Layihənin işinə yekun vurulub

İsmayıllıda Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihələrindən olan “Ruhlandıran diskussiyalar” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbir İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Tədbirdə  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri, İsmayıllı rayonu Təhsil Sektorunun əməkdaşları, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru, məktəb direktorları, pedaqoji heyət, şagirdlər və valideynlər iştirak edib.

Tədbirin açılışında ümummilli liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə tədbir iştirakçıları layihənin icra müddətində görülmüş işlərin hesabat videosu ilə tanış olublar.

Sonra psixoloq Ruslan Kamilov rəhbəri olduğu layihənin fəaliyyətinə dair geniş təqdimat edib, layihə ilə bağlı görülən işlərdən danışıb.

Daha sonra qonaqlara söz verilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı rayonu Təhsil Sektorunun aparıcı məsləhətçisi Mail Səftərov, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Qalib Bəşirov, şair Şahməmməd Dağlaroğlu, Quşencə kənd tam orta məktəbinin direktoru Vüsal Həmidov, layihənin eksperti Gülnarə Qurbanova çıxış edərək layihənin şagirdlərə maraqlı və faydalı olmasından, şagirdlərin layihə çərçivəsində əldə etdikləri biliklərin səmərəsindən danışıblar.

Tədbirin sonunda layihədə fəal iştirak edən şagirdlərə sertifikatlar, “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz