20 Yanvar qan yaddaşımızdır
19 yanvar 2023-cü il tarixində İsmayıllı Rayon Mərkəzi kitabxanasında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar qan yaddaşımızdır” adlı sərgi və məlumat saatı təşkil edilib.
Öncə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Rayon MKS-nin direktoru Orxan Ağayev, şöbənin əməkdaşı Ruhiyyə Lətifova, qazi Orxan Babazadə mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən dinc əhaliyə divan tutulmuş, nəticədə Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri də olmuşdur.
20 Yanvar hadisələri Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolumuzun ilk zirvəsi, milli azadlığın oyandığı gündür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmış, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və öz etiraz səsini ucaltmışdır.
20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir.
20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulur və dərin ehtiramla yad edilir.
Həmçinin kitabxananın daimi oxucusu, 20 Yanvar faciəsinin canlı şahidi olmuş Rövşən Şirəliyev o günlərin xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Çıxışında vurğuladı ki, bu hadisələr Azərbaycan xalqının milli ruhunu qıra bilmədi. Şəhidlərimizin qanı yerdə qalmadı və xalqımızın müstəqilliyə gedən yolunda ilk addımları oldu.