Ölkəmizdə 5 May – “Xalçaçı Günü”dür   

 

                   

 

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq beş ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün – mayın 5-i “Xalçaçı günü” kimi qeyd olunur.

Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə – milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.

Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.

Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcək.

Şərh Yaz