Şəhidin 60 illiyi qeyd olunub

İsmayıllı rayonunun Buynuz kəndindən olan I Qarabağ müharibəsi şəhidi Ocaqov Rəhman Şükür oğlunun 60 illiyi qeyd olunub.
Mərasimdə RİN-nin əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, kənd sakinləri, şəhidin adını daşıyan Buynuz kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə iştirakçılar şəhid Rəhman Ocaqovun Buynuz kənd qəbirstanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar ediblər.
RİH başçısının müavini Sevil Əhmədova şəhidin ailə üzvlərinə başsağlığı verərək, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhunun şad olduğunu deyib. Bildirib ki, uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən işğaldan azad olunub. Onun şəhid olduğu Ağdam rayonunda indi Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Vətən uğrunda rəşadətlə vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.
Mərasimdə Şəhidin nəvələri və məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.
Daha sonra iştirakçılar şəhid Rəhman Ocaqovun adını daşıyan Buynuz kənd tam orta məktəbində şəhidin xatirəsinə həsr olunmuş fotostendə baxıb, şəhidlə bağlı xatirələrini bölüşüblər.