İctimai Şuranın iclası keçirilib

Şura üzvlərinin iştirakı ilə keçirilən iclasda görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, İctimai Şura fəaliyyət göstərdiyi gündən vətəndaşların maarifləndirilməsi, bir sıra məsələlərdə rəy və təkliflərinin öyrənilməsini diqqət mərkəzində saxlayır. Qeyd olunub ki, Şura üzvləri tərəfindən rayonun şəhər, qəsəbə və kənd ərazilərində təmizlik, məişət tullantılarının yığılıb daşınması, küçələrin asfaltlanması, abadlıq işlərinin görülməsi üçün təkliflər hazırlanaraq müvafiq təşkilatlara verilib.

Nəzərə çatdırılıb ki, hesabat dövrü ərzində Şuraya vətəndaşlardan 6 müraciət daxil olub. İctimai Şuraya daxil olan müraciət əsasında “Azərişıq” qarşısında məsələ qaldırılaraq İsmayıllı şəhərinin 30 A məhəlləsində yaşayan sakinlərin işıq probleminin həlli reallaşdırılıb. İclasda diqqətə çatdırılıb ki, Şuraya daxil olan əsas müraciətlərdən biri də, sahibsiz heyvanlarla bağlı müvafiq tədbirlərin görülməsi olub. Bildirilib ki, məsələ ilə əlaqədar İcra Hakimiyyətinə sığınacaq tikilməsi haqqında təkliflər verilib. Hal-hazırda sahibsiz heyvanlar üçün Məişət tullantıları poliqonunda sığınacağın tikintisinə başlanılıb.

İctimai Şuranın üzvü Arzu Mirzəyevanın təşəbbüsü ilə ABŞ-nın Azərbaycanda həyata keçirdiyi USAİD (özəl sektorunun inkişafı) layihəsi üzrə “Arzu Qadın İnkişaf Qrupu”na meyvə qurutma sexinin avadanlıqları verilib və 20 nəfər qadın işlə təmin olunub.

İclasda həmçinin bir sıra həlli vacib məsələr müzakirə olunub, digər məsələlərlə bağlı təkliflər dinlənilib. Müzakirə olunan məsələlər sırasında bazar ətrafında təmizliyə nəzarət olunması, xüsusilə bazar günlərində nəqliyyatın tənzimlənməsi məsələsi də yer alıb.

İclasda həmçinin İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi, dövlət siyasətinin formalaşması və həyata keçirilməsi üçün tədbir və təkliflərin davamlı şəkildə diqqətdə saxlanacağına ehtiyac olduğu qeyd olunub.

Şərh Yaz