İllər öz işini görür, mən də öz işimi…

Müdriklik və qocalıq eyni zirvədir. Hamı bu zirvəyə can atır, dünyanın hikmətini özündə yaşadan müdrikliyə yetişmək üçün. Bu istək isə hamıya nəsib olmur. Üstəlik, zirvəyə qalxmaqdan orada duruş gətirmək çətindir. Tarix və yaddaşımız bu fikri yetərincə təsdiqləyib.

Haqqında söz açmaq istədiyim müdrik çox çətinliklər görmüş, zəhmətkeşliyi, ciddiliyi və xeyirxahlığı ilə ad-san qazanmış, sadə, sevilib-seçilən Hüseyn Qurban oğlu Vəliyevdir.

Bu gün hamının Hüseyn baba deyə müraciət edib, əzizlədiyi bu hörmətli insan 1937-ci ildə, bağlı-bağatlı, füsunkar gözəlliklərə malik məkanlarımızdan olan Cülyan kəndində anadan olub. Kənd məktəbinin birinci sinfini bitirdikdən sonra ailəsi Xanagah kəndində məskunlaşıb. O, burada ibtidai təhsilini başa vurub. Məktəbli Hüseyn V sinfi Göyçay rayonunun Qarabaqqal, VI-VII sinifləri isə doğma rayonun Qalınçaq kəndində bitirməli olub. Bütün bu yerdəyişmələr əslində ailənin, eləcə də yeniyetmə Hüseynin üzləşdiyi çətinliklərdən irəli gəlib.

1954-cü ildə Şəkidəki texniki peşə məktəbinə üz tutub. O zamanın ən arzulanan sənətlərindən olan kənd təsərrüfatı texnikalarının təmiri ustası və traktorçu olmaq üçün səylərini səfərbər edib, bu təhsil ocağını əla qiymətlərlə bitirib.

H.Vəliyev vaxt itirmədən İsmayıllı Rayon Kənd Təsərrüfatı Birliyində sevimli, gərəkli peşəsi ilə əmək fəaliyyətinə başlayıb. 1958-ci ildə ailə sevib-seçdiyi Gülayət xanımla ailə həyatı qurub. Bugünə qədər yaşadığı çoxuşaqlı, ruzili-bərəkətli, qonaq-qaralı evin bünövrəsini isə Talıstan kəndində qoyub.

Ailəli olsa da 1959-cu ildə hərbi gidmətə çağırılır. Hərbi borcunu verdikdən sonra İsmayıllı Meşə-Sənaye Kombinatında traktorçu kimi işə başlayır. Gənclik enerjisinin tam gücü ilə çalışan H.Vəliyev çox keçmədən “Meşə təsərrüfatı əlaçısı” döş nişanı ilə təltif olunur. İşdə peşəkarlıq nümayiş etdirən bu yorulmaz, zəhmətkeş insan hər gününü yeni bir uğurla başa vurur. Qiyabi yolla orta təhsilini başa çatdırır. O vaxt üçün önəmli sayılan kommunist partiyası sıralarına daxil olur. Rayon Partiya Komitəsinin büro üzvü seçilir, rayon, respublika səviyyəli çoxsaylı tədbirlərdə iştirak edir. Əldə etdiyi yüksək əmək göstəricilərinə görə “Qırmızı əmək bayrağı”, “Xalqlar dostluğu” ordenləri, “Əmək veteranı”, neçə-neçə yarış qalibi medalları, Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunur. Adı çəkilən və çəkilməyən uğurlar onun gərgin və fasiləsiz əməyinin bəhrəsidir.

Rayondakı Meşə-Sənaye Kombinatının işi dayandırıldıqda Hüseyn Vəliyev əmək fəaliyyətini 38 nömrəli Yol İstismar İdarəsində davam etdirib. Bu idarədə “dəmir at”ının “yüyən”ini 24 il əlində möhkəm saxlayıb. Rayon ərazisində yolların çəkilməsi və abadlaşdırılması işinə sözün həqiqi mənasında can qoyub. Qədim Lahıc qəsəbəsinə çəkilən yolda, dağ kəndləri arasındakı yollarda böyük zəhmət payı var bu əməksevər insanın. Yol çəkməyin xeyirxah iş olduğunu bilən Hüseyn kişi müasir texnikaların “ayaq açmasıüçün Müdri, Müdürsə, Vaşa, Pirəqanım, Nanıc kəndlərinə, anadan olduğu Cülyana, digər kəndlərə rahat yollar çəkib, bu xeyirxahlığı, əməksevərliyi ilə bütün dağ camaatının dərin hörmətini qazanıb. Çəkdiyi zəhmət yüksək səviyyəsində dəyərləndirilib. 1990-cı ildə Əməkdar inşaatçı fəxri adına layiq görülüb.

İndi – ömrün 85-ci payızından geriyə – keçib gəldiyi yollara da fəxrlə boylanır, mənalı ötən illərdən fəxrlə söz açır:

İllər öz işini görür, mən də öz işimi. Ağlım kəsəndən bugünə kimi hər günümü faydalı əməyə sərf etmişəm. Əməyə, torpağa, öz gücümə arxalanmışam. Düzlüyü, halallığı mayak bilib yol getmişəm. Zəhmətim hər zaman dəyərləndirilib. Bu da məni daha çalışqan olmağa ruhlandırıb. Dəfələrlə yerli sovetin deputatı olmuşam, Qurultaya nümayəndə seçilmişəm. İttifaq əhəmiyyətli tədbirlərdə Azərbaycanı təmsil etmişəm. Ulu öndərin çıxış etdiyi böyük tədbirlərin iştirakçısı olmuşam. Onun tövsiyələrini dinləyib, arzularının gerçəkləşməsinə çalışmışam. Qazandığım uğurlar istiqamətini Ümummilli liderin siyasi kursundan, vətənsevərliyindən alıb. Ayaqda dura bilməyimdə torpağa, əldə etdiyim nailiyyətlərə görə Ulu öndər ideyalarına borcluyam.

İllər ömrümüzdən tökülən yarpaqlar kimidir. Zaman mənasız ötən illəri ora-bura sovurub yox edir. Mənalı ötən illər isə mənalı ömür yaşayanları qocaltdıqca ucaldır. Hörmətli, sevimli edir. Elə Hüseyn babanı el gözündə ucaltdığı kimi. Bu sevilən insanın ömür kitabına yazılanlar, zəhmət, sadəlik, yorulmazlıq, xeyirxahlıq və halallıqdır. Onu gümrah saxlayan da elə bu keyfiyyətləridir. Yalanı, qeybəti, kini sevməyən insandır Hüseyn baba. Milli-mənəvi dəyərlərimizin etalonu, təbliğatçısı və mühafizəçisidir. Milli birliyimizin gücləndiyi son vaxtlarda xalqın bu keyfiyyətindən qürur duyduğunu deyir. Bir ağsaqqal kimi xalq-dövlət birliyinin gücündən bütün məclislərdə danışır. Xalqı cənab Prezident ətrafında daha da sıx birləşməyə dəvət edir. Fəxrlə Möhtərəm Prezidentimizin “ Dəmir yumruq” siyasətindən güc aldığını deyir. Butün bunlar onun necə möhkəm yurdsevər vətəndaş olmasından xəbər verir. Onun Vətənə məhəbbət hissi böyük və mehriban ailəsinə olan sevgisindən qaynaqlanır.

Bir az əvvəldə H.Vəliyevin 1958-ci ildə ailə həyatı qurduğunu qeyd etmişdim. Deməli, bu il bir xoşbəxt ailənin qurulmasının 64-cü ilidir. Nədənsə, bir qayda olaraq zəhmətə ürəkdən bağlanan insanların böyük ailəsi olur. Əslində, bunun özü də bir zəhmətkeşlik, bir hünərdir. Hüseyn-Gülayət məhəbbətindən on iki övlad dünyaya göz açıb. Bu ailədə ana da, ata da qəhrəmandır. Övladlardan üçü dünyasını dəyişib. Bu acıları yaşamaq da onların qismət payıdır. Hazırda altı oğul və üç qızları öz ailələrinin qayğısını çəkir, halal zəhmətləri ilə xalqa xidmət edirlər…

Hüseyn Vəliyev üçün ailə və iş ayrılmaz anlayışlardır. Çünki böyük ailəni yalnız böyük zəhmət hesabına dolandırmaq mümkündür. Onda olan əməksevərlik, yorulmazlıq övladlarına da sirayət edib. Hər birinin eldə-obada, dost-tanış, qohum-əqrəba yanında dərin hörməti var. Övladlarının səmimi, zəhmətkeş olması ata-ana üçün böyük fərəhdir.

Bu yerə qədər Hüseyn kişi haqqında öyrənə bildiklərimin bir hissəsini sizlərə çatdırdım. Fikirləşdim ki, onunla oturub-duranlarin da fikirlərini yazıya əlavə etmək yerinə düşər:

Öz həmkəndlisi Sədiyar Babayevin Hüseyn kişi haqqında dediklərindən:

– 50 ilə yaxındır ki, dostluq, yoldaşlıq edir, bir yerdə çalışırıq. Xeyirxah, nəcib adamlar çalışdıqları kollektivi yaşlanma səbəbindən tərk etsələr də, kollektivin fəxri üzvü kimi, sevilir, xatırlanırlar. Hüseyn kişi belələrindəndir. Onunla bir dost, bir iş yoldaşı kimi çox zaman bir yerdə olmuşuq. Çöl işləri zamanı süfrəmiz bir olub. Uzun müddət dostlar kimi çörək kəsmişik. Adi traktorçu olmasına baxmayaraq, həmişə sözü eşidilən təşkilatçı olub. Dostluqda sədaqətli, fikir bölünməsində ədalətli, dost yolunda xərcləməkdə olduqca səxavətlidir. Bu cəhətləri onun böyük ürək sahibi olmasının əyani sübutudur. Övladlarına görə özünü oda-közə vurandır. Xasiyyətdə – işgüzarlıqda, səmimiyyətdə onlar da atalarına çəkiblər. Hüseyn onların uğurlarından sanki güc alır. İşdə hamıya, hətta özünə qarşı da tələbkardır. Gördüyü işi başa çatdırmaqdan rahatlıq duyur. Dostcanlıdır, çörəkverən kişidir, Allah 100 yaşını görməyi nəsib etsin…

Haqqında bildiklərimdən əlavə marağında olduğum bəzi məqamlar barədə Hüseyn babadan bilgilər əldə etmək fikri ilə:

Üzürlü sayın, ailə quranda sevgiyə üstünlük verdiniz, yoxsa seçimə?

– Düzünü desəm yaxşıdır. Seçib sevdim. Gözəlliyi ilə yanaşı, ədəbli olsun, zəhmətdən qorxmasın, gözü əlinə baxsın. Təəssüf, indi bu meyarların çoxu arxa plana keçib. Boşanmalar artmaqdadır. Heç kəsi günahlandırmıram. Amma ailələr böyük olanda bu problemlər olduqca kiçik idi. Hamını süfrəsi, balaları maraqlandırırdı. Hər kiçik söz böyüdülməzdi. Ağsaqqaldan, ağbirçəkdən həyalanardıq, el qınağından çəkinərdik. Ər kimi yoldaşımın, ata kimi uşaqların, baba kimi nəvələrin qəlbini qırmamışam. Səhvləri olanda, səmimi halda danlamışam, nəsihət vermişəm. Evdə, ailədə hər şey ola bilir. Güzəştə getməyi bacarmaq lazımdır. Qəlb qırmaq günahdır. O da öz yaxınlarının, əzizlərinin qəlbi ola. Sınıq, yaralı ürəklə bərabər yaşamaq, işləmək, bir süfrə başında oturmaq çətin olur. Bu çətinliyə gərək əvvəldən qapı açmayasan.

Əslində, ağlım kəsəndən işləyirəm. Amma əmək kitabçası ilə arxada qoyduğum 63 ildə düşündüklərim, dediklərim işimin əsası olub.

Oğlanlarımızın hamısı yetərincə təhsil alıb. Özlərindən, işlərindən razıyam. Qızlarımız ailələrində ev-eşik sahibidirlər. Şükürlər olsun, bu günə qədər başımızı uca, üzümüzü ağ ediblər. İnşallah, balalarından görərlər. Düzü, mən əksər hallarda çöl-bayır işində olduğumdan balaların tərbiyəsi ilə anaları daha çox məşğul olub. Şükürlər olsun, övladlar sarıdan zəhmətimiz itməyib. Bu olduqca böyük rahatlıqdır. Bəlkə də bizi gümrah saxlayan elə bu hissi yaşamağımızdır.

– Yaşınızın bu çağında asudə vaxtın bölgüsünü aparmaq çətinlik yaratmır ki?

Ən çətin işləri görə-görə bu yaşa gəlib çatmışam. Qorxu nə olduğunu bilmək də sanki heç mənlik olmayıb. Tez-tez balalarıma baş çəkirəm. Mənim üçün darıxdıqlarını duysam, özüm narahat olaram. Ata, baba sevgisindən əlavə məndən ən çox ala bildikləri də öyüd-nəsihətdir. Salam-kəlam etdiyim dostları darıxmağa qoymuram. Vaxtaşırı bərabər, çay içə-içə nərd, domino oynayırıq. Bu oyunlar görüşməyimiz, bir-birinin əhvalından xəbərdar olmaq üçün bir bəhanədir. Vaxtında çəkdiyim zəhmət, insanlarla qurduğum səmimi münasibət üzündən el içində üzüağ gəzirəm.

Hüseyn Vəliyevin həyatı qalın bir kitabdır. Onun müəyyən vərəqlərində, yaşanmış bəzi qeydləri diqqətə çatdırmaq mənə nəsib olduğundan xeyli qürur duydum.

Hacıməmməd Məmmədov

Şərh Yaz