Milli həmrəyliyin qorunmasına xidmət edən fəaliyyət                 

 

Ümumiyyətlə, cəmiyyətdə formalaşan normalar onun dəyərlər sisteminin ali ifadə formasıdır. Buraya nəyin yaxşı, düzgün və arzu olunan olması barədə hakim təsəvvürlər daxildir. Bu baxımdan dəyər və normalar anlayışları bir-birindən fərqləndirilir: Dəyərlər mücərrəd, ümumi anlayışlardır, normalar isə müəyyən növ hallarda insanların davranışlarını şərtləndirən qaydalar və rəhbər prinsiplərdir. Bütün normalar sosial dəyərləri əks etdirir. Dəyərlər sistemi barəsində isə cəmiyyətdə təşəkkül tapan normalar əsasında mühakimə yürütmək olar.
Prezident İlham Əliyev dövlətin milli-mənəvi dəyərlərə münasibətini aşağıdakı şəkildə ifadə etmişdir: “müstəqillikdən əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz müstəsna rol oynamışdır”. Dövlət başçısının da qeyd etdiyi kimi,“ bizim dövlətimiz çox güclü əsaslar, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Bizim milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin əlamətidir.
Bunun bariz nümunəsi olaraq 2013-cü ilin aprel ayında Bakıda keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu göstərmək olar. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. Forumda Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın moderatorluğu ilə mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, dialoqa yönələn maneələr nəzərdən keçirilmiş və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edilmişdir.
Hələ ümummilli lider Heydər Əliyevin zamanında milli (Novruz) və dini bayramlara (Qurban, Ramazan) rəsmi status verilmiş, həmin günləri əhalinin rahat şəkildə qeyd edə bilməsi üçün istirahət günü hesab edilmiş, dövlət başçısı özü şəxsən bu bayramları xalqla birlikdə keçirmişdir. Bu ənənə bu gün də onun layiqli davamçısı olan prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Bütün bunlar dövlətin milli-mənəvi dəyərlərə olan münasibətinin əhəmiyyətini göstərir.
44 günlük Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq.
Azərbaycan xalqı Müzəffər Liderimizin ətrafında “Tək Bayraq, Tək Millət, Tək Dövlət, Tək Vətən” şüarı ilə sıx birləşib.

Zaur Muradov,
YAP İsmayıllı rayon təşkilatının sədri

Şərh Yaz