Özü gedir, sözü qalır şairin

***

Hər kimin kim, məclisi-meyxanərə mey yarıdır,

Mey onundur, ol meyin, çün mey onun meyarıdır.

Yüz çiçəkdən bir şirə çəkməkdəsə zənbur əgər,

Əhli-dilçün bal nədir, candan şirin mey arıdır.

Dərdimiz biçarədir, dostlar yarıtmır çox zaman,

Ən çətin, müşkül düyünlərdən keçən mey yarıdır.

Qədr ilə miqdarı kim bilmir, haram olsub şərab!

Kim demiş, napak ona, səhv eləmiş – mey aridir.

Layiqa! Mehmanını xürrəm dilər ev sahibi,

Mey halal olsun sənə, iç! Keyf elə, mey yarıdır!

***

Ən böyük dövlət – ağıldır, ta əzəldan var – dil,

Bir qoşun timsalı – sözdür, pəhləvan sərdar – dil!

Düz danışmaqdan gözəl xislət tapılmaz dəhrdə,

Ağ yalanlardan yanıb hər dəm fəqət bidar dil!

-Can! – deməkçin cana candan əskik olmaz qədri-can,

Əhli təmkin olsa hər kim, yar olar əğyar dil!

Ram edər insanı xoş söhbət, şirin məntiq, nitq,

Vay o gündən kim, desinlər zəhrimardır, mar dil!

Qəlbi sındırmaq cinayətdir, kobud olmaqsa pis,

Çox “mənəm-mən” sahibin dil xar edibdir, xar dil!

Sən özün bir pay götür, Layiq, nəsihətdən eşit;

Qiyməti – işdir mərifət əhlinin, meyar – dil!

Hüseyn Layiq,

Hacıqabul Qeyd: İmzanı qara çərçivəyə almaq – ölüb)

İstər

Ürəyimin halına bax,

Buludlardan duvaq istər.

Nə şümşad əl, şümşad ayaq,

Nə də bəyaz buxaq istər.

Çox sınayır zaman mərdi,

Dünya işi – xeyir-şərdi.

Kimi sevir qəmi, dərdi,

Kimi kefi-damaq istər.

Köçüm köçə qarışmadı,

Taleyimdən kar aşmadı.

Ömür ki var, yaraşmadı,

Mənzilimi uzaq istər.

Varmı dərdin öz əlacı,

Hicran şirin, vüsal acı.

Könlüm zülmün bad-xəracı,

Sümüyümü torpaq istər.

Sayad İbrahim

Qurbanəfəndi Qeyd: İmzanı qara çərçivəyə almaq – ölüb)

Şərh Yaz