Sağlam bədən, sağlam ruh

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2 sentyabr 2022-ci il tarixində İsmayıllı Olimpiya İdman Kompleksində gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib.

Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi və onların daxili işlər orqanlarında, Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarət olub.

Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məsul işçisi polis polkovnik-leytenantı Etibar Hacıyev, İsmayıllı rayon Gənclər və İdman idarəsini rəisi Taleh Salehov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə köməkçisi Nicat Şəmdilli və məsul əməkdaşları, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Xamis Bədəlov, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edib.

Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.

Çıxış edənlər Dövlət başçısı tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Daha sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin solistlərinin ifasında gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində musiqi nömrələri göstərilib.

Yarışda iştirak edən 50 nəfərə yaxın gənclər yarışların proqramında müəyyən olunmuş marşurut üzrə 3000 m məsafəyə kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər.

Yarışın sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Rəvanə Firudunli

Şərh Yaz