Elə bir ömür yaşadı ki…

İsmayıllıda Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin xatirəsinə həsr edilən “Elə bir ömür yaşayacam ki…” filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində millət vəkili Novruzəli Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhidin təhsil aldığı universitetin şəhid ailələri və müharibə iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə şəhid Cəmil Məmmədlinin həyat və döyüş yolunu əks etdirən sərgiyə baxış keçiriblər. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə, 44 günlük Vətən müharibəsində canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himninin səsləndirilməsi anılması ilə başlayıb.

Tədbirdə çıxış edənlər Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd ediblər ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çəkilmiş bu cür sənədli filimlər gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.

Daha sonra “Gün TV” Media Qrupunun rəhbəri Mehriban Sadıqovanın ssenarisi əsasında çəkilmiş “Elə bir ömür yaşayacam ki…” filmi nümayiş olunub.

Film izləyicilərə təsirli anlar yaşadıb. Filimdə şəhid Cəmil Məmmədlinin həyatı və şərəfli döyüş yolu barədə yaxınlarının, müəllimlərinin, döyüş yoldaşları və dostlarının xatirələri yer alıb.

Şəhidin anası Aygün Məmmədova filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Şərh Yaz