Ən böyük sərvətimiz Ümummilli liderin siyasi irsidir                       

Dünyada mövcud xalqların və millətlərin nisbətində qurulmuş dövlətlər olduqca azdır. Hər hansı bir xalqın dünya xalqları sırasında yer tuta bilməsində həmin xalqa liderlik etmək səviyyəsinə yüksəlməklə yetişən şəxsiyyətlərin əvəzolunmaz rolu vardır. Azərbaycan tarixində birmənalı şəkildə həmin lider, xalqın xilaskarı, müasir dövlət quruculuğunun memarı ümummilli lider Heydər Əliyevdir. O, təkcə Azərbaycanın deyil, müasir dünyanın tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Canından artıq sevdiyi xalqı qarşısında xidmətləri ilə əbədilik qazanan dahi şəxsiyyətin mənalı ömür yolu, zəngin və çoxşaxəli irsi zaman-zaman yararlı olan tükənməz örnək xəzinəsidir.

Tarixə nəzər salarkən Azərbaycan xalqının müdrik liderinin rəhbərliyi ilə qazandığı nailiyyətlərin şahidi oluruq. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz hazırkı mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Onun Vətən və xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində, hətta  onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq, təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərib. Naxçıvanda sadə və zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmaqla, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb.

Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər ölkənin tarixində xüsusi yer tutur və xalqın yaddaşında daim qalacaqdır. Çünki onun rəhbərliyi altında keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda o vaxtdan həyat büsbütün dəyişdi, ölkədə canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Bu yorulmaz insanın gərgin və planlı fəaliyyəti nəticəsində iqtisadiyyatda, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi. Ölkənin təkcə paytaxtında deyil bütün bölgələrində çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri, yollar salındı, körpülər tikildi.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» – deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

Ədliyyə Nazirliyinin də yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərməyə başladı, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.

Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.

Həmçinin, bütün hüquq-mühafizə orqanlarında və vəkillik xidmətində mütərəqqi islahatlar aparıldı, onların fəaliyyəti demokratik dəyərlərə uyğun quruldu.

Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur.

Tarixə çevrilib, arxada qalan 30 il ərzində dövlətimiz və xalqımız qarşısında duran başlıca vəzifələrdən biri işğal altında olan torpaqlarımızın düşməndən geri alınması idi. İqtisadiyyatımızın yüksəlişi, gənclərin vətənpərvər ruhda tərbiyə olunması, qardaş xalqlarla münasibətlərin qurulması, ordu quruculuğunun, xalq birliyinin yüksək həddə çatdırılması nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bir daha təsdiq etdi ki, Azərbaycan güclü dövlətdir və onun vətəndaşı olmaq olduqca qürurvericidir.

Hazırda azad Qarabağda aparılan quruculuq işləri xalqımızın, dost ölkələrin, sülhsevər insanların sevinci, düşmənlərin düşüncəsinə dayanmadan endirilən “Dəmir yumruq” zərbəsidir.

Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir. Bu hədsiz sərvətin öyrənilməsi üçün konfranslar təşkil olunur, Azərbaycan tarixinin Heydər Əliyev dönəmində əldə olunmuş nailiyyətlər, demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi barədə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Bir faktı qeyd etmək yerinə düşər ki, Ulu öndərə olan el sevgisi son illərdə anadan olan oğlan uşaqlarına Heydər adının verilməsi ilə də özünü açıq-aşkar büruzə verməkdədir.

Azərbaycan xalqı Ulu öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Namil Cəbiyev,

İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin rəisi

Şərh Yaz