Bənzərsiz tarixi şəxsiyyət – cəsarətli və qətiyyətli lider -100             

 

XX əsrin ən böyük tarixi şəxsiyyətlərindən biri, dünya şöhrətli siyasətçi, görkəmli ictimai dövlət xadimi Heydər Əliyev haqqında danışmaq, yazmaq, onun xalq qarşısındakı əvəzsiz, misilsiz xidmətlərindən söz açmaq olduqca məsuliyyətlidir. Lakin onun keçdiyi çətin, şərəfli ömür yoluna, fəaliyyətinə, həyat yaradıcılığına, tarixi xidmətlərinə, gördüyü işləri heç nəyin xatirinə deyil, tam obyektivlik, ədalət naminə qiymət vermək hər kəsin təkcə mənəvi borcu yox, həm də uğurudur. Çünki haqq-ədaləti etiraf etmək həmişə hər kəsə uğur gətirib. Həm də ona görə ki, həqiqətən etiraf edənlər haqq yolu ilə gedənlərdir.

Məşhur filosoflardan biri demişdir: “Dahi o kəs deyildir ki, nəyisə kəşf etsin, dahi o kəsdir ki, dahilər kəşf etsin.” Ümummilli liderimiz, xalqımızın mənəvi atası, bənzərsiz tarixi şəxsiyyət, cəsarətli və qətiyyətli lider Heydər Əliyev sözün əsl mənasında dahilər kəşf edən bir şəxsiyyətdir. Ölkəmizin hər bir vətəndaşı, 10,1 milyonluq Azərbaycan xalqı Heydər Əliyevin hansı işlər gördüyünü yaxşı bilir. Yaşlı və orta nəslin nümayəndələri Heydər Əliyevin əməli fəaliyyətinin canlı şahidləridir. Zaman-zaman formalaşacaq nəsillərə də ümummilli liderimizin tarixi xidmətləri barədə dəyərli məlumatlar veriləcək. Ən əsası ona görə ki, müasir tariximizin ən parlaq, şərəfli səhifəsi ulu öndərimizin adı ilə bağlıdır. Əməlləri ilə adını tariximizin şərəfli səhifəsinə yazdıran Heydər Əliyev həm də tarix yazdı.

Mən ümummilli liderimizi tanıyan, onun mənsub olduğu nəslin hər xüsusiyyətinə bələd olan bir şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev həm savadına, biliyinə, dövlətçilik, idarəçilik təcrübəsinə, həm də şəxsi keyfiyyətlərinə görə heç kəsə bənzəməyən bir şəxsiyyətdir. Hər bir şəxsiyyət bir çox xüsusiyyətlərinə görə fərqlənir. Lakin Heydər Əliyevin böyüklüyü, başqalarından fərqi ondadır ki, o, bütün müsbət insani xüsusiyyətləri özündə cəmləşdirən tarixi şəxsiyyətdir. Hər hansı bir sahəni bilmək, hətta bir neçə sahənin mütəxəssisi olmaq, onun kamil bilicisinə çevrilmək olar. Amma bütün sahələrin bilicisi olmaq hər kəsə nəsib olmur.  Heydər Əliyev həqiqətən bütün sahələri mükəmməl bilirdi. Şairlə şair kimi, həkimlə həkim kimi, statistika işçisi ilə rəqəmlərin dili ilə danışırdı. Bütün sahələri həmin sahələrin mütəxəssislərindən daha yaxşı təhlil edirdi. O, qayğıkeşlikdə, humanistlikdə də hamıdan fərqlənirdi.

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi, bu tarixi nailiyyətin qorunaraq inkişaf etdirilməsi, respublikamızın bütün sahələrində uğurlar qazanması, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onların həyat şəraitinin yaxşılaşdırılması ulu öndərimizin adı, əməli fəaliyyəti, tarixi xidmətləri ilə bağlıdır. Xalqı azadlığa, istiqlaliyyətə qovuşduran Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə hələ 1970-ci illərdən başlamışdır. 1969-cu ilin iyul ayının 14-də respublikamıza rəhbər təyin olunan Heydər Əliyev fəaliyyətə başladığı gündən Azərbaycanın hərtərəfli inkişafı naminə böyük işlər gördü, qətiyyətli, dönməzliyi ilə qarşısına qoyduğu məqsədlərə nail oldu. Onun amalı xalqımıza qarşı edilən haqsızlıqlara son qoymaq, Azərbaycanı müstəqil dövlətə çevirmək idi. Nəticəsi isə göz qabağındadır.

Müstəqil Azərbaycanın səmasını işığa qərq edən Heydər Əliyev zəkasının nurudur. Bu işıqda xalqımız zaman-zaman xoşbəxt gələcəyə doğru uğurlu bir yol gedəcək.

Təbii ki, Heydər Əliyevi olduğu kimi vəsf etmək mümkün deyil. Dünyanın ən xoş sözlərini onun ünvanına desək,  yenə də azdır. Bəlkə də onu tam vəsf etməyə sözün qüdrəti çatmaz. Bu böyük şəxsiyyətin yolu, siyasəti, ideyaları indiki və gələcək nəsillər üçün örnək, ən böyük məktəb, mərdlik, mübarizlik simvoludur.

Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kurs uğurla davam və inkişaf etdirildikcə, onun ideyaları reallığa çevrildikcə, Azərbaycan daha çox nailiyyətlər əldə edir, beynəlxalq aləmdə nüfuzu artır. Qürur hissilə demək olar ki, bu gün ümummilli liderimizin yolu onun siyasi məktəbindən dərs almış, zəngin dövlətçilik, idarəçilik təcrübəsindən yararlanmış möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün ömrünü xalqına həsr edən ulu öndərimiz böyük zəhmətlər bahasına qurduğu dövlətin özündən sonra da etibarlı əllərdə olmasını istəyirdi. Onun “İlham Əliyevə inanıram və onun gələcəyinə böyük ümidlər bəsləyirəm”–deməsi dövlətimizin tərəqqisi, xalqımızın xoşbəxtliyi naminə atılmış addım idi. Həyat bunu sübut etdi.  44 günlük Vətən müharibəsindəki qələbəmiz, Qarabağın işğaldan azad olunması Ali Baş Komandan, Hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurlu nəticələr əldə olundu.

Heydər Əliyev ideyaları hər zaman yaşayacaq və qalib gələcək. Bu gün Azərbaycan bütün sahələrdə inamla irəliləyir, istər iqtisadi, sosial sahədə, istərsə də daxili və xarici siyasətdə qazanılmış bütün uğurların təməlində məhz Heydər Əliyevin siyasəti dayanır.

Heydər Əliyev cəsarətli, qətiyyətli lider idi. O, xalqımızın qürur mənbəyidir. Heydər Əliyevin həyat və fəaliyyəti çox böyük akademiyadır. Bu akademiyanı oxumalı, öyrənməli və gələcək həyatımızda tətbiq etməliyik. O, həmişə bizim qəlbimizdədir.

Əziz Əzizov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi           

Şərh Yaz