Bu xəbər hamını sevindirib

2022-2023-cü dərs ilinin ilk günündə – sentyabr ayının 15-də İsmayıllı rayon Sumağallı kənd tam orta məktəbi üçün yeni tikilmiş 260 şagird yerlik tədris binasının açılış mərasimi keçirilib.

Bu xəbər yüksək təhsilə dəyər verənləri – kəndin sakinlərini, xüsusilə də Sumağallı kənd tam orta məktəbində çalışan müəllimləri, təhsil alan şagirdləri ürəkdən sevindirib.

Yüksək zövqlə inşa edilmiş, hər cür zəruri avadanlıqla təchiz olunmuş, geniş, işıqlı və yaraşıqlı məktəb binasının açılış mərasimində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak ediblər.

Açılışda iştirak edən rəsmilər əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Tədbir iştirakçıları daha sonra məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Yeni təhsil ocağının tikilib istifadəyə verilməsinə görə valideynlər, məktəbin müəllim və şagird heyəti Azərbaycan dövlətinə, Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz