Qələbə müjdəli şəhidim

Başını dik tutsun Vətəndə hamı,

Şəhid məzarında ağı deyilməz.

Torpaq verir bizə gülü, ilhamı,

Vətən bölünməzdir, şəhidlər ölməz!

Ş.Dağlaroğlu

Adi, sadə, zəhmətkeş bir ailə kimi tanınır Yusifovlar ailəsi. Beş uşağı böyüdüb boya-başa çatdıran, bu yolda bir an belə “yoruldum” deməyən Çərkəz ana, gecə-gündüz traktoru ilə yer şumlayan, əkib-becərən, çörəyi torpaqdan çıxan Mürşüd əmi övladları üçün nələr etmədilər, nələrdən keçmədilər… Beş oğul verdilər vətənə, beş əsgər göndərdilər vətəni qorumağa. Deyərdi ki, oğul düşmən çəpəridir. Fəxr edirdi oğulları ilə.

Nankör qonşularımızın – erməni işğalçılarının torpaqlarımıza xain hücumları başlayanda evin böyük oğlu Yusifov İslam könüllü şəkildə orduya yazıldı. Qarabağın ən qaynar nöqtələrdində döyüşdü, düşmənə olan nifrətini döyüş meydanında göstərdi.

Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralandı. Siyasi meydanda hərc-mərcliyin, orduda nizam-intizamın zəifliyi, silah-sursatın çatışmazlığı torpaqlarımızın işğalı ilə nəticələndi. O ağrılı illəri xatırlayan Qarabağ müharibəsi qazisi, İslam qəhərlənir. “Kaş torpaqlarımızı qoruya biləydik, onda Ramil də şəhid olmazdı…” – deyərdi.

Qardaşı İslam yaralanıb qayıdanda qəhrəmanımız Ramilin 16 yaşı var idi. Gözü qarşısında baş verənlər, oxuduqları, eşitdikləri ondan qisas hissini günü-gündən gücləndirirdi. Yaxşı yadımdadır: sinfə sərbəst mövzuda inşa yazmağı tapşırmışdım. Şagirdlər gələcək həyatlarını qurmaq və sevdiyi peşəni seçmək haqqında fikirlərini vərəqlərə köçürürdülər. Səbəbini soruşdum. “Qardaşımı yaralayanlardan intiqam almaq, Qarabağı azad etmək üçün” – cavabını verdi. Elə də oldu. Ramil həqiqi hərbi xidmətini başa vurub gizirlik məktəbinə daxil oldu. Vaxtilə atasının traktorunu tez-tez sürərdi. Bu bacarığı tankçı peşəsinə mükəmməl yiyələnməsinə səbəb oldu.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlığı gənclərimizdə hərbi-vətənpərvərlik tərbiyəsini pik həddə çatdırdığı bir vaxtda Ramil xidmət müqaviləsi bitsə də, yenidən orduya qayıtdı. Aprel döyüşlərində öz tank alayı ilə iştirak etdi, düşmənə nəyə qadir olduğumuzu bir daha göstərdi.

2019-cu ilin isti yay günlərindən biri idi. Ramil (iki oğlu, ailəsi) ilə doğma Ağbulaq kəndində ata-anasının, qohum-əqrəbanın yanında idi, məzuniyyət vaxtını doğmaları ilə keçirirdi. Küçədə rastlaşdıq məktəb illərini xatırladıq. Həmin an Ramilin məktəbə, müəllimə olan inanılmaz rəğbətinin və hörmətinin bir daha şahidi oldum.

– Müəllim, bizə vətəni sevməyi siz öyrətmisiniz. Həmişə müəllimlərə minnətdaram. Övladlarıma da dönə-dönə deyirəm ki, biz müəllimlərə borcluyuq. Məni cəbhədəki vəziyyət daha çox maraqlandırdığı üçün söhbəti dəyişdim:

– Ramil, oralarda nə təzə xəbər var? Nə vaxta qədər “məğlub”, “qorxaq” damğası ilə yaşayacağıq!

Ramilin sifəti ciddiləşdi, üz əzələləri gərilməyə başladı. Sanki mənə təsəlli verir kimi gülümsədi.

– Müəllim lap az qalıb. Ali Baş Komandanın bir işarəsinə bəndik. Çox güclü ordumuz var, elə silahlarımız var ki!. O danışdıqca məni inandırmağa çalışdı ki, biz mütləq torpaqlarımızı azad edəciyik. Buna bizim hər cür şəraitimiz və imkanımız var.

İnşallah, Ramil, mən sizin kimi vətənpərvər oğullara inanıram…

Bu Ramillə son görüşüm oldu. Sanki el-oba ilə vidalaşmağa gəlmişdi. O günləri, o son görüşü heç zaman unuda bilmirəm.

27 sentyabr 2020-ci il Zəfərə aparan yolun başlanğıcı. Düşmən təxribatına cavab olaraq Azərbaycan oğulları döyüş meydanına şir kimi atıldılar. Çoxdan gözlənilən gün gəlib çatmışdı. Ramil və tabeliyində olan tankçılar uşaq kimi sevinirdilər, sanki toya gedəcəkdilər.

  • Nəhayət ki! Bu murdarları torpaqlarımızdan qovmağın vaxtı çatıb! Ancaq irəli!

Bu sözlər Ramilin tankçılara döyüş çağırışı oldu. İlk hücumda bir neçə kəndi azad etdilər. Öz dəmir atı ilə öndə şığıyan Ramil artıq düşməninin diqqətində idi. Hücumu zəyiflətmək üçün nəsə etməli idilər… Suqovuşan istiqamətində – Talış kəndi yaxınlığında düşmən məkrli məqsədinə nail oldu.

Ramilin tankı bir anın içərisində alışdı. Tank yanırdı… Həmin gün Ramil yoldaşları ilə yerini dəyişib atıcı gülləsində qərar tutmuşdu. Sonradan sağ qalan döyüş dostları deyirdilər ki, Ramil israrla atıcı gülləsinə qalxdı ki, daha çox düşmən məhv etsin. Tankla birgə Ramil də yanırdı. Amma özünü itirmədi. Tank partlamasın deyə, bir neçə tank mərmisini çölə atdı, yoldaşları tüstü-duman içində görünməz oldular. Tank mum kimi yanıb əriyirdi. Bununla bahəm Ramilin arzuları da yanırdı. Az döyüşdüyü üçün yanırdı, daha çox düşmən öldürə biləcəyini düşünüb heyifsilənirdi. Qələbəni görməyəcəyi qorxusundan içi od tutub yanırdı… Nəhayət döyüş dostları Ramili döyüş meydanından çıxartdılar.

Bu ağır xəbər kəndi bir-birinə vurdu. Ana ürəyi qan ağladı, ata beli büküldü, qardaş harayı ərşə dirəndi.

Çərkəz ana oğlunu Bakı şəhərində hərbi hospitalda sarğı içərisində gördü. Salamat yeri qalmamışdı. Bircə üzü salamat idi. Ananın səsinə zorla gözlərini açdı.

-Ana, Qarabağdan nə xəbər var?

Çərkəz ana oğluna yaxşı bələd idi. Torpaq üçün, Qarabağ üçün canını verməyə hazır olan oğlunun neçə ay əvvəl dediyi “Qarabağı azad etsək, ölsəm də dərdim olmaz” – sözlərini xatırladı.

– Oğul, Ramil, sən özün yaxşı ol, hər şey yaxşı olacaq…

– Kaş indi orda olaydım!

Bu sözlərini deyəndə sarğı içində inləyən qəhrəmanımın ümid dolu gözləri doldu. Düşmənə qalib gəlsə də amansız ölümə qalib gələ bilmədi. 5 oktyabr 2020-ci ildə şəhadətə ucaldı. Şair həmin gün fəryad etdi.

Kəndimizə şəhid gəldi,

Gömüldü ana torpağa.

Ölməz ruhu günəş olub,

Nur ələdi Qarabağa!

42 illik ömrünün 24 ilini Vətənə xidmətdə keçirən Ramil ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, adına Ağbulaq kəndindəŞəhidlər bulağı” xatirə abidəsi inşa edilmiş, məzarı əsl ziyarətgah yerinə çevrilmişdir.

Haşiyə“Mən dörd şəhidin müəllimiyəm” Qarabağ müharibəsində şagirdlərimdən Nuriyev Şəhriyar, Əliyev Umud, Abdullayev Maqsud 44 günlük Vətən müharibəsində isə Yusifov Ramil şəhidlik zirvəsinə ucalmışlar. Ağbulaq kənd məktəbində onların xatirəsi əbədiləşdirilmişdir. 40 il dərs keçdiyim Azərbaycan dili və ədəbiyyat otağı isə Müzəffər ordumuzun qələbə müjdəli şəhid əsgəri Ramilin adını daşıyır. Mən bununla qürur duyur, gənc nəslin tərbiyəsində bundan örnək kimi istifadə edirəm. Ramil, rahat yat! Dəmir yumruq sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Siz Qarabağı əsl sahiblərinə qaytardınız!

Ruhunuz şad olsun!

Qəhrəman adınız dillərə düşdü,

Sizlərdən ayrılmaq bitməz görüşdü.

Siz dünya durduqca ölməz, həm əziz,

Qələbə müjdəli Şəhidlərimiz.

Əflatun Baxışov,

Ağbulaq kəndi

Şərh Yaz