Türkmənistanda Üçtərəfli Zirvə Görüşü

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfərdə olub.

Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib.

Görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər. Zirvə görüşündə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş 3 ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunub.

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr yüksələn xətlə inkişaf edir.

Cənab Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır.

Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur . Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətlər bu Zonanın imkanlarından faydalanmağa dəvət olunur.

2017-ci ildə Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.

Prezident görüşdə bildirib ki, növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

Şəlalə Əliyeva,

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi

Şərh Yaz