28 iyul onun günüdür

28 iyul 2022-ci il tarixdə İsmayıllının Şəhidlər xiyabanında uyuyan Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun doğum günü məzarı yanında anılıb. Anım mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının əməkdaşları, şəhid anaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər şəhidin qısa, şərəfli həyat yolundan danışmış, Ermənistan silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızdan qovulmasında Cəmil və onun kimi Vətən oğullarının göstərdikləri fədakarlıqdan bəhs etmişlər. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə həm də şəhidlərimizin döyüşlərə atıldıqları ilk gündən daşıdıqları amalın, Vətən sevgisinin nəticəsi idi. İllər ötəcək, lakin şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq.

Daha sonra anım mərasimi şəhid Cəmil Məmmədlinin şərəfinə inşa edilmiş bulaq kompleksinin qarşısında davam etdi. Mərasimdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidlərin ailə üzvlərinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə I Qarabağ müharibəsi şəhidlərinin qanlarının yerdə qalmadığını qeyd edib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

Şərh Yaz