Linqvistik körpülər – dillərin Rodosu” layihəsi
Gəndov kənd ümumi orta məktəbinin nailiyyəti İsmayıllı təhsilinin uğurlarında bir damladır.
Gəndov məktəbi 9 illik məktəblər içərisində yeganə təhsil müəssisəsidir ki, V və həm də VI qrant müsabiqəsində qalib olub.
Bildiyimiz kimi, təhsilimizin qarşısında əsas məqsədlərindən biri də şagirdlərin hərtərəfli şəxsiyyət kimi yetişməsi, malik olduğu kompetensiyalarını cəmiyyətdə ifadə etməyi bacaran nümunəvi, fəal vətəndaş kimi formalaşmasıdır. Bu hədəfə aparan üsulların başında şəxsiyyətin inkişafına yönəlmiş həyati bacarıqlara əsaslanan təlim durur. Azərbaycan dili, eləcə də xarici dil fənlərinin məzmun xətlərini ifadə edən dinləyib anlama – danışma, oxu, yazı və dil qaydaları da öz növbəsində real-praktiki yanaşım tələb edir.
Şagirdlərə nitq bacarıqlarına yiyənlənmənin texnologiyasını öyrədən bu məzmun xətləri, əslində, bütün fənlər arasında dil (linqvistik) körpüsü rolunu oynayır. Azərbaycan Respublikası Təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşması ilə bağlı tədbirlər barədə” əmrini rəhbər tutaraq, məktəbəqədər yaş dövründən başlamış ibtidai və yuxarı siniflərdə şagirdlərə dinləyib anlama və daha sonra oxuyub anlama bacarıqlarını formalaşdırmaq istiqamətində işlər görülməkdədir.
Qeyd edək ki, elm və texnikanın inkişaf etdiyi, audiokitab və dərsliklərin geniş yayıldığı bir dövrdə biz bir çox məlumatları səsli informasiya şəklində qəbul etməli oluruq, buraxılış imtahanlarında, daha sonra ali məktəblərdə mülahizələr dinləyib münasibət bildirik. Amma Edqar Deylin “Təlim konusu” piramidasına baxdıqda görürük ki, insan sadəcə dinləməklə yalnız 10% öyrənmə keyfiyyətinə yiyələnir. Hərçənd ki, oxu və dinləmə bacarıqlarının həyatımızdakı rolu günü-gündən artır. Demək, dili daha dərindən mənimsəməyə ehtiyac duyulur. Bu qəbildən ən effektiv metodiki işlərdən biri xarici dildən öz ana dilinə tərcümələrin edilməsidir. Çünki tərcümə, məsələn, ingilis, yaxud türk dilində verilmiş bir cümlədəki fikrin Azərbaycan dilinin qaydalarına uyğun şəkildə ifadə olunması şagirdi öz dilinə, həmçinin əcnəbi dilə daha geniş spektirdən baxmağa sövq edir.
Artıq ibtidai siniflərdən başlanan bu səpkidə “linqvistik körpülər”, yəni tərcümə, redaktə və korrektə işləri dillərin qarşılıqlı surətdə və addım-addım mənimsənilməsinə mühüm töhfə verəcəkdir. “Linqvistik körpülər – dillərin Rodosu” layihəsi də məhz bu məsələni önə çəkir. Əlbəttə, məktəbin bu istiqamətdə böyük rolu ilə bərabər, düşünərək, təfəkkür edərək dinləmə mədəniyyəti həmçinin ailədə vüsət tapmalıdır. Valideynlər mütəmadi olaraq 3-6 yaş aralığında (hərfləri öyrəndikləri dövrə qədər) uşaqlara maraqlı, eyni zamanda düşündürücü, ibrətlərlə dolu nağıl və hekayələr oxumalıdırlar. Bu zaman uşaqlarda dinləmə bacarığı formalaşaraq vərdişə çevriləcək, eyni zamanda valideynlər övladlarına, bir növ, təlimə cəlb etdikləri şagird gözü ilə baxacaqlar, onlarla səmərəli vaxt keçirəcəklər.
Valideynlər bu məsələdə mütəmadi surətdə maarifləndirilməlidirlər. Müəllim şagirdlərə oxunun məzmununu dəqiq çatdırmaq, onlarda dinləmə və eşitmə bacarıqlarını inkişaf etdirmək, yol verdikləri nöqsanları aradan qaldırmaq, onların şifahi, eləcə də yazılı nitq performanslarını düzəltmək üçün ardıcıl və sistemli iş aparmalıdır. Məktəbə ilk qədəm qoyduqları dövrdə onlarda bədii ədəbiyyata maraq oyadılmalıdır. Azərbaycan yazıçılarından və onların əsərlərindən başqa müasir dünya uşaq ədəbiyyatına müraciət etmək, müasir dünya uşaq yazıçılarının yaradıcılığı ilə tanış olmaq, onların əsərlərini dinlətmək və oxutdurmaq gözəl vərdiş ola bilər. Dünya uşaq ədəbiyyatı özündə güclü ideya- estetik və mənəvi yük daşıyır. Bu ədəbiyyat yalnız maraqlı süjeti ilə deyil, həm də ümumbəşəri dəyərləri ilə səciyyələnir.
Fikrimcə, qloballaşan dünyamızda şagirdlərimiz öz şair və yazıçılarımızla yanaşı dünya uşaq ədəbiyyatı yazıçılarını da tanımalı, onların əsərlərini oxumalıdırlar. Bunlar həyata keçirilməsə şagirdlərimiz bu baxımdan natamam qalar, başqa xalqların gənc nəsilləri ilə ayaqlaşa bilməzlər. İbtidai sinifdən formalaşan oxu və dinləmə mədəniyyəti daha sonra şagirdlərin həyat tərzinə böyük fayda verəcəkdir. Layihə boyunca bir neçə Avropa məktəbi ilə, o cümlədən iki Türkiyə məktəbi ilə əlaqənin qurulması, şagirdlərin canlı ünsiyyətinin təşkili linqvistik körpülərin təməllərinin möhkəmlənməsində mühüm amil rolunu oynaycaqdır.
Bu məqsədlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində fərdi kateqoriya üzrə “Linqivistik körpülər – Dillərin Rodosu“ layihəsi ilə iştirak etmək qərarına gəldim. Layihəmi müsabiqəyə təqdim etdim və qalib oldum.
Layihəmizin əsas məqsədi ingilis dilindən Azərbaycan dilinə edilən tərcümələr vasitəsilə Azərbaycan dilinin nəzəri əsaslarını daha dərin mənimsətmək, yazılı və şifahi nitq bacarıqlarını, şagirdlərin canlı danışıqdakı ünsiyyətinin çevikliyini inkişaf etdirmək, fikirlərinin ifadəsində zəngin söz mədəniyyətimizi təmsil etmələridir.
Nəticədə şagirdlərimizdə diqqətlə, təfəkkür edərək oxuyub anlama bacarığı, dinləyib anlama mədəniyyəti formalaşacaq. Şagirdlərdə kitaba sevgi, maraq artacaq. Şagirdlərdə kitab mütaliə etmə vərdişi formalaşacaq. Valideynlərin də bu işə cəlb olunması ilə kiçik yaşlardan başlayaraq uşaqlarına hekayə, nağıl oxumaları haqqında maarifləndirici söhbətlər aparmaqla onlarda evdə övladlarına kitab oxumağın bir çox faydalarının olduğuna dair fikir formalaşacaq.
Şagirdlərimiz Azərbaycan uşaq şair və yazıçılarından, onların hekayə və əsərlərindən başqa müasir dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış olacaqlar. On adda həmin kitabların Azərbaycan dilində elektron və audio kitabları hazırlanacaq. Bu hekayələr səsləndirilərək youTube kanalında paylaşılmaqla hər kəsin istifadəsinə veriləcək. Bu hekayə kitabları şagirdlərimiz üçün səsləndiriləcək və hekayələrin məzmununa uyğun web.2.0. alətlərində şagirdlərin maraq dairəsini əhatə edən oyun və çalışmalar həyata keçiriləcəkdir. Bununla da elm və texnikanın inkişaf etdiyi bir dövrdə şagirdlərdə erkən yaşlardan web.2.0. alətlərində işləmək bacarığı formalaşacaq. Şagirdlərin dünyagörüşünü artırmaq, sosiallaşmaq – Türkiyə məktəbləri ilə əməkdaşlıq qurulacaq və onların təcrübələrindən yararlanacağıq. Valideynləri övladlarına kitab oxumağa dəstək olmağa yönəldəcəyik.
2 noyabr 2022-ci il tarixində İsmayıllı rayon Gəndov kənd ümumi orta məktəbində layihəmizin açılış mərasimi keçirildi. Açılışda məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, layihə rəhbəri, təlimçi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı təhsil sektorundan nümayəndə iştirak etdi. Layihə rəhbəri layihə haqqında iştirakçılara ətraflı məlumat verdi. Çıxış edənlər bu işdə çalışan hər kəsə uğurlar arzuladılar.
“Bank of Baku” Müəllimlər Günü münasibətilə Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində İsmayıllı rayonunun 5 kəndində – İstisu, Topçu, Gəndov, Tircan, Zərnava kəndlərində fəaliyyət göstərən orta təhsil müəssisələrinə innovativ təhsilə dəstək olmaq məqsədilə proyektor (tam dəst), 100-dən çox aztəminatlı ailələrin övladlarına isə məktəbli ləvazimatları hədiyyə etdilər. Layihədə iştirak edən məktəblər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi“ çərçivəsində uğur qazanan məktəblərdir. Bizə və şagirdlərimizə göstərilən qayğıya görə “Bank of Baku”ya öz təşəkkürümüzü bildirirk.
Vüsalə Zeynalova,
Gəndov kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi