Şəhid Famil Əhmədzadənin doğum günü qeyd olunub

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının şura üzvü, Vətən müharibəsində tarix yazan tarix müəllimi, baş leytenant Famil Əhmədzadənin doğum günüdür. Doğum günü Şəhidlər xiyabanında, məzarı yanında qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, RİH-nin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının rəhbərliyi və fəalları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin müəllim yoldaşları, həmçinin şəhid ailələri tərəfindən onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər şəhid Famil Əhmədzadə ilə bağlı xatirələrini bölüşüb, onun 44 günlük Zəfər yürüşündə göstərdiyi şücaətdən söz açıblar. Qeyd edilib ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki ad gününü qeyd edən Famil kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq.

Şəhid atası Ağaəhməd Əhmədov çıxışında bildirib ki, Famil hər zaman şagirdlərinə Vətən torpaqlarının düşmənin əlində olmasından narahatlığını bildirər, onlara vətənpərvərlik hissini hər zaman aşılayardı. Onun ən böyük arzusu torpaqlarımızı azad görmək idi. 2020-ci ilin 27 sentyabrında ermənilər tərəfindən törədilən təxribata qarşı başlayan ordumuzun əks hücumunda Famil könüllü olaraq ordu sıralarına yazıldı. O, şagirdlərinə son tapşırıqlarını verərək hərbi xidmətə yollandı və vətən uğrunda döyüş tapşırığını yerinə yetirərək ən uca məqama – şəhidlik zirvəsinə ucaldı.

Ağaəhməd Əhmədov şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin şagirdləri şəhidə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.

Qeyd edək ki, Famil Əhmədzadə döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh Yaz