Eldən getdiyini sübut edən oğul

Dağlar əzəmətlidir” – deyirlər. “Dağlar əzəmətli görünür” də deyirlər. Bəs bu dağlar əzəməti, məğrurluğu, qüruru, vüqarı haradan alır? Deyərdim ki, dağ vüqarlı analardan. O analardan ki, dünyaya nər, igid oğullar gətirib və o oğullar da qəhrəmanlığı o analardan alıb. Dağ vüqarlı, dağ əzəmətli analardan. İgidlik lap ana bətnində olanda qanla, canla, nəfəslə keçib o oğullara. Sənubər ana və onun igid oğlu Elnur bu müqayisəmdə bir nümunədir.

Bəli, Sənubər müəllimi çoxdan tanıyıram, lap çoxdan – 1989-cu ildən. O, həmişə ciddi, ciddi olduğu qədər də səmimi, ədalətli, məğrur, vüqarlı, zabitəli – ziyalı bir qadındır. Elə bu məziyyətlərinin təzahürüdür bu gün oğlu Elnurun dastanlara sığmayan qəhrəmanlığı.

11 mart 1988-ci ildə anadan olub. Uşaq vaxtı uşaqlıq edib, məktəb illərində kitaba, dəftərə, məktəbə bağlanıb. Lap balacalıqdan Vətənə sevgi, torpağa məhəbbət, düşmənə nifrət hissi ilə böyüyüb Elnur.

Vətən bədnam qonşularımız tərəfindən təcavüzə məruz qaldığı zamandan qəlbi hərbçi olmaq, əsarətdə olan torpaqlarımızı azad etmək arzusu ilə alışıb yanırdı.

2005-ci ildə orta məktəbi bitirən Elnur Sumqayıt Dövlət Universitetinin energetika fakültəsinə qəbul olundu. Tələbəlik illəri də bir göz qırpımında getdi. Ürəyinin hökmü ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Təlim kursuna daxil oldu. Burada da fərqləndi. Əzmkarlığı, məsuliyyəti, hər işə diqqətlə yanaşması onu hər kəsə sevdirdi.

İllər beləcə keçir. Əvvəl Aprel döyüşlərində, sonra isə 2020-ci ildə cəbhə boyu gedən bütün döyüşlərdə qəhrəmanlıq, şücaət göstərir. Aldığı orden və medallar onun necə qorxmaz, mübariz bir döyüşçü olmasının əyani sübutudur.

Elnur Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə

Azərbaycan bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,

Qubadlının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Hadrutun azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Sentyabr ayının 12-si gecə, 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı zamanı döyüşə atılanlar sırasında Elnur da vardı. Amansız döyüşdə şəhadətə ucalmaqla o, təkcə bir evdən, bir ocaqdan deyil, eldən getdiyini sübut etdi və xalqımızın, elimizin qəlbində əbədi məskən saldı.

Təranə Məmmədova,

A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz