Qalibiyyətimizin nəticələri ilə əyani tanışlıq
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Zəfər Günü ilə əlaqədar olaraq təsdiq etdiyi tədbirlər planına əsasan İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Ağsu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə 10 noyabr 2022-ci il tarixində Bakı şəhərində yerləşən I və II Fəxri xiyabana, həmçinin Hərbi Qənimətlər Parkına yeniyetmə və gənclərin ziyarəti baş tutub.
Səfər iştirakçıları sırasında İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş müxtəlif müsabiqə və yarışların qalibləri xüsusi yer alıb.
Ziyarət zamanı müstəqil Azərbaycanın memarı, siyasi dövlət xadimi və Azərbaycan xalqının unudulmaz lideri ulu öndər Heydər Əliyevin məzarı ziyarət olunub, məzar önünə tər çiçəklər düzülüb.
Daha sonra yeniyetmə və gənclər II Fəxri xiyabana gedərək Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi ziyarət edib, məzarlarına tər çiçəklər düzərək əziz xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.
Yekunda Hərbi Qənimətlər Parkına yollanan nümayəndələr Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin müəyyən hissəsi ilə tanış olub və burada yerləşən texnikaları böyük maraqla izləyiblər.
Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri isə səfər iştirakçılarında müharibə haqqında aydın təsəvvür yaradıb. Eyni zamanda ekskursiya yeniyetmə və gənclərdə şanlı Zəfərimizin tarixi ilə bağlı dolğun məlumatların zənginləşməsinə də səbəb olub.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkına ekskursiya etməkdə əsas məqsəd dövlətimizin gələcəyi olan gənclərimizi Vətən müharibəsi ərzində şanlı ordumuzun keçdiyi ağır döyüş yolu, hərbi əməliyyatların gedişatı və Zəfər qalibiyyətimizin nəticələri ilə əyani surətdə tanış etmək idi.
Rəvanə Firudinli