Tədbir layihənin adına uyğun keçib

1 oktyabr 2022-ci il tarixində N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin akt zalında, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqənin qalibi olmuş “Ruhlandıran diskussiyalar” adlı layihənin təqdimat tədbiri keçirilib.

“Ruhlandıran diskussiyalar” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kimya müəllimi və kollecin məkdəbəqədər təhsil qruplarının tələbələri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şəfaqət Rəsulov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu, rayon məktəblərinin psixoloqları, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin müəllim və şagird heyəti, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Layihə rəhbəri, N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin psixoloqu Ruslan Kamilov layihənin məqsədi və layihə çərçivəsində həyata keçiriləcək işlər haqqında təqdimatla çıxış edib. Qeyd edib ki, şagirdlərin özünüifadə və özgüvən qabiliyyətini inkişaf etdirmək üçün ruhlandıran diskusiyaların təşkil olunması bu layihənin əsas məqsədini təşkil edir. O, həmçinin layihə çərçivəsində təlimlərin, “Oxu, hiss et, danış” adlı informativ əl kitabçası və ən yaxşı təqdimat müsabiqəsinin keçiriləcəyini də vurğulayıb.

Tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, İsmayıllı şəhər 6 nömrəli məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Qalib Bəşirov və çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ilə bağlı maarifləndirici braşurlar paylanılıb.

Ü.Zeynalova

Fotolar: Natiq Quliyevindir

Şərh Yaz