ATA İTKİSİ və ÜLVİ ANA MƏHƏBBƏTİ

İsmayıllı lövhələri” silsiləsindən. On birinci yazı.

Qarşımda, arxivdən əldə etdiyim SSRİ Müdafiə Nazirliyinin 16.07.1946-cı il tarixli, 1/01764 saylı məxfi məktubuna, İsmayıllı rayon Hərbi Komissarı mayor Babayevin imzası ilə 25 fevral 1947-ci il tarixdə göndərilən 1/064 saylı cavab məktubu durur. Məktubda Moskvaya bildirilir ki, 1941-45-ci illərdə İsmayıllı rayonundan cəbhələrə gedib təkcə itkin düşənlərin sayı 800 nəfər olubdur. ( Rəsmi həlak olanları demirik). Sıra №-si 566 ilə başlayıb 666-ı ilə qurtaran bu natamam siyahıda Təzəkənddən 14, Tircandan 61, Bizlandan 5, Zərgərandan 4, Mücüdən 3, Bığırdan 15 döyüşçünün adı, soyadı, təvəllüdü, arxa cəbhədə qalıb yolunu gözləyən yaxınlarının adları göstərilir. Bu siyahıda atamın da adı yer alır…

Olum, ölüm Haqq işi olsa da, gözünlə görmədiyinə inana bilmirsən. Həmişəlik olaraq gözlər yolda, qulaqlar səsdə, ürək isə intizarda qalır. Uşaq idik. Kənddə, alman qəsbkarları ilə vuruşmağa gedənlərin çoxlu sayda uşaqları qalmışdı. Çoxusu da oğlan uşaqları idi. Hər gün məktəbimizin yaxınlığında günbəzi 1937-ci ildə götürülüb anbara çevrilən məscidin tinində durub, kənd poçtalyonunun rayon mərkəzindən qayıdışını səbirsizliklə gözləyərdik. O, cəbhələrdəki atalarımızdan, yaxınlarımızdan bizə məktublar gətirəcəkdi. Nəhayət, gəlib çıxardı. O, vəzifəsinə uyğun olaraq heç vaxt uşaq əlinə məktub verməzdi. Ona görə də arxasınca düşüb, çiynindən aşırdığı əsgəri (xaki) rəngli çantasını boşaldana kimi onu təqib edərdik. Evimizə qayıdıb gördükərimizi evdəkilərə danışardıq. Aradan xeyli keçmiş qadınlar bir-bir, iki-iki olub hal-əhval tutmaq üçün kəndə dağılışardılar. Axşama yaxın məktubların gətirdiyi acılışirinli xəbərlərdən agah olardıq. “Qara kağız”ın nə demək olduğunun mahiyyətini az yaşımızla onda anladıq.

Belə “qara kağız”lardan biri beş uşaqlı Firəngizə də çatmışdı. O gün dünya çox mənasız görünmüşdü ona. 41 yaşlı ömür-gün yoldaşı Faiqin faciəsindən qıy vurub ərşə çatacaq bir fəryadla ağlamaq, saçlarını yolub yelə vermək istəmişdi. Amma, böyüyünün 12, kiçiyinin 3 yaşı olan balalarının qəlbini qana döndərmək istəməmişdi. El ağsaqqalı qaynatası Zülfüqardan, Əməkdar müəllim, Lenin ordenli qaynı Əhmədəlidən, qardaşı Cəbrayıldan həya etmişdi. Dərdinə bürünüb yaxın keçmişini xatırladı. Cəmisi 1 il 9 ay idi ki, Faiqi cəbhəyə yola salmışdı. Daha doğrusu, 12.01.1942-ci il tarixdə 16-17 yaşlı yeniyetmələrin də yaşları artırılaraq bir gündə Tircandan 72 nəfərin cəbhəyə səfərbər edilməsi, Faiqin ürəyincə olmamışdı. Komisarlıqda siyahını oxuyan zabit :“Kənddə başı papaqlı adam qaldımı?”- deyib, başına “molodes” tumarı alacağına güman edən kənd soveti sədrini acı-acı məzəmmət etmişdi. O gündən Faiq vicdan əzabından özünə yer tapa bilmirdi. Düz bir ay keçmiş kənddən daha 35 nəfər cəbhələrə göndərilir. Faiqin adı bu siyahıda birinci olur.

Faiq cəbhədən yazdığı məktublarında Firəngizə uşaqlardan muğayət olmasını dönə-dönə tapşırardı. Digər məktublarında isə, taktiki və döyüş meydanlarında göstərdiyi şücayətlərinə görə ona zabit rütbəsi verildiyini və vzvod komandirliyinə irəli çəkildiyini bildirirdi. Firəngiz uşaqlarının gözündə atalarını o qədər böyütmüşdü ki, onlar bütün cəbhə boyu qazanılan hər cür uğurları atalarının adı ilə bağlayırdılar. Bundan əlavə, cəbhəyə getməzdən əvvəl də Faiq kənddə-kəsəkdə, tay-tuşları arasında sayılıb seçilənlərdən biri olmuşdur. Onun fitri rəssamlıq qabiliyyəti, aktyorluq məharəti, zərb alətlərində oynaq, ritmik havalar ifa etmək bacarığı vardı.

Cücə səbət altda qalmaz”, -demişlər, atalar. Hər bir dərdə məlhəm olan zaman, müəyyən dövrdən sonra insana ən ağır, ən dözülməz dərdləri unutdurur. Ərinin itkisindən sonra 5 azyaşlı uşaqla çıxılmaz vəziyyətdə qalan gənc qadın, bir olan Allaha pənah gətirir. Ağlamır, sıtqımır, göynəmir. Övladlarına düzgün tərbiyə verir, doğru yola istiqamətləndirir. Ailənin ilk övladı və böyük oğlu olan Nazim, arxa cəbhədə qalan anasına hər bir işdə yaxın dost, əvəzsiz yardımçı olur. Kolxozda çalışır, ot biçir, taya qoyur, başşaq yığır, dərz bağlayır, anbara taxıl daşıyır. Həddi-büluğa çatanda Bakıya gedib fəhləlik edir, neft sənayesi həmkarlar təşkilatı sistemində nüfuzlu işçilərdən biri olur. Özündən kiçik qardaşı Yaşarın oxuyub ali təhsil almasına səbəbkar olur. O, 1951-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna kənddən daxil olan ilk gənclərdən biri olur. Sonrakı illərdə vəzifə pillələrində yüksələrək, Respublika Maaliyyə Nazirliyində şöbə müdiri vəzifəsinədək yüksəlir. Ailənin qızları Elmira, Zəminə, Almas qızlar bulağından su içər-içməz, hərəsi bir ailənin xoşbəxt gəlinləri olurlar. Nazim də, Yaşar da zamanında ailə səadətinə yüksəlirlər. Nazim ədəb nümunəsi dayısı qızı Əzizə, Yaşar isə xalasının tövsiyəsilə qəlbə yatan qonşu qızı Ünzilə ilə ailə qururlar. Allah hər iki qardaşa eyni ölçüdə, eyni sayda, eyni tərkibdə pay verir: 3 qız, 1 oğul. Firəngiz xanımın nəvə-nəticələri artdıqca, kədər və zəhmətin çöhrəsində iz buraxdığı qırışlar da açılır, çöhrəsi ilk baharda olduğu kimi ayazılaşırdı. O, nəvələrinin toy şənliklərində Faiqin ona aldığı, daim boxçada saxladığı, toydan-toya geydiyi 18 taxtalı, zərli-zibalı, baftalı, büzməli gəlinlik paltarını geyinər, xanım-xatın sındırmalarla, ağır-ağır ölçülərlə, ləngər vura-vura rəqs edərdi. Şabaşlar başından yağardı. Şırıqqalar ara verməzdi. El məşhuru kalvalı Ustad Əli qara zurnaya dəm verib könülləri oxşayardı, əmisi qızına xoş olsun deyə, nağaraçı Hümbət çaş gözlərini əyib çırtma-qavalı ilə yerində dingildəyərdi…

El arasında tez-tez işlədilən belə bir ifadə var: “Əldə barmaqların beşi də bir deyil”. Fəlsəfi mənaca bu misalı hər sahəyə tətbiq etmək olar. Ailədə Yaşar xüsusi əlamətləri ilə o biri uşaqlardan fərqlənərdi. O, az danışan, qaraqabaq, tənhalığı sevən bir insan idı. Sonradan onun bu halının nədən yarandığını biləndə, Yaşara çox adam haqq qazandırdı..

İstər uşaq, istər yeniyetmə, istərsə də tələbə olduğu vaxtlar atasızlıqdan əziyyət çəkən Yaşar, həmişə özünü qanadı sınmış quş kimi hesab edərdi. Ağlı söz kəsəndən bu dərdi özünə yük edib, daima fikirli gəzərdi. Sonra ata axtarışına çıxdı. Nəhayət, 1976-cı ildə, Yaşar 43 yaşında olanda, SSRİ Müdafiə Nazirliynin Podolsk şəhərindəki arxiv idarəsindən ona bir məktub gəlir. Məktubda göstərilirdi: ”Atanız Məmmədov Faiq Zülfüqar oğlu 1943-cü il noyabrın 30-da Belarusiya SSRİ-nin Mogilyov vilayətinin Çous rayonunun Antonovka sovetliyinin Lapen kəndi uğrunda gedən döyüşlərdə həlak olubdur. Məzarı Antonovka kəndindəki partizanlar qəbiristanlığındadır.”

Yaşar imkansızlıqdan atasının uyuduğu məzarlığı yalnız 2003-cü ilin iyulunda ziyarət edə bildi. Onda Yaşar 70 yaşını haqlamışdı. O, Antonovka qardaşlıq məzarlığının mərmər lövhəsində atasının adı ilə bir çox el oğullarının da adlarının olduğunu deyərdi. Həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Aslan Fərhad oğlu Vəzirov da 2-ci Belarusiya cəbhəsində vuruşub. Müharibəni sağ-salamat başa vuranlardan olub. Şəkli Mogilyov şəhərinin “Fəxri döyüşçülər” muzeyinin görkəmli yerindən asılıb.

Yaşarın təqaüd yaşlarında atasının məzarını tapıb ziyarət etməsi, onun həyatında müsbətə doğru bir dönüş yaratdı. O, yükləndiyi bütün mənfi emosiyalardan xilas oldu. Ən uzaq qohumlarını belə axtarıb tapdı, ünsiyyət qurdu, gediş-gəliş etdi. Çoxları onun bu dərəcədə deyib-gülən olduğunu görəndə çox məəttəl qaldılar. Bir çox illər əvvəl, adını unutduğum bir mənbədən oxuduğum əhvalat yadıma düşdü. Oxumuşdum ki, günlərin birində İranda 32 il “letorgiya yuxusu” adlı xəstəliyə düçar olmuş bir qızın yeganə himayədarı olan anası ölür. Yas qurulur, gələnlərin hər biri vəfat etmiş şəxsin ümidsiz, kimsəsiz qoyub getdiyi dözülməz dərdini deyib ağlayır, qanlı göz yaşları axıdırlar. Birdən yasa gələnlər, qonşu çarpayıda uzanıb yatmış xəstə qızın göz bulaqlarında yaş damlalarının yığılıb qaldığını görürlər. Bir qədər də keçir xəstədə tərpəniş yaranır, daha sonra isə qızın əbədi olaraq ülvi ana məhəbbətindən mərhum olduğunu dərk etdiyindənmi, yoxsa bir möcüzədənmi, ucadan “Anaaa…!”- deyib, hönkürtü ilə ağlaması eşidilir… Mən Yaşarın halını o qıza bənzətdim.

Bu günlərdə Faiqin nəvəsi, Yaşarın qızı Səidə xanımla görüşdüm. O, babası haqda müxtəlif illərdə yazılan bir topa qəzet parçalarını mənə təqdim etdi. Onların arasında Belarusiya Müdafiə Nazirliyinin “Vo Slavu Rodinı” qəzetində podpolkovnik Sergey Petrovun “K otsu, pod Çausı. Poklonitsiya”, Müdafiə Nazirliyinin digər mərkəzi orqanı olan “Belarusskaya Voyennaya Qazeta”da Anastasiya Şinqelin “Vtoraya Rodina”, Mogilyov vilayətinin Çaus rayon qəzeti “İskra”da N.Kolesnikovanın “Vot i svidelis, otets”, “Çaus rayonunun tarixi və bu günü” adlı bülletenindən çıxarış, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin redaksiya heyətinin buraxdığı qəzetdə Qüdrət Piriyevin “Övlad borcu” başlıqlı məqlələləri toplanmışdır. Bu qəzetlərdə Tircanda anadan olmuş azəri türk oğlu, kiçik leytenant, Faiq Zülfüqar oğlu Məmmədovun Böyük Vətən müharibəsi illərində vətəndən çox-çox uzaqlarda – Belarusiyada, keçilməz Bryansk meşələrində göstərdiyi igidliklərdən bəhs edilir. Məqalələri oxuduqca qürrələnir və fərəh hissi keçirirsən.

Faiqin ailə səcərəsinin estafeti bu gün etibarlı əllərdədir. Həyat yoldaşı Firəngiz xanım, oğlanları Nazim, Yaşar xeyli vaxtdır dünyalarını dəyişsələr də, ailədəki abı-hava, vətənərvərlik, milli-mənəvi dəyərləri yaşatmaq, Abdullahlılar nəslinin 300 illik məzarlarını ziyarət edib dualar oxumaq həmişə bu ailənin diqqət mərkəzindədir. Yaşar, anası Firəngiz dünyasını dəyişəndən az sonra, onun yuxarıda adı çəkilən baftalı paltarını bir nadir eksponat olaraq, Lenin muzeyi kimi (indiki “Xalça” muzeyi) tanıdığımız muzeyə hədiyyə etmişdir. Ailənin nəvə-nəticələri tez-tez muzeyə gedib fərəhlə ona tamaşa edirlər. Başqa bir dəfə gedəndə isə, paltarın digər eksponatlarla birlikdə nümayiş etdirilməsi üçün Qətər Respublikasına aparıldığını demişdilər.

Abdullahlılar nəsli tarixən ziyalı olublar. Məhz buna görə də, 1837-ci ildə Qafqaza sürgün edilən böyük rus şairi M.Y.Lermontov Tiflisdə dostu M.F.Axundova Azərbaycan dilini, onun adət-ənənəsini öyrənmək istədiyini bildirdikdə o, İsmayıl bəy Qutqaşenlini ona qoşub əvvəlcə Şamaxıya, oradan da Tircana yönəltmişdi. Şair burada adı çəkilən nəslin davamçısı olan Abdullahın evində qalmış, qonağın şərəfinə məclis təşkil etmiş, yerli, məşhur Aşıq Oruc isə şairə “Aşıq Qərib” dastanını söyləmişdi…

Nəslin ziyalılıq ənənəsi bu gün də davam edir. Nazim özü zamanın çətinliklərindən oxuyub ali savad ala bilməsə də, övladlarına atalıq borcu olaraq ali təhsil verməyi bacardı. Böyük qızı Əcimə Pedaqoji, Sevda, Aynur İqtisadiyyat Univrsitetlərini, oğlu Sübhan Azərbaycan neft-kimya Akademiyasını bitirmişdir. O, həm də Birinci Qarabağ müharibəsinin iştirakçısı və veteranıdır.

Səidə xanım intelektual səviyyəli bir ziyalıdır. Əvvəlcə Bakının 308, indi isə 3 nömrəli məktəbində riyaziyyatdan dərs deyir. Vaxtilə AzTV-nin nəzdində rejissor Rahib Rəsulzadənin rəhbərliyi altında “Aynur” hazırcavablar klubunun kapitanı olmuşdur. Bacıları Ümidə İnşaat-Mühəndis, Yeganə Texniki, qardaşı Faiq isə Bakı Dövlət Universitetlərini bitirmişlər. Nəvə Faiqin qızı Könül, babası Faiqə çəkib. Çox istedadlı rəssamlıq məharəti var, dəfələrlə fərdi sərgiləri olubdur, Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil alır.

Səidə xanımın təşkilatçılıq qabiliyyəti var. Məktəbin ictimai həyatında fəal tirak edir. Vaxtının az olmasına baxmayaraq, qohumlarla daim ünsiyyətdədir, tez-tez ata yurdu Tircana gəlir. Qadın olmasına baxmayaraq kişi cüssəsinə görə əmisi oğlanları Hikmət, İnqilab, Sübhan, Nizami, qardaşı Faiq və başqaları Səidə xanımı özlərinə ağsaqqal bilib, daim onunla məsləhətləşir, ondan xeyir-dua alırlar.

Hər bir şüurlu insan həyat yollarında nə qədər uğur qazansa da, gərək keçmişini unutmasın. Keçmişini unudan tarixini unudur, nəslini, mənsubiyyətini, mənliyini, milliyyətini unudur. Bu unutqanlıq tədricən inkişaf edib ata-ana unutqanlığına, vətənə xəyanətə çevrilir. Allah bizi bu duyğulardan hifz etsin.

Nəvə Faiq Yaşaroğlu, görüşümüz zamanı mənə bir arzusunu bildirdi: ”Kaş Rus-Ukrayna müharibəsi tez sona yetəydi, gözü yolda qalan babamın məzarını ziyarət edə biləydim”, – dedi.

Vaqif Məmmədov,

jurnalist-publisist

Tircan kəndi

Şərh Yaz