdı.

Ədəbiyyat, tarix və təbiət fənlərini gözəl bilirdi. Kənddə keçirilən toylarda iştirak edər, müğənni və aşıqları dinləyərdi. Hələ uşaqlıqdan musiqiyə böyük həvəsi, meyli vardı. Toylarda, el şənliklərində məclis aparan aşığa, oxuyan müğənniyə hədsiz maraq və istəklə qulaq asar, evə gəldikdən sonra məclisdə gördüklərini təkrar etməyə çalışar, müğənninin, aşığın oxuduğu mahnıları zümzümə edər, eşitdiklərini əzbərləməyə çalışardı.

Qalib böyüdükcə incəsənətə, musiqiyə olan istəyi də artır və ciddiləşirdi. O, ilk dəfə böyük səhnəyə 1979-cu ilin may ayının 18-də keçirilən  mahnı festivalında çıxıb. Qalib Gülalıyev əmək fəaliyyətinə iaşə xidməti sahəsindən başlayıb. Bir müddət elə oxuduğu məktəbin bufetində çalışıb. Bu işdə olan səriştəsi də onu kollektivin sevimlisi edib.

Qalib Gülalıyev 1986-cı ildə hərbi xidmətə çağırılır, iki il sonra tərxis  olunur. Elə həmin il komsomol göndərişi ilə Baykal-Amra işləməyə gedir. Burada istehsalatda çalışmaqla texnikuma daxil olur. Orta ixtisas təhsili alır. Üç il “Moskva-Vladivostok”  xətti üzrə işləyən sərnişin qatarında bələdçi kimi fəaliyyət göstərir.

1991-ci ildə Qarabağ müharibəsi başlayanda Vətənə qayıdır. Meydanlarda azadlığa dəstək verən mübarizlərə qoşulur. 1992-ci ildən İsmayıllı Mədəniyyət Evində işlə təmin olunur. Onun əsl səhnə həyatı da elə bu vaxtdan başlayır. Ömünü-gününü, həyatını musiqiyə, səhnəyə bağlayır. Deyirlər, insanı dörd şey hörmətli edir: doğru danışmaq, ədəbli olmaq, xoşxasiyyətlilik, bir də savadlı olmaq. Bunların dördü də Qalibdə var. Onun təbiətində ədalətin əsası aydın görünür. Hamı onu xeyirxah və ətrafdakılara  xeyir verən bir qayğıkeş kimi tanıyır.

Qalib dostluğa sadiq adamdır. Bədii qiraəti çox sevir. Klassiklərimizin bir çoxunun əsərlərini əzbər bilir. Yaradıcı ruhlu insandır. O, heç vaxt heç bir çətinlikdən qorxmayan, çalışmaqdan yorulmayan, gələcək nəsillərə örnək olacaq bir ömür yolunun yolçusudur. Amalı, getdiyi yolda həyata keçirdiyi işlər xalqına və dövlətinə xidmətdir. O, bu müqəddəs, ali hisslərinihamıya adi sözlərlə deyil, musiqinin dili ilə çatdırılır. Qalib bu işi gözəl bacarır. Bir qədər obrazlı ifadə etsək o, bu işin qalibidir.

Mədəniyyət sahəsində işlədiyi müddətdə Q.Gülalıyev çoxsaylı Diplom və Fəxri fərmanlarla təltif olunub. Rayonun elə bir mədəni-kütləvi tədbiri olmur ki, Qalib orada iştirak etməsin. Hətta Rusiyanın bir çox şəhərlərində konsertlər verib, toy şənliklərində iştirak edib. 1999-cu ildə Türkmənistanda, Ukraynada çoxlu konsertlərdə və həmin ünvanlarda yaşayan həmvətənlərimizin etdikləri toy şənliklərində olub.

2014-cü ildə televiziyanın keçirdiyi “Toylar kralı”ı, 2017-ci ildə “Mədəniyyət” kanalında gedən “Milli səs” yarışmalarının qalibi olub.

Qalib rayonda Mədəniyyət evi nəzdindəki xalq teatrında da onlarla rollarda çıxış edib. Gözəl saz ifaçısıdır. “Lahıc” folklor qrupunda iştirakçıdır. Şənliyə köklənmiş el məclislərinin, nişan və toylarımızın  bacarıqlı aparıcısıdır. Yüksək musiqi duyumu olmaqla bərabər, muğamlarımızın, xalq mahnılarımızın əla ifaçısıdır.

Qalib Gülalıyev Azərbaycan Aşıqlar Birliyinin sevilən, seçilən üzvlərindəndir. Televiziyanın “Mədəniyyət” kanalında, eləcə də digər kanallarda dəfələrlə çıxışları olub, müsabiqələrdə iştirak edib. 2018-ci ildə Türkiyədə xanəndə və aşıq sənətinin mahiyyətini yüksək səviyyədə təbliğ edib.

Onun özünəməxsus səsi ruha qidadır. Dinləyən: bir də dinləyəydim, – deyir

İstənilən şənlikdə Qalibi xalq musiqisinin, muğamlarımızın, bəstəkar mahnılarının özünəməxsus tərzdə ifaçısı kimi alqışlarla qarşılayırlar. O, hamı tərəfindən sevilə-sevilə dinlənilir. Onun xoş, şirin və həzin səsi sanki mahnıların və muğamların boyuna biçilib. Sirli-sehrli nəfəsi eşidəni öz cazibə sahəsindən kənara buraxmır. Onu dinlədikcə dinləmək istəyirsən. Sadə el deyimi ilə desək “səsi insanın iliyinə, sümüyünə işləyir”.

Elimizin, obamızın sənətkar oğlunu 55 yaşı münasibəti ilə təbrik edir, ona sevgi ilə addımladığı yolda yüksək uğurlar arzulayıram.

Hacıməmməd Məmmədov

 

Şərh Yaz