“Dağ çiçəkləri”

 

Bu dağlara gəlmişəm

 

Ürəyimdən qəm götürən, dərd alan,

Ömrüm-günüm bu dağlara gəlmişəm.

Qədim-qayım kahaları əjdaha,

Daş suvaqlı otaqlara gəlmişəm.

 

Ayağı daş, daş əlləri başdadı,

Çınqılları qopub məni daşladı,

Leysanları, yağışları başladı,

Çoban yurdu yaylaqlara gəlmişəm.

 

O buluda əl uzatsam əl çatar,

Külək qopar, saçlarına əl qatar,

Ötüb keçir başı üstən durnalar,

Bənövşəli ilk bahara gəlmişəm.

 

Niyalımda, Babadağda min qonaq,

Fit dağında Xan sarayı, Qırxotaq,

Küpücümdən, Canalıdan var soraq,

Şair ruhlu bu diyara gəlmişəm.

 

Kəpəz də var, Dəli dağ da, Murov da,

Şəhidlərin ruhu gəzir o yurdda,

Vəsf eləyib Göyəzəni Vurğun da,

Seyrə çıxıb xoş güzara gəlmişəm.

 

Qəribədir bu dağların oyunu,

İçib doymur çaylarının suyunu,

Şax saxlayıb qamətini, boyunu,

Üz sürtməyə daş-divara gəlmişəm.

 

Qəlbimdədir dağ-dağ olan dağlarım,

Götürüb mən onu hara aparım?

Dərmanımdır Vətən, torpaq, dağlarım,

Dərdlərimə tapım çarə, gəlmişəm!

Murad Məhərrəm

 

Unudulan deyilsən

 

Baş leytenant, şəhid Famil Əhmədzadənin məzarı önündə düşüncələr:

 

Vətəni sevə-sevə vuruldun tarixinə,

Vətən dara düşəndə tələsdin harayına.

Oğul kimi, ər kimi düşmənə gərdi sinə,

Gülə-gülə üz tutdun Şəhidlər sarayına.

 

Əzizlərinlə birgə üzülür eldə hamı,

Bizimlə yoxsan, amma Haqqın dərgahındasan.

Sənsiz keçirsək də biz bu gün toyu, bayramı,

Deyib-gülmək, oynamaq deyil o qədər asan.

 

Tarix dərsi dediyin oğullar tarix yazdı,

“Ardımca gəlin!” – dedin, sən “İrəli!” – demədin.

Yurdumuza göz dikdi, yağı yolunu azdı,

Döyüşlərdə dərsini verdin düşmənin, bədin.

 

Sən əbədi qəhrəman, oğlumuz, balamızsan,

Unudulan deyilsən, ötsə də qərinələr.

Bizim də növbəmiz var, gedəcəyik həyatdan,

Qəbrini ziyarətə yeni nəsillər gələr.

Şərqiyyə Balacanlı

 

Mayamız sevgidir

 

Sevgisiz nə varsa, boş şeydi, puçdu,

Diqqət et, nifrət də sevgidən doğur.

Sevgisiz yaşamaq ən böyük suçdur,

Sevməyən canidir, özünü boğur.

 

Mayamız sevgidir, Haqqa bəlli bu,

Haqqı sevməyənin mayası zaydır.

Bizi varlıq edən – torpaq, hava, su,

Duymamaq, sevməmək heçliyə taydır.

 

Daşın da dili var, dindirə bilsən,

Bunu bilə bilməz daş ürəklilər.

Nadanın gözünün yaşını silsən,

Yəqin işi düşmüş, zənn edib gülər.

 

Yıxılanı qaldır, acı doyuzdur,

Gücsüzə gücünü göstərmə qəti.

Ağlına gətirmə ömür ucusdur,

Anında bilinər anın qiyməti.

 

Nəsihət vermirəm, yol göstərmirəm,

Əzəldən əməlim, amalım budur.

Çox oyuna girdim, heç yemədim qəm,

Oyunu sevməyi bacaran udur.

Şahməmməd Dağlaroğlu

 

Öyünürəm Vətənimlə

 

Vətənin mənimtək yüz bülbülü var,

Ancaq bülbüllərin vətəni birdir.

              Müzəffər Şükür Məchul

 

Ötürəm Vətənin hər bucağında,

Daim “Vətən!” – deyən nəğmələrimlə.

Baxıb sevinirəm günlü günümə,

Bir də fəxr edirəm al səhərimlə.

 

Deyirəm nə gözəl çöl-çəmənim var,

Uca dağlarımda duman-çənim var.

Demərəm Vətəndə min bir qəmim var,

Mən Vətən deyirəm dərd, kədərimlə.

 

Nəğməkar bülbüləm bir gül bağında,

Ötürəm hər səhər gül budağında.

Quş da şərəflidir öz torpağında,

Yayıram ətrimi lələklərimlə.

 

Xoşbəxt adam

 

Neçə yol düşündüm, götür-qoy etdim,

İnsanı ucaldan arzudu, kamdı.

Kimin ki həyatda yaxşı dostu var,

Deyirəm, dünyada xoşbəxt adamdı.

Mövlud Teymur

 

Gecələ, çıx, get

 

Gəl, könlüm evində, gecələ, çıx, get,

Sal qolun boynuma, əlimi sıx, get,

Yollardan həsrəti, gözümü yığ, get,

Sən gəl ki, yaşamaq, nədir bilim, mən,

Qaya da gül açar, çəkiləndə çən!

 

Dumana bürünən, dağ da pərişan,

Sevib yaşamasaq, qəlb olar şan-şan,

Gecələr olmasa, yanıb, sayrışan,

Ulduzlar səmanı bəzəyə bilməz,

Günəşsiz nə üfüq, nə dan sökülməz!

 

Sən cənnət yaratsan min bir çiçəkdən,

Qorusan tufandan, yeldən, küləkdən,

Suvara bilməsən qəlbdən, ürəkdən,

Nə gül çiçək açar, nə bağ olar bağ,

Nə sevmək haqq olar, nə də yaşamaq!

Rüstəm Məbudoğlu

 

Ağlasın

 

Bir gün köç eyləsəm mən bu dünyadan,

Qoymayın qəbrimə gül dəstə-dəstə.

Baş daşım sadəcə, çay daşı olsun,

Quranım oxunsun sakit, ahəstə.

 

Mərmərdən qoymayın mənə baş daşı,

Deyərlər bəxtəvər başına bunun.

Əksimə rəng verib xətt-xal qoymayın,

Deyərlər, yaraşmır yaşına bunun.

 

Bir “Xan şikəstəsi”, aşıq bəstəsi,

Bir kaman sızlasın, bir tar ağlasın.

Bir də… Bir də ürəyimi alıb aparan

Məzarda uyuyan sərdar ağlasın.

 

Düşsün yar kölgəsi qəbrimin üstə,

Ən sirli, sehrli möcüzə olum.

Sökülsün aradan hicran pərdəsi,

Bir də bu dünyaya düşməsin yolum.

 

Bir də bu dünyaya düşməsin yolum.

Gülxar Cəbiqızı.

 

Törəmə məsnəvilər

 

Küçəyə atılsa, dözüb od əmir,

Ona görə belə möhkəmdir dəmir.

*

Hər kimin qəlbinin varsa paxırı,

Bir gün açılacaq, yoxdu axırı.

*

Bu dünya belədir, şahı edir mat,

Gücsüz bir piyada, adicə bir at.

*

Bir iş bacarmayan özündənrazı,

Düşər el-obanın gözündən azı.

*

Aqil  zəhmət çəkib qazanar nəmər,

Ağılsız havadan müftə bal əmər.

*

Bir gün gələ, sərbəst keçək Arazı

Bax, onda qalarıq tarixdən razı.

*

Dünyanın işləri olsaydı taraz,

Çəpərə dönməzdi arada Araz.

*

Keşikdə yuxuna bacar haram qat,

Düşməni görəndə sinəsindən at.

*

Olduqca güclüdür puldakı təsir,

Tamahkarı dərhal eləyir əsir.

*

Aşıq Alı yüz il çağırdı, çaldı,

Sənət zirvəndə əbədi qaldı.

Şamil Əsgərov (Dəlidağ)

 

Təmsil

 

Timsah üzən nohura gələrək Kərtənkələ,

Dost olmaq istəyirəm səninlə, – dedi belə.

Əkiz qardaşlar kimi gör nə təhər oxşarıq,

Bir olaq, əlbir olaq, nə qədər burda varıq.

Kim dalınca danışsa, gəlib verərəm xəbər,

Qorxudan xar olacaq bizi qoşa görənlər.

Sən hər tutduğun ovu parçala, sök bu tayda,

Qurd düşsün, cücü qonsun, mən də görüm bir fayda.

Timsah dedi, çox əcəb, mən bu dostluğa hazır!

Onsuz da bu nohurda təklik məni çox sıxır.

Amma bununçün hələ çıxmalıyıq sınaqdan,

Əhdinə sadiq qalmır əziz dostlar hər zaman.

Hər ceyran su içməyə gələrkən bu nohura,

Belinə dırmaşarsan, salarıq onu tora

Quyruğunu qamçı et, sür gəlsin mənə yaxın,

Suya girsə, canını alaram o axmağın.

Ətini ləzzət ilə keçirərəm dişimə,

Sən də sadiq dost kimi yarıyacan işimə.

Kərtənkələ bayıldı: – Qorxuram, aman Allah!

Sən ceyranı udanda mən necə qalaram sağ!?

Dəhşətli dişlərin var, yekə, ülgücdən iti,

Ağzına düşsəm əgər, sağ çıxmaram mən qəti!

Çənəsini oynadıb Timsah çəkdi şaqqanaq,

Dedi, sadiq dostluğu bəs nə bilirsən, sarsaq!

Əgər dostun yolunda keçəmmirsən canından,

Səndən mənə dost olar, rədd ol, çıx get yanımdan!

Şahlar Hacıyev

 

Səni sevəcəyəm

 

Keçib, ölüm adlı qəzadan gəlib,

Torpaqdan göyərib, fəzadan gəlib,

Qayıdıb dünyaya təzədən gəlib,

Səni sevəcəyəm, yenidən səni…

 

Gəzir sorağında, xəyalım, ağlım,

Mənim məkansızım – aranlım, dağlım,

Bu payız günümdə, yaşıl budaqlım,

Səni sevəcəyəm, yenidən səni…

 

Hissimdə, qəlbimdə, gözümdə sənsən,

Ocağımda, sənsən, közümdə sənsən,

Bir ömür həsrətə dözümdə sənsən,

Səni sevəcəyəm, yenidən səni…

 

Zaman ömrümüzü üyüdür gerçək,

Üyüdüb, sovurur, yerdən göyədək,

Telində yel olub, əlində çiçək,

Səni sevəcəyəm, yenidən səni…

 

Köçsən… bu dünyadan, dön, məni gözlə,

Qayıt səmalardan, en, məni gözlə,

Bir başqa şəkildə sən, məni gözlə,

Səni sevəcəyəm, yenidən səni…

 

Keçib ölüm adlı qəzadan, gəlib,

Torpaqdan göyərib, fəzadan gəlib,

Qayıdıb dünyaya, təzədən gəlib,

Səni sevəcəyəm, yenidən səni…

Cəbrayıl Hüseyn

 

“Qarabağ” ordeni

 

Prezident İlham Əliyev Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib

 

Mənim ali komandanım,

O gün Selçuk Bayraktarı

Təltif etdi, orden ilə,

Gəlişiniz, dildən-dilə

Dolaşdıqca Qarabağı

Bir tarix də döşünüzdə,

Gəzdirsəniz özü şərəf.

Mənim dədə babalarım

Cəbrayılı, Qarabağı,

Tanıtdırdı, mənim dedi,

Komandanım bizim dedi,

Həsrətini, çəkə-çəkə.

Qırx dörd günlük Qələbəni,

Daddıq bildik, sevincini.

Birdə Selçuk Bayraktarı,

Salamlasın qardaşlarım.

 

Üzü gülər

 

Sevil Əliyevaya ithaf

 

Onu hamı yaxşı bilər,

Xoş sözlə də üzü gülər.

O, da ancaq haqqı deyər,

Sevil Heydər yadigarı.

 

Köməksizə arxa durar,

Əl uzadar Sevil xanım.

Dediyin də deyər, durar,

El qeyrətli Sevil xanım.

Alik Dənizsevə

 

 Dünyanın

 

Olmazdı mənitək dərd-sər çəkəni,

Dərdi anlasaydı daşı dünyanın.

Bu zaydı, xarabdı deməzdim, hanı –

O ləli, gövhəri, daşı dünyanın.

 

Məkan sayılmayır, yer deyil yerim,

Heçə tay tutulan var beşim, birim.

Deməyir rahatlıq, gəl, dinclik verim.

Deyir çək yükünü, daşı dünyanın.

 

Get-gəllər eyləyib sürünərdim az,

Çox yox, göyə, boza bürünərdim az.

Qəm, yaş məclisində görünərdim az,

Az olsaydı qəmi, yaşı dünyanın.

 

Neynirəm qanmır söz mənim yanımda,

Açmayıb haqqa göz mənim yanımda.

Mənə baxın ki, siz mənim yanımda,

Adili yox olur çaşı dünyanın.

 

Doğru, düzgün deyil, çəp yaşamağı,

Üstündə tamahın aşıb-daşmağı.

Öyrənir özgədən yem daşımağı,

Uçmaq öyrənincə quşu dünyanın.

Tamam Nur Tağlabiyanlı

 

Vaxtıdır

 

Gəl, birlikdə gəzək çəməni, çölü,

Seyr edək durnalar üzüşən gölü,

Gəl, birlikdə dərək çiçəyi, gülü,

İndi təbiətin gülən vaxtıdır.

 

Sən bir nəğmə söylə, mən deyim şeir,

Gəzək bu dünyanı, biz edək seyir,

Demə ki, belimi bu dünya əyir,

Qədrimizin indi bilən vaxtıdır.

 

Gəl, qırmayaq canım, bir-birimizi,

Bərabər bölək biz ürəyimizi.

Həyata keçirək diləyimizi,

Sevinc gözümüzü silən vaxtıdır.

 

Gəl şirin danışaq, biz şirin gülək,

Qoşa vursun hər an, sevinsin ürək,

Gəl, bir-birimizin qədrini bilək,

Əzrail qapıma gələn vaxtıdır.

Xuraman Baxış

 

Şərh Yaz