Prezidentin regionlara səfəri xalqa xidmətin təzahürüdür
Əsrarəngiz təbiəti, qədim tarixi və mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq mərkəzlərindən biridir.
Avqust ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni istifadəyə verilən “Basqal Resort və Spa” otelinin açılışında iştirak etdilər.
Səfər zamanı Prezident və xanımı görülən işlərlə yerindəcə tanış oldular. Basqal səfəri zamanı İlham Əliyev: “Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, bu səfərlər həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün olur. Gedən işlərə özüm nəzarət edirəm. Bu gün İsmayıllı-Ağsu rayonlarına səfərim də burda görülmüş işlərlə tanış olmaqdır. Hər iki rayonda infrastruktur layihələri icra edilir. Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır.Bu otelin inşa edilməsi, bir çox insanların işlə təmin olunması deməkdir.
Ölkə Başçımızın regionlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafında daha da sürətlənmə nəzərə çarpır. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində göstərişlər verilir.
Basqal səfəri zamanı Prezidentimiz Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub. O, öz çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Sonuncu “Qisas”əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir.
Sonda cənab İlham Əliyev bildirdi ki, “Mən gələcəyə nikbinliklə baxıram. Bir daha demək istəyirəm ki, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın. Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.
“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” vədini ölkə prezidenti İlham Əliyev atdığı addımlarla, bütün fəaliyyəti ilə göstərir.
Səkinə Qubatova,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin fransız dili müəllimi