Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar.
İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.
Əziz bacı və qardaşlarım!
Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı Ramazan ayı başa çatır. Bu mübarək bayram münasibətilə bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu, dua və niyyətlərinizi qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2023-cü il