3 illik fəaliyyətin hesabatı

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi “3 il birlikdə” adlı hesabat konfransı keçirib. Konfransda rayon rəhbərliyi, GİKM-in, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, təhsil işçiləri, fəal gənclər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra İsmayıllı gənclərinin rəsm, kitab və müxtəlif əl işlərindən ibarət sərgiyə baxılıb.

Konfransın açılışında Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra GİKM-in İsmayıllı nümayəndəliyinin 3 illik fəaliyyətinə həsr olunan “3 il birlikdə “ adlı videoçarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra GİKM-in İsmayıllı nümayəndəliyinin direktor vəzifəsini icra edən Günel Alizadənin hesabat məruzəsi dinlənilib.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, GİKM-in Regionların İnkişaf Departamentinin direktoru Rəsul Həşimov və başqaları çıxış edərək dövlət-gənclər siyasətindən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan gəncliyinə göstərdikləri diqqət və qayğıdan, gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Sonda GİKM-in İsmayıllı nümayəndəliyinin fəaliyyətinə dəstək olan idarə, müəssisə və təşkilatlara, həmçinin fərqlənən bir qrup gəncə təşəkkürnamə və hədiyyə verilib.

Leyla Ağamalızxadə

Şərh Yaz