MƏNİM ÖLMƏZ İDEALLARIM

Şair rejimin sərtliyindən fikrini başqa cür ifadə edə bilməzdi. O, izlənilirdi. Onu izləyənlər vardı. Bu şeir şairin bütün həyatıdır. Vətəninin səadəti, torpaqlarının bütövlüyü uğrunda mübarizə aparan şair, son mənzilinin harada bitdiyini bilmədən cihada çıxmışdı. Əfsuslar ki, bu yolda dönüklük edən, vətən sevgisinə görə kimlərəsə xoş gəlmək üçün şairə qılınc qaldırmaq istəyən “dostları” da olmuşdur.

Bəxtiyar müəllim Urmiya gölündən Dərbəndə qədər uzanan tarixi torpaqlarımızın bütövlüyü uğrunda ardıcıl mübarizə aparan bir vətəndaş idi. Lakin bu yolda ona həmrəy olanlar çox az idi.

Özüm quzeyliyəm arzum güneyli,

Ona çatammadım çalışdım xeyli. – deyir. Şair xoşbəxtliyini millətinin xoşbəxtliyində görür, hətta valideynlərinin ona verdikləri addan narazılıq edir. Bu xüsusda şair belə yazır:

Adımı dəyişin, bilinsin yolum

Məgər bəxtiyaram, Bəxtiyar olum?

Sinəmə çəkilən bir belə dağla

Mən qara bəxtimə necə yar olum?

Millətim bədbəxtsə mən hansı haqla,

Hansı ürəklə Bəxtiyar olum?

Tələbəlik dövründə Bəxtiyar müəllimlə keçirilən əksər görüşlərin iştirakçısı olmuşam. Onun çoxlu bəxtiyarsevənlər tərəfindən necə alqışlarla qarşılandığının şahidi olmuşam.

Bəxtiyar müəllimlə yol yoldaşlığım da olubdur. 1965-1967-ci illərdə onun başçılığı ilə Bakı qəbristanlıqlarında dəfn edilmiş, 1918-ci ildə Bakını ermənilərdən azad edərkən şəhid olmuş türk qardaşlarımızın məzarlarını axtarıb tapmaqda birgə iştirak etmişik. Binəqədidə bir neçə qəbrin, Şamaxı yolunun Acıdərə adlanan hissəsində, indi “Tək qəbir” adlanan məzarın abadlaşdırılmasında Bəxtiyar müəllimin böyük zəhməti olubdur. Bəxtiyar müəllim hətta “Tək qəbir” şəhidinin adını da müəyyənləşdirib qəbirüstü abidəsinə yazdırmışdı: “Minbaşı (mayor) Qiyas və ya İlyas Əfəndi” (dəqiq xatirimdə deyil).

Türmələrin və cəzaçəkmə yerlərinin cinayətkarlar yuvasından çox, intriqalar, çəkişmələr, qisas və intiqamalma mərkəzlərinə çevrildiyi bir vaxtda, mən də o dünyanın sakinlərindən biri olmuşdum. Məhbusların xahişi ilə Bəxtiyar Vahabzadəni görüşə dəvət etmişdik. Gələndən gedənədək qara paltarlı məhbusların qara mühitli günlərinə baxıb ağlayan şair, tutulduğundan danışa bilmədi. Onun əvəzinə o-bu danışdı. Sonda şair güclə bu sözləri deyə bildi: “Kaş, rəhbər vəzifədə çalışan səlahiyyət sahibləri, səhərlər işə gedərkən yollarını qəbristanlıqlar yanından salaydılar. Və özlərinin də nə vaxtsa bu sükunət dünyasına qovuşacaqları günü yada salaydılar. Axşamlar işdən qayıdarkən boyunlarına sırmaşan balalarını əzizləyəndə isə, zindanda olanları düşünəydilər”.

Bəxtiyar müəllim bir söz də dedi: “Əgər bir deputat kimi bilsəm ki, mənim hər gəliş-gedişimdən sonra sizin cəza müddətinizdən bir gün çıxılacaq, vallah bir gündə neçə dəfə gəlib – gedərdim”. Ruhun şad olsun, Böyük şair!

***

On səkkizinci əsrdən üzü bu yana Azərbaycan torpaqları hesabına özlərinə “Böyük Ermənistan” yaratmaq istəyən ermənilər, 1980-ci ilin sonlarında axırıncı azərbaycanlıları öz ata-baba yurdlarından qovub çıxaranda, bu ədalətsizliyə qarşı etiraz edən kütlələrin ön cərgəsində gedənlərdən biri Xəlil Rza Ulutürk idi. Yaradılışından süngüyə çevrilmiş qələmilə xalqını əzmkarlığa, birliyə və mübarizəyə çağırırdı şair. O, yüksək tribunadan öz gur səsilə, 28 il öncə uzaqgörənliklə yazdığı şeirini səsləndirirdi:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram

Qolumdakı zəncirləri qıram gərək.

Qıram!

Qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi

İstəyirəm səma kimi!

Günəş kimi!

Cahan kimi!

Çəkil!

Çəkil, ey qəsbkar!

Mən bu əsrin gur səsiyəm,

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!

Şairin bu hayqırtısından qorxuya düşən, əsim-əsim əsən başqa bir qələm sahibi isə mitinqə yığışanlara:” Dağılışın! Dağılmasaq bizi qıracaqlar” deyə tövsiyə edirdi. Təbriz kimi minlərlə oğullarımızın qanı bahasına qovuşduğumuz müstəqillkdən hamıdan çox bəhrələnən bu şəxs, iki gündən bir, dizi beldən yuxarı olan, ərlərini alt paltarları kimi tez-tez dəyişən “xanımlara” şeir-mahnılar yazmaqla, kütləni “Yanıq Kərəmə” oynatmaqla işini bitmiş hesab edirdi. Ulutürk isə belələrini qamçılayaraq belə yazırdı:

Tutaq ki, var istedadın,

İlhamın da,

Biliyin də.

Rədd ol! İtil gözümdən

Əgər yoxsa Vətən eşqi

Sümüyündə, iliyində.

Başqa bir şeirində isə belə yazırdı:

Vətəndaş olmasa boş şeydir Vətən!

Beş günlük, on günlük quzey qarıdır.

Vətən məfhumunun özəyindəki

Vətənin vüqarlı oğullarıdır.

Xəlil Rza Ulutürk onu sevənlərin qəlbində əbədi yuva qurubdur. O, buna öz torpağına, millətinə bağlılığı ilə, nəcibliyi ilə nail olubdur. Bu meyarlar Xəlil Rza həyatının lakmus stəriciləridir. Bunu, şair özü daha gözəl qələmə alıb:

Kimsə cibə giribdir, mən ürəyə girmişəm.

Kimsə pul, sərvət görüb, mən məhəbbət görmüşəm.

Mən könül güldürmüşəm, sevincindən ağlayıb,

İslaq kipriklərindən mirvarilər dərmişəm.

Mərhum şairimiz özü necə idisə, yeganə övladı olan Təbrizini də, öz nümunəsində eləcə tərbiyə etmişdi. Təbriz, vətənin başını qara buludlar alanda, “tək oğulların ön cəbhəyə aparılmaması”haqda hökumət qərarını rədd edir, cüt mələk sifətli qızları Türkayı və Gültacı son dəfə sinəsinə basır, çantasına bir az çörək, bir az duz, bir-iki qoğal qoyan anası Firəngiz xanımla, əllərində hələ də gəlinlik xınasının izləri qalan, duvağını təzəcə açmış ömür-gün yoldaşı Sevinc xanımla, səma genişliyində ürəyə malik atası Xəlil Rza Ulutürklə son dəfə qucaqlaşıb, könüllü olaraq ön cəbhəyə yollanmışdı. Tezliklə Təbrizdən neçə-neçə düşmən tankını susdurması, düşmənin neçə-neçə obyektlərini yerlə yeksan etməsi, canlı qüvvəsini məhv etməsi barədə şad xəbərlər gəlməyə başladı. Bu igidliklərinə görə Təbriz artıq “Milli Qəhrəman” adına layiq görülmüşdü. Digər “tək oğullar” arxa cəbhədə qalıb kölgəli ata-ana ağuşunda şişərək gizlənəndə, 28 yaşlı Təbrizdən “qara xəbər” gəldi. Xəbəri ilk alan Ulutürk, alovlanan ürəyinin atəşini ürəyindəcə boğdu. Min bir sevdalı Firəngizini, həya və ismət ilahəsi gəlini Sevinci qucaqlayıb, “Gözünüz aydın olsun, Təbrizimiz şəhid olubdur” xəbərini verdi…

Milli Qəhrəman Təbriz Xəlilbəylinin şəhid olma xəbəri, Arazın o tayında olan əbədi və mənəvi paytaxtımız Təbrizə də gedib çıxır. Təbrizli möhtərəm şairimiz Qardaşxan bu münasibətlə Bakıya gələndə, şəhid Təbrizin məzarına səpmək üçün özü ilə ustad Şəhriyarın qəbrindən torpaq gətiribmiş. Şair bu nisgili də belə qələmə alır:

Əlimdə bir kisə torpaq,

O tay… Təbriz göndərib, bax.

Sən – tapınaq, o – tapınaq.

Cüt Təbrizi qovuşduraq.

Ey bəxtəvər, ey üzü ağ

Balam, Təbrizim, Təbrizim.

Sən yenidən doğulmusan,

Salam, Təbrizim, Təbrizim.

Milli Qəhrəmanımız Təbriz Xəlilbəyliyə də, Ulu Şəhriyara da, Ulutürkə də uca Allahdan rəhmət diləyirik…

***

Şeirlərində özünü vətənin daş və qayalarına bənzədən Məmməd Arazı son acı təsadüf deyilsə, nə real həyatda görmüşəm, nə də nəvələri Tural və Tuncayla eyni məktəbdə təhsil alan oğlumun valideyn iclaslarında. O vaxtlar belə iclaslara ata-anadan çox nənə-babalar gələrdilər. Mən onu odlu-alovlu şeirlərindən tanıyıram. Milli oyanışımızın ilk günlərindən şairin ürəkləri fəth edən, dinləyənlərin bədəninin yeddi qatını dəlib keçən bir çox şeirlərini makinada çap edib paylamışdım.

Möhtərəm şairimizi səhhətinin son dərəcə ağır çağlarında Mərkəzi Kilnik Xəstəxanaya yerləşdirəndə, mən də orada idim. Sonrakı günlərin birində digər Arazsevərlərə qoşulub şairin ziyarətinə getmişdim. Sağlamlığının bu durumunda Məmməd müəllimin, yuvalarını tərk etmək məqamına gəlib çatmış kimi görünən iri gözləri, məndə iki hiss oyatmışdı. Onlardan biri o idi ki, böyük söz sərrafı olan şair, elə bil yenicə yazmaq istədiyi şeirində ifadə etmək üçün düşündüyü misranı tapmadığına görə hiddətlənir. Digər hiss isə, ünsiyyət qurub danışa bilmədiyi, küsü tutduğu dünyasının üzüdönüklüyünə qəzəbi tutub. O, son şeirini öz səsilə, öz istədiyi avazda demək istəyirdi. Elə ziyarətçilər də bu niyətlə gəlmişdilər. Amma şair dillənmirdi. Sanki, şeirlərinin birində yazdığı fikrə xilaf çıxmaq istəmirdi:

Bir qayaya söykənmişəm, deyirəm kaş,

Bax, beləcə daşa dönüm yavaş-yavaş

Şairin ürək fəaliyyətini əks etdirən, titrəyən işıqlı dalğaların amplitudası tez-tez dəyişib endikcə, Məmməd müəllimin çöhrəsi də nurlanır, səhər şəfəqləri kimi işıqlanır, cilalanmış möhtəşəm qranit qayasına bənzəyirdi. Mən belə qayanın bənzərini qarlı Babadağ zirvəsində, Gəmiqaya yüksəkliyində, Savalan, Kəpəz dağlarında, Qobustan qayalıqlarında görmüşdüm. Bu qayalar o qayalardır ki, qərinələrdir təbiətin kor qüvvələri onlardan kiçik bir hissə də qopara bilməyir. İndi isə, gözlərimiz önündə yeni bir zirvə – Məmməd Araz zirvəsi yaranırdı

Məmməd Arazı pərəstişkarlarına sevdirən, onun şeirlərində milli koloritli duyğuların çox səlist və aydın ifadə edilməsidir. Belə şeirləri bir-iki dəfə oxumaq kifayət edir, o saat yaddaşa həkk olunur. Çox az adam tapılar ki, Məmməd müəllimin artıq zərb məsələsinə çevrilmiş aşağıdaki şeir parçalarını əzbərdən bilməsinlər:

Vətən daşı olmayandan

Olmaz ölkə vətəndaşı

Və yaxud

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim…

Məmməd Araz şəxsiyyətini təsəvvür etmək üçün bu misralar kifayətdir.

Xəlil Rza Ulutürkün Məmməd Araza ithaf etdiyi şeirinin bir parçasında belə deyir:

Mən səni görmüşəm, tunç yumruqların,

Yerlərə, göylərə hökm eyləyəndə.

Qarlı Ərzurumdan əngin Xəzərə

Can atan, hayqıran Araz axını

Sənin ürəyindən yol istəyəndə

Dinləyib şeirini

Xalqımın sənətkar oğludur Araz.

Xalqımın yaralı bağrıdır Araz.

Cəsur oğullara qiymət verməkdə

Ah, xalqım deyəsən gecikir bir az…

Zaman bizi Məmməd Arazlı günlərdən uzaqlaşdırdıqca onun yoxluğu özünü daha çox göstərir, onu qəbildən olan şairlərə daha çox ehtiyac duyulur. Belə anlarda Məmməd Arazı xatırladan dağlara baxırıq, oradakı qayalıqlar arasında axtarırıq. Bunu şair özü tövsiyə edibdir bizlərə, Böyük şair:

Gülüm, bir də görüşünə yubansam,

Adımı tut, harda dağlar dumansa.

Gözünü sıx,

Hansı daşda su yansa

O daş altda Məmməd Araz yaşayır.

Mən isə əlavə edib deyirəm ki, belə insanlar həmişə ürəklərdə yaşayır.

Barələrində qısaca söhbət açdığım insanlar təkcə mənim deyil, ümumiliyin hörmətini qazanmış adamlardır. Bunu nəzərə alan ümummilli Liderimiz Heydər Əliyev cənabları onların hər birini sağlıqları dövründə layiqincə qiymətləndirmiş, onları Respublikanın ən ali orden və medalları ilə təltif etmiş, ən yüksək fəxri adlar vermiş və adları əbədiləşdirilmişdir.

Yeri gəlmişkən, M.C.Bağırov şəxsiyyətini oxuculara bir daha yaxından tanıtdırmaq üçün, onun oğlu Cahangirin (Vladimir) taleyi barədə qısa məlumat vermək istəyirəm. Cahangir 1919-cu il təvəllüdlü olubdur. Vladimir adının ona verilməsini Bağırovun Vladimir İliç Leninə olan sonsuz məhəbbəti ilə əlaqələndirirlər.

Cahangir hərbiçi-təyyarəçi olaraq qvardiya baş leytenantı kimi İkinci Dünya müharibəsinə qatılanda 22 yaşı olub. O, 1943-cü ildə döyüşlərdən birində neçə-neçə alman təyyarəsini məhv etmiş, sonra düşmən qırıcısına çırpılaraq, düşməni və özünü məhv etmişdir. Göstərdiyi igidliklərə görə komandanlıq Cahangiri Sovet İttifaqı Qəhrəmanı adına layiq görür. Lakin atası onun Lenin ordeni ilə təltif olunmasını kifayət bilir. Cahangirin cəsədini Bakıya qeyri millətlərdən olan təyyarəçi birisi gətirir. SSRİ Müdafiə Komitəsinin üzvü kimi, təyyarəçini 10 günlük məzuniyyətlə də mükafatlandırıbmış. Cahangir Dağüstü Parkda, Həzi Aslanovla yanaşı dəfn edilir. Atası M.C.Bağırov həbs edilərkən oğlunun məzarının yeri də dəyişdirilir. Qəbri Yasamaldakı ailə qəbiristanlığına köçürülür. Daha sonra Cahangirin nəşinin qalıqları bir daha çıxarılaraq Quba şəhərinə gətirilir və nəhayət buradakı qəbiristanlıqlardan birində öz əbədi rahatlığını tapır.

Ziyarətimi başa vurub geri dönəndə, istər-istəməz yolumun sağında, solunda olan möhtəşəm qəbrüstü abidələrin arasından keçməli oldum. Bu abidələr arasında əhməd cavadlara, mikayıl müşfiqlərə, hüseyn cavidlərə və s. ifadə verib onları gedər-gəlməzlərə göndərənlərinki də var. Başımı qaldırıb onlara “Ya əhli qubr” duasını vermək istəsəm də, dilimi döndərməyə gücüm çatmadı. Şərt abidənin möhtəşəmliyində, bahalı daşdan düzəldilməsində deyil. Şərt düzəldilən abidənin özülünün ürəklərdə olmasıdır. Xalq tərəfindən sevilənlərə heç abidə də lazım deyil.

Vaqif Məmmədov

Şərh Yaz