“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı
Söhbətləşəcəyimiz ailə bəlli, ünvan bəlli. Və o bəlli ünvana çox asan gedib çıxırıq: Sən demə, İsmayıllı şəhərində bu ailəni tanımayan yox imiş. “Bu ünvana necə gedək?” deyib kimdən sual etdiksə, “Əlövsət dayını axtarırsız da”, – deyib dəqiq ünvanı nişan verdilər. Və beləcə, bir neçə dəqiqədən sonra şəhərin mərkəzi küçələrindən birində ailənin yerləşən evini tapıb qapını döyürük. Əlövsət kişi nəvaziş dolu səslə elə tərzdə “xoş gəlmisiniz” deyir ki… elə bildim illərdir bu ailə ilə tanışlığımız var.
Rahatlığı ilə göz oxşayan mənzildə elə onlar ikisi idi. Əlövsət kişi və ömür-gün yoldaşı Raya xanım. Gəlişimizin məqsədi və layihə haqqında məlumat verdikdən sonra qısa bir tanışlıq söhbəti keçir aramızda. Elə bu qısa söhbətdən mənə aydın olur ki, qarşımızda biri-birinə gənclik eşqi ilə bağlı bir cütlük, nümunəvi bir ailə və sözün yaxşı mənasında həyat yoldaşının “ovuc” içində saxladığı nazlı-duzlu bir xanım var.
Mətləbə keçirik, Azərbaycan ailəsinə xas ənənəyə uyğun ilk olaraq sözə evin ağsaqqalı başlayır. Və qəribə bir an: sözə başladığı anda sol çiyni üzərindən geriyə boylanır – təsadüfmü, adətmi, yoxsa ani olaraq bizlərin görmədiyi, görə bilmədiyi anları bizimlə birgə xatırlamaq üçün geriyə baxışmı?! Təbii ki, bilmirəm, bilə bilmirəm. Nə isə… Üzünə dikilmiş azacıq heyrət və bir dünya maraq dolu baxışlarımız ağsaqqalı dilə gətirir. Çox sakit tərzdə, asta səslə danışır, bəlkə də danışır yox, nağıl edir desək daha düzgün olar.
Əlövsət kişini dinləyə-dinləyə babalı-nənəli, nağıllı-dastanlı günlərimizi yenidən yaşayırıq. Pəncərədən görünən dağları başının işarəsi ilə göstərir:
– Bax o dağların başında, uca dağlar qoynunda balaca bir kənd var – Qərsələ kəndi, 83 il əvvəl o kənddə doğulmuşam. Doğrudan, balaca kənddir. Uşaqlıq illərim çox çətin keçib. Bir yaşım olanda anam vəfat edib, bacı qardaşlarım mənə analıq edib böyüdüblər. Əlim iş tutanda isə biri-birimizə arxa-dayaq olmuşuq. Kəndimizdə məktəb yox idi, ona görə də xeyli aralıda olan qonşu kənddə məktəbə gedirdim. (Bu gün də o kənddə məktəb yoxdur, uşaqlar təhsil almaq üçün yenə qonşu kəndlərə gedirlər. Əlövsət kişinin qohumlarının uşaqları isə kənd yollarını ölçəsi olmayıblar – hamısı Əlövsət kişinin evində qalıb və şəhər mərkəzindəki məktəblərdə orta təhsil alıblar). Çox çətin idi, dağ yeri, maşın yox, əyində qalın paltar, ayaqda isti ayaqqabı yox, qarda, yağışda o uzaq yoldan geri dönəndə səni gözləyən ana yox, isti yemək, isti ev arzularda…
Amma oxudum, orta məktəbi bitirib Bakı Kooperativ Texnikumuna daxil oldum. Diplomumu alıb rayonumuza geri qayıtdım. “Mədəni mallar” mağazasında bir müddət satıcı işlədim. Az sonra çox gənc olmağıma baxmayaraq məni həmin mağazaya müdir təyin etdilər. Mağazanın adına layiq – mədəni xidmət göstərirdik. Tezliklə rayonun ən qabaqcıl ticarətçisi adına layiq görüldüm. Namuslu ticarət işçisi, ticarətin çətin dövründə ən təmiz satıcı oldum, dəfələrlə şəhər sovetinə deputat seçildim, müxtəlif medallara layiq görüldüm. Şəklim rayonun “Şərəf lövhəsi”ndən asıldı. Böyük-kiçik yeri bilməyim, insanları, işimi, əməyi sevməyim məni camaata, yerlilərimə yaxın etdi, elimin hörmətini qazandım. Cavan yaşımda məsləhəti, sözü eşidilən oldum. Davranışım, işim, nümunəvi ailəm məni “mən” etdi. Hansı yaşda, hansı yerdə olsaq da, zamanı saxlamağa gücümüz yetmir – zaman öz axarı ilə gedir, bir gün, ən azından öz qarşında dili qısa, peşiman qalmamaq üçün ömrü hədər yaşamamalısan. Allaha çox şükür ki, bu gün ömrün bir günü üçün belə peşman deyiləm. Bu gün bu pəncərədən o uca dağ başındakı kəndimə alnıaçıq baxıram, bu yaşımda istədiyim vaxt o çətin dağ, meşə yolu ilə kəndimə rahatlıqla gedirəm – fərəhli yaşadığım ömür məni gümrah və sağlam saxlayıb.
Müsahibimiz bir anlıq söhbətinə ara verir, gülən gözləri ömür-gün yoldaşına dikilir, nağılın davamını ondan eşidəcəyimizi düşünürük. Amma heç də yox… Səsi bir az da həlimləşir, bir az da nağıllaşır və … şeirləşir:
Görürsənmi buludların selini,
Gəlib tutdu bu dağların belini.
Əlini ver, ömür dostum, əlini,
Əl ki əldən bərk yapışa, yorulmaz.
Musa Yaqub rəhmətlik bunu çox gözəl deyib. Həyatda nəyə nail olmuşamsa – istər işdə, istər ailədə və istərsə də cəmiyyətdə həyat yoldaşımla əl birliyimizin, fikir, məqsəd birliyimizin sayəsində olub. 1966-cı ildə ailə qurmuşuq. Çətinlik olub, problem olub, danışaraq, anlaşaraq özümüz öz aramızda həll etmişik, nə onun ailəsi, nə mənim bacı-qardaşım evimizin sözünü bilməyib. Birlikdə əl-ələ verib yuva qurmuşuq, 3 ağıllı bala böyüdüb, iş, ailə sahibi etmişik, 6 nəvə, 2 nəticə verib Allah bizə.
Əlövsət kişi fərəhli keçmiş həyatından, həyat yoldaşından, balalarından, elindən elə fərəhlə danışdı ki… həsəd aparmamaq əldə deyil. Və o danışdıqca elə hey düşünürəm: Raya xanımı da eşidə bilsəydim… Dünyagörmüş ağsaqqal ürəyimdən keçənləri sanki duyur, yenə eyni gülən gözlərlə, sevgi dolu baxışlarla ömür-gün yoldaşına baxır, qaşmı edir, gözmü süzür, anlamıram ki… Hər nədənsə Raya xanım danışmaq növbəsinin ona çatdığını başa düşür.
– Kişi nə lazımdırsa dedi, mən nə deyim ki, – utancaq və son dərəcə nazlı bir səslə dillənir.
– Öz işinizdən danışın, axı siz iş qadını olmusuz.
– 1947-ci ildə İsmayıllı rayonunda anadan olmuşam. Rayonda orta məktəbi bitirdikdən sonra, Bakı şəhərində 3 saylı Peşə Məktəbində poliqrafiya təhsili almışam. İsmayıllı rayonunda yeni açılmış redaksiyanın mətbəəsində işləmişəm. 32 il rayonda çıxan “Zəhmətkeş” və “Cavanşir yurdu” qəzetlərinin mətbəəsində linotipçi olmuşam, hazırda təqaüddəyəm. Səmimi, mehriban, nümunəvi ailəmiz olub. Həmişə qohumlarla, qonşularla bir yerə toplaşmışıq. Çox gözəl iş kollektivimiz var idi, çox gözəl günlər idi, çox… gözəl ailəm var, bəxtimə ailəyə dəyər verən belə bir gözəl insan düşüb. Ta, nə deyim. Allah bu gözəl ölkəmizi, dünyamızı qorusun.
Cümləsindən “gözəl” sözü əksik olmayan, bu yaşda belə gözəlliyini qoruyub saxlayan Raya xanımı çox dinləmək istəyərdik, amma bir ağbirçək duası ilə son cümləsini qoydu. Anladıq ki, söhbət qurtarıb, son nöqtəni qoymağın vaxtıdır. Xeyirxahlıq, məsləhət, güvənc ünvanı olan bu ünvandan, hamının haqqında hörmətlə söz açdığı Abdullayevlər ailəsindən çox gözəl hisslərlə ayrılırıq… Belə qarlı, şaxtalı bir gündə evlərinin, ən əsası könüllərinin qapısını üzümüzə açıb bizimlə həmsöhbət olduqlarına görə təşəkkür edirəm. Yenə eyni baxış, yenə eyni nağılvari səs:
– Siz sağ olun. Sayıb-seçdiyiniz üçün, sağ olun. Allah gənclərimizi qorusun, Allah ailələrimizi güclü, möhkəm etsin ki, dövlətimiz də güclü, qüdrətli olsun. Amin!
Bu gözəl, könül oxşayan arzularla, bir dünya xoş təəssüratla ailədən ayrılırıq. Şəhərin o başındakı məsciddən yüksələn azan səsi bu təəssürata başqa bir rəng qatır…
P.S. Belə nümunəvi bir ailə ilə həmsöhbət olan mən idim:
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü