Xalqa, dövlətə, vətənə sevgi yazılarda əksini tapıb
İsmayıllı Rayon Gənclər və İdman İdarəsi (Gİİ), Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Sektoru və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Əzəli torpaqlarda tarixi zəfər” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilib.
Tədbirdə Gİİ-nin əməkdaşları Fərhad Qurbanov və Rəvanə Firudinli, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Sektorunun metodisti Ülviyyə Zeynalova, Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və məktəblilər iştirak ediblər.
Müsabiqənin keçirilməsi tarixi günün əhəmiyyətini və mahiyyətini kütlə arasında təlqin edilməsi, vətənpərvərlik hissinin yüksədilməsi, habelə Azərbaycan tarixinin təbliği, istedadlı şagirdlərin inşa-yazı sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması məqsədini daşıyıb.
Müsabiqə öncəsi iştirakçılar məktəblilər tərəfindən, vətənpərvərlik ruhunda təsvir edilmiş rəsmlərin sərgisinə baxış keçiriblər.
Çıxış edənlər müsabiqə iştirakçılarına uğurlar arzulayaraq, Zəfər gününün hər bir Azərbaycan vətəndaşı tərəfindən iftixar və qürur hissi ilə qeyd edilməsinin zəruriliyini bildiriblər. Onlar qeyd ediblər ki, əzəli və əbədi torpaqlarımızda tarixi Zəfərin qazanılması Prezident cənab İlham Əliyevin “Dəmir yumruq” əməliyyatından, müzəffər Azərbaycan Ordusunun qüdrətindən və igid Vətən oğullarının şücaətindən qaynaqlanır.
Müsabiqə iştirakçıları yazılarında xalqa, dövlətə, vətənə sevgilərini və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizi qələmə alıblar.
Müsabiqənin nəticələri əsasında qalib iştirakçılar İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və medallarla mükafatlandırılıblar.
Rəvanə Firudinli,
Gİİ-nin əməkdaşı