“Qəhrəman təhsil işçiləri” adlı kitab işıq üzü görüb           

 

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə  keçirilən təqdimat  mərasimi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon komitəsinin təşəbbüsü ilə keçirilib.

Görüşdə  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon komitəsinin sədri Hafiz Kərimov, 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri şəhid müəllim Famil Əhmədzadənin ailə üzvləri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Təqdimat mərasimindən əvvəl İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətində şəhidlərin xatirəsinə ucalan  abidənin  önünə gül dəstələri qoyulub, ərazilərimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirib, “Qəhrəman təhsil işçiləri” kitabının gələcək nəslin Vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olduğunu vurğulayıblar.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov kitab haqqında məlumat verərək bildirib ki, İsmayıllının “Qəhrəman təhsil işçiləri” kitabında 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri, şəhid müəllim Famil Əhmədzadənin keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib. Hafiz Kərimov onu da qeyd edib ki, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşüb, bir nəfər müəllim – Famil Əhmədzadə  isə şəhidlik zirvəsinə yüksəlib.

Həmçinin tədbirdə “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibləri olan İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Emil Ramazanova, həmin məktəbin IX sinif şagirdi Ramazan Zeynalova, eləcə də onların elmi rəhbəri, müəllim Gülnarə Qurbanovaya Fəxri fərman, Diplom və hədiyyələr təqdim edilib.

Ş.Qarayeva

 

 

 

 

 

 

 

Şərh Yaz